Siyasi məhbus hesab edilən iki şəxs azadlığa çıxıb

  • 28 fev 2018, 10:52

İki nəfərin adı "siyasi məhbus" siyahısından çıxarılıb. Onlar Aydın Səfərli və Sirac Rəhimovdur. Məsələ ilə bağlı BBC Azərbaycancaya Siyasi Məhbusların Müdafiə Mərkəzi əməkdaşı Taleh Xasməmmədov məlumat verib.

Onun sözlərinə görə, "hər iki məhbus həbs müddətlərini başa vuraraq azadlığa çıxıb, onlar vaxtından əvvəl buraxılmayıb və yaxud cəza şəraitləri dəyişdirilməyib".

Taleh Xasməmmədov deyib ki, "siyasi məhbuslardan Aydın Səfərli Siyəzən hadisələri zamanı həbs edilib və iki il cəza alıb, Sirac Rəhimov isə Mingəçevirdəki kütləvi etirazlarda saxlanılaraq iki il altı ay həbsə məhkum edilib".

Azərbaycan hökuməti dəfələrlə ölkədə siyasi məhbus olmadığını bildirib.

Mərkəzin təmsilçisi deyir ki, Aydın Səfərli fevralın 22-də, Sirac Rəhimov isə fevralın 25-də həbs müddətlərini başa vuraraq azadlığa çıxıblar.

Taleh Xasməmmədov onu da bildirib ki, "bu iki şəxsin adı siyasi məhbus siyahısından çıxarıldıqdan sonra hələ də siyahıya görə, Azərbaycanda 159 nəfər siyasi səbəbdən həbsdə olan insanlar qalmaqdadır".

Hüquq müdafiəçisi onu da deyib ki, "siyasi məhbus siyahısı yenilənir, azad olunanlar siyahıdan çıxarılır və hazırda həbsdə olan beş nəfər də monitorinq altındadır, ola bilsin ki, onlardan da kimlərinsə adı yaxın zamanda siyahıya əlavə edilsin".

2016-cı ilin yanvarında Siyəzəndə qiymət artımına görə etirazlar olub. İki gün davam edən kütləvi etirazlarda 55 nəfər saxlanıb. 2015-ci ilin avqustunda isə Mingəçevir şəhərində 27 yaşlı gəncin polis bölməsində ölümündən sonra etiraz nümayişi keçirilib.

Polis idarəsində intihar etdiyi bildirilən Bəhruz Hacıyevin yaxınları hadisədə polisin məsuliyyət daşıdığını deyiblər. Etirazlar zamanı 21 nəfər saxlanılıb (BBC).

Oxşar xəbərlər