Şahbaz Quliyev Şuşaya aparıldı
- 18 okt 2017, 14:29
Aidiyyəti beynəlxalq təşkilatlar tərəfindən Dövlət Komissiyasına verilmiş məlumata əsasən, 2014-cü ilin iyul ayında Ermənistan silahlı birləşmələri tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş Kəlbəcər rayonunun ərazisində girov götürülmüş və separatçı Dağlıq Qarabağ rejiminin qeyri-qanuni məhkəməsi tərəfindən azadlıqdan məhrum edilmiş Quliyev Şahbaz Cəlal oğlu cari ilin avqust ayında müayinə məqsədilə aparıldığı Ermənistan Respublikasının İrəvandan əvvəlki saxlanma yerinə geri qaytarılıb. Saxlanma yerinə qaytarılma prosesi 2017-ci il oktyabrın 16-da həyata keçirilib.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildiriblər ki, məlumata əsasən, zəruri müayinə prosedurlarını keçmiş Şahbaz Quliyevin səhhətində hər hansı problem aşkar edilməyib və sağlamlıq durumu normal vəziyyətdədir.
Ermənistan hərbçiləri tərəfindən girov götürülmüş Azərbaycan vətəndaşı Şahbaz Quliyev müayinə üçün İrəvana aparılarkən və saxlanma yerinə geri qaytarılarkən müvafiq prosedurlara uyğun olaraq, Dövlət Komissiyası məlumatlandırılıb.