Xəbər lenti
Bütün xəbərlər

"Lotu Quli"nin həbsdəki kirvəsi hakim qarşısına çıxarıldı

  • 26 iyul 2017, 14:06

"Lotu Quli"nin kirvəsinin məhkəməsi başlayıb.

Musavat.com xəbər verir ki, kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun kirvəsi Məhəbbət Namazov Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılıb. M.Namazovun cinayət işi üzrə məhkəmə prosesi hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutub.

Məhkəmədə prokuror ittiham aktını elan edib. Rəsmi ittihama görə, Məhəbbət Namazov 2016-cı ilin noyabrın 23-də Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə, onun avtomobilində "Makarov" tipli tapança və külli miqdarda narkotik vasitə aşkar olunub. İttihama görə, daha sonra Məhəbbət Namazovun Ağstafa rayonu Sadıxlı kəndində olan evində də axtarış aparılıb. Axtarış zamanı evdən xeyli miqdarda patron tapıldığı qeyd edilir.

Qeyd edək ki, Məhəbbət Namazov Cinayət Məcəlləsinin 228.2.2-ci (qanunsuz olaraq təkrar odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234.4.3 (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham edilir.

Məhkəmədə ittihama münasibət bildirən Məhəbbət Namazov ona qarşı irəli sürülən ittihamla özünü təqsirli bilməyib. Proses şahidlərin dindirilməsi ilə davam edəcək. Proses avqustun 2-də davam edəcək.

Xatırladaq ki, "Lotu Quli"nin yeznəsi Vidadi Hüseynov da həns edilmişdi. O da narkotik ittihamı ilə həns edilmişdi. Məhkəmənin qərarı ilə 1 il 6 ay cəza alan V.Hüseynov cəzasının 1 il 3 ayını çəkdiksən sonra bir neçə gün əvvəl azadlığa çıxıb. V.Hüseynov "Bulaq"restoranında silahlı qarşıdurmadan sonra həbs edilmişdi. Məhəbbət Namazov da eyni ərəfədə həbs edilib.

Bildirək ki, "Lotu Quli" 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir.

Oxşar xəbərlər