ANS-in arxivi oğurlandı - VİDEO
Bakı küçələrində ANS-in materiallarından qanunsuz
istifadə olunur
"Bakıda bəzi reklam lövhələrində ANS telekanalına məxsus videomaterialın yerləşdirilməsi
reklam, müəllifllik və əlaqəli hüquqlar haqqında qanunvericiliyin pozulmasıdır.
Çünki həmin reklam çarxında istifadə olunan materiallarda ANS-ə məxsusluğu ilə
bağlı heç nə qeyd edilməyib.” Bunu İstiPress-ə müsahibəsində ANS Şirkətlər
Qrupunun hüquqşunası Sevda Məhərrəmova Bakıda reklam lövhələrində Milli Qəhrəman
Albert Aqarunovun kadrlarının və videomüsahibəsinin yayılması ilə bağlı rəy
bildirərkən qeyd edib.
Onun sözlərinə görə, videomüsahibəni reklam lövhəsinə yerləşdirən şirkət müəlliflik
hüquqlarını pozub. Məsələ burasındadır ki, aprelin 22-dən etibarən Bakının müxtəlif
yerlərində quraşdırılan reklam lövhələrində Milli Qəhrəman Albert Aqarunovun
Qarabağ müharibəsi zamanı ANS telekanalına verdiyi müsahibə və kanalın cəkdiyi
digər kadrlar yayımlanır. Həmin müsahibəni ANS-in əməkdaşları Vahid Mustafayev
və Mir Şahin Qarabağ müharibəsini çəkərkən götürüb. Müsahibə ANS-in arxivində
saxlanılır. Reklam lövhəsindəki videonu orijinalı ilə müqayisə edərkən dəyişikliklərin
edildiyi, ANS-in loqotipinin kadrlardan çıxarıldığı görünür.
Sevda Məhərrəmova qeyd edir ki, Azərbaycan Respublikasının reklam haqqında
qanununda vurğulanır ki, müəlliflik hüquqlarından və əlaqəli hüquqlardan
qeyri-qanuni istifadə olunduqda bu, haqsız reklam sayılır və İnzibati Xətalar Məcəlləsinə
görə həmin fiziki və ya hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilə bilər.
Ümumiyyətlə, Müəllifliklə əlaqəli hüquqların pozulmasına görə Azərbaycan
Respublikası qanunvericiliyinə uyğun mülki, inzibati və cinayət məsuliyyəti nəzərdə
tutulur. İstiPress-in araşdırması nəticəsində məlum olub ki, reklam lövhəsindəki
çarx "Greenlight” MMC tərəfindən yerləşdirilib. Şirkətin satış departamentinin
direktoru Taleh Kərimov İstiPress-ə bildirdi ki, reklam lövhəsi Yəhudi
İcmasının xahişi əsasında hazırlanıb. "Əlbəttə ki, bu videomüsahibədən istifadə
edilərkən ANS MMYŞ-dən icazə alınmalı idi. Lakin həmin videonun ANS-ə aid
olduğunu bilmədik. Videoçarxı "Youtube” portalından götürərək istifadə etmişik.
Həmin kadrlarda isə heç bir loqotip olmayıb. Sadəcə olaraq reklamın yerləşdirilməsi
ilə bağlı Bakı şəhəri İcra Hakimiyyətinə (BŞİH) müraciət edildi və müsbət cavab
alındı. Bakının 10 yerində reklam lövhələrində yerləşdirildi.”, - deyə Taleh Kərimov
bildirdi.
BŞİH-in reklam və informasiya idarəsinin şöbə müdiri Zahid İsmayılov isə
İstiPress-ə bildirdi ki, BŞİH-ə heç bir müraciət edilməyib və bu, şirkətin öz təşəbbüsü
ilə həyata keçirilib. "Həmin reklam lövhələri şirkətə məxsusdur, bütün
materialları özləri yerləşdirir. Lakin onların yerləşdirdiyi bütün materiallar
reklam haqqında qanunun və digər qanunvericilik tələblərinə uyğun olmalıdır.
BŞİH isə məsələ ilə bağlı təcili tədbirlər görüb. Həmin videomüsahibə reklam
lövhələrindən yığışdırılıb”, - deyə Zahid İsmayılov bildirdi.