Növbədənkənar məğlubiyyət...

  • 25 fev 2020, 07:39
İlham İsmayıl

Son illər çox siyasi tədbirlər vaxtından əvvəl keçirilir. Prezident seçkiləri,  konstitusiya referendumları, parlament seçkiləri... Niyəsi, onu keçirməyə qərar verənlər üçün aydın olsa da, siyasi şərhçilər nə qədər həqiqətə yaxın, uzaq şərhlər, proqnozlar versələr də, xalq üçün cavab.., tapmaca kimidir və açığı, xalq bu işlərlə heç dərindən maraqlanmır da. Niyə də maraqlansın? İndiyədək vaxtında keçirilən seçkilər xalqa nə verib ki, növbədənkənar da.., nəsə versin. 

Xalqın boynu bükülü növbədə dayanan yeganə işinə isə.., yaxın gedən də yoxdur. 26 ildir ki, işğalda qalan vətən torpağı növbə gözləyir, amma hələ ona növbə çatmayıb və belə getsə heç çatmayacaq da. Sülh danışıqları adı altında üzü Lissabon sammitindən (az qala “Lissabonun sammit şəhəri” yazacaqdım) Madrid prinsiplərinə kimi baş aldadan sənədlər, “Cocuq Mərcanlı, Güngüt zəfərləri”,  Valday, Münhen kimi virtual qələbələr Qarabağa azadlıq gətirmədi. Yalnz nəyin harda və necə deyilməsi illərdir bayram etdirilir, amma Qarabağ erməni işğalındadır. Yəni, sözün əmələ çevrilməsi, ritorikadan işə keçməsi 27 ildir baş vermir. Və sual olunur: biz vətənimizi niyə azad edə bilmirik?
Sülh danışıqları aparılır və guya “ beynəlxalq şərait imkan vermir” ki, münaqişə hərbi yolla həll edilsin. Sülh danışıqlarının uğurla nəticələnməsi üçün hansı strateji siyasət yürüdülüb və ümumiyyətlə, Qarabağın azad edilməsinin neçə variantı işlənib? Qarabağ sülh danışıqlarının bu günə qədər fiaskoya uğramasının xüsusi sübuta ehtiyacı yoxdur. Hər şey göz önündədir və həm düşmənə, həm də dünya ictimaiyyətinə  hadisələrin başlanğıc dövrü - 1988-ci il üçün xarakterik olan tarixi faktları xatırlatmaq onu göstərir ki, biz 30 il əvvəl hansı səhvləri etmişiksə, indi də o səhvləri təkrar edirik. Paşinyan həqiqətən zəif, qeyri-peşəkar, xarizmasız lider təsiri bağışlayır və bunu yalnız biz yox, özləri də etiraf edirlər. Elə isə, bu məziyyətlərə sahib olan birinin başçılıq etdiyi ölkəyə nə sülh, nə hərb meydanında niyə qalib gələ bilmirik? 

Sülh danışıqlarındakı tərəfimizdən irəli sürülən mərhələli həll planı erməni daşına dirənib. Deməli, mərhələli hərb yoluna keçməliyik. Bütün gücümüzü toplayıb ildırımsürətli planla bir rayonu azad etməliyik. Bir təpəni yox, yaşayış məntəqəsini, işğal altında olan rayonlardan birinin mərkəzini tutmalıyıq. Fərqi yoxdur, bu klassik Dağlıq Qarabağ rayonlarımızdan biri olacaq, ya da ətrafında işğal olunan başqa biri. Bir təpəni tutduğumuz kimi, bir rayonu da tutub möhkəmlənmək lazımdır. Bu, düşmənə mütləq dərs olacaq, baxmayaraq ki, indiki siyasətlərini davam etdirəcəklər, amma artıq qorxu altında, ümidsiz və inamsız olacaqlar, məskunlaşmayacaqlar, əksinə gizli və ya aşkar köç başlayacaq. Paralel olaraq sülh danışıqlarını davam etdirək və israrla Azərbaycan xalqının işğalla barışmayacağı bütün yüksək kürsülərdən, ən yüksək səviyyədə elan olunsun. Özü də tez-tez, dayanmadan, hər fürsətdə. Xalqın iradəsi, mövcud durumla barışmayacağı sülh danışıqlarının ən güclü silahı olmalıdır.  

Növbəti sülh danışıqlarını aparanda növbədənkənar hərbi əməliyyatlar da paralel aparılmalıdır. Hər şeydə növbədənkənarlığı seviriksə, vətəni azad etməyin belə bir yolunu niyə də həyata keçirməyək? Əks halda, bir də ayılacağıq ki, dünya dövlətləri bizi sülh danışıqlarına yox, təslim olmağa dəvət edirlər. O zaman bunu qəfləti, növbədənkənar məğlubiyyət hesab etmək olmaz. 27 ildən çoxdur ki, biz bu yolu gəlirik- uduzduğumuz müharibəni rəsmləşdirən növbədənkənar, amma tarixə baxanda növbəti məğlubiyyət  yolunu. 

Təslimçilik aktına da yəqin növbədənkənar parlamentin hər yerdən qovulan, amma mandat alan növbəti üzvləri qol çəkməyə hazırlaşırlar. Özlərinin parlamentdən qovulmalarına razılıq verənlərdən növbədənkənar heç nə gözləməyin. Baş verənlər növbəti və növbətçi xarakter daşıyır. Arada Qarabağ gedir...
Oxşar xəbərlər