Niyazi Bayramovun Şöhrəddin Verdiyevlə şərik TALANI - FAKTLAR

  • 25 iyun 2022, 20:23

Bir neçə gündür ki, respublika ərazisində hökm sürən qeyri-sabit hava şəraiti dağlıq rayonlarda bir sıra ciddi fəsadlar törədib. Qərb bölgəsinə yağan leysan yağışlar bir çox rayonlarda əkin sahələrinə və təsərrüfatlara ciddi ziyan vurub. O cümlədən Gəncə şəhərinin bəzi küçələri və yeni salınmış yaşayış massiləri dünən axşam saatlarında yağan güclü yağışdan sonra sel sularına qərq olub. Sosial şəbəkələrdə sel sularının şəhərin Məhsəti qəsəbəsindəki evlərə dolması barədə görüntülər yayılıb. Yağış suları qəsəbə yollarında, küçələrdə bir sıra çətinliklər yaradıb.

Bu Gəncə şəhərindəki ilk belə hal deyil. Ötən ilin iyul ayında yağan yağışlar zamanı da şəhərin bir neçə küçəsində avtomobillərin hərəkətinə, həmçinin, insanların gediş-gəlişinə çətinliklər yaranmış, şəhərin Sadıllı, Məhsəti qəsəbələri sel suları altında qalmış, bəzi həyətlər sel suları ilə dolmuşdu. Dövrü mətbuatda bir çox mütəxəsislər bunu Gəncə şəhərinin kanalizasiya sisteminin köhnəlməsi ilə əlaqələndirilər. Amma gəlin görək bu həqiqətənmi belədir…

Qeyd edək ki, Gəncə şəhərinin su təchizatı və kanalizasiya sisteminin yaxşılaşırılması işlərinə hələ 2011-ci ilin sentyabr ayında başlanılıb və Gəncə şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması Azərbaycan hökuməti və Almaniya İnkişaf Bankının (KFW bankı) birgə maliyyələşdirdiyi “II Açıq Kommunal İnfrastruktur Proqramı” çərçivəsində 2035-ci ildə yekunlaşaçaq. Amma 2011-dən bu günə qədər Gəncənin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulmasının 4-cü mərhələsi üzrə şəbəkələrin yenidən qurulması işləri davam etdirilir. Bəs burada işlər necə görülür ki, bir az güclü yağış yağan kimi Gəncə şəhərinin küçələrini su basır?

Bu suallın cavabını “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sabiq sədri Qorxmaz Hüseynovdan, Gəncə şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyevdən, həmin dövrdə “Azərsu” ASC-də Gəncənin su təchizatına cavabdeh olan “Birləşmiş Sukanal” Məhdud Məsuliyyətli Cəmiyyətinin sədri olmuş, hazırda “Azərsu” ASC-nin sədrinin müavini vəzifəsini daşıyan Etibar Məmmədovdan, “Azəraqrartikinti” ASC-nin sahibi Ağalar Vəliyevdən soruşulsa daha yaxşı olardı. Qeyd edək ki, adıçəkilən layihənin dəyəri 800 milyon manatdır və “Azərsu” rəsmilərinin açıqlamasına görə 06.07. 2021-ci ilə qədər layihənin icrasına 326 mln manat vəsait xərclənib. Bu 2011-ci ildən bu yana Gəncə şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına hər il 32 milyon manat vəsaitin xərclənməsi deməkdir.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sözügedən tarixdəki açıqlamasında həmçinin qeyd olunur ki, “layihəyə uyğun olaraq Gəncə şəhərinə Göygöl, Qızılqaya mənbələrindən və Şəmkirçay sutəmizləyici qurğularından içməli su verilir. Bu mənbələrdən suyun gətirilməsi hesabına şəhərin müxtəlif yerlərində 72 subartezian quyusunun fəaliyyəti dayandırılıb və əlavə artezianların qazılması nəzərdə tutulmur.”

Onda elə buradan “Azərsu”Açıq Səhmdar Cəmiyyətinin rəsmilərinə sual ünvanlayırıq. Gəncədə artezian quyularının qazılması nəzərdə tutulmursa nə üçün “Gəncə Su Kanal” Törəmə Açıq Səhmdar Cəmiyyəti Gəncə şəhərində subartezian quyularının əsaslı təmirini satınalma planlarına salır, tender keçirir və nəticələrini qanunun tələb etdiyi qaydada ictimaiyyətə açıqlamır? Hələ bizdə olan məlumatlara görə bir çox işləməyən subartezian quyularına elektrik enerjisinin sərf olunduğu göstərilir, sürtgü yağları yazılır.

Bütün bu qanunsuzluqların başında isə “Gəncə Su Kanal” Törəmə Açıq Səhmdar Cəmiyyətinin sədri Şöhrəddin Verdiyev durur. Bu şəxs şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun kadrıdır.Sözügedən vəzifəyə Şöhrəddin Verdiyev 2019-cu ilin noyabr ayında təyin edilib. Onun yuxarıda qeyd etdiyimiz böyük işlərə aidiyyatı yoxdu. Şöhrəddin Verdiyevin işi “Gəncə Su Kanal” Törəmə Açıq Səhmdar Cəmiyyətində abonentlərdən su və kanalizasiya haqqlarını yığmaqdan ibarətdir.

Şöhrəddin Verdiyev “Gəncə Su Kanal” Törəmə Açıq Səhmdar Cəmiyyətin balansında olan nəqliyyat vasitələrindən də pul çıxarır. İdarədə onun göstərişi ilə xidməti minik və yük avtomobillərinə, xüsusi texnikalara gündəlik normadan artıq yanacaq yazılaraq silinir. Eyni zamanda sözügedən avtomobillərə və xüsusi texnikalara ehtiyyat hissələrinin alınmasından, təmirindən də pul çıxarır Şöhrəddin Verdiyev. Hansı yollarla? Satınalmalar yolu ilə. Şöhrəddin Verdiyev “Gəncə Su Kanal” Törəmə Açıq Səhmdar Cəmiyyətinin sədr təyin olunduqdan sonra zəruri malların alınmasını satınalmalar yolu ilə deyil, bildiyi üsullarla həyata keçirir.

Məsələn “Gəncə Su Kanal” Törəmə Açıq Səhmdar Cəmiyyəti tərəfindən dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə 08.10.2019-cu il tarixdə açıqlanmış, 2020-ci il üzrə satınalma planlarına daxil edilmiş onlarla subartezian quyularının əsaslı təmiri, 29.01.2020-ci il tarixdə açıqlanmış, 2021-ci il üçün satınalma planına daxil edilmiş, nəqliyyat və xüsusi texnikaların təmiri üzrə keçirilməsi nəzərdə tutulan satınalmalar barədə ictimaiyyətə heç bir açıqlama verilməmişdir. Bu xidmətlərin həyata keçirilməsinə Gəncə Su Kanal nə qədər vəsait ayırıb bəlli deyil. Eləcə də digər xidmətlər üçün, nəqliyyat və xüsusi texnikalara ehtiyyat hissələrinin, digər avadanlıqların alınmasına da. İctimaiyyətə açıqlanmayan bu satınalmalarla bağlı ünvanladığımız sorğunu da cavabsız qoydular.

Şöhrəddin Verdiyevin pul yığma metodları bunlarla bitmir. O, Gəncə şəhərində yeni salınan yaşayış massivlərindəki abonentlərə su və kanalizasıya sistemlərinə qoşulması üçün texniki şərtləri özünün müəyyən etdiyi rüsumla verir. Şöhrəddin Verdiyevin işçiləri Gəncə şəhərində bütün avtoyuma məntəqələrindən də aylıq haqq alırlar. Onun işçiləri Gəncədəki restoran və digər iaşə obyektlərindən də suyun sərfiyyatını az göstərmək müqabilində aylıq haqq alırlar.

Göründüyü kimi Gəncənin su təchizatında hər kəsin öz funksiyası var. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun işi böyük pulların oynadığı layihələrə nəzarət etməkdir.“Azərsu”Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Etibar Məmmədovla birgə. Ad da qoyublar ki, güya Gəncə şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qururlar. Amma ortada dövr edən pullarla, görülən işləri müqayisə etdikdə buna yenidən qurma demək olmaz. Yeri gəlmişkən, Niyazi Bayramov hələ Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı olarkən Etibar Məmmədov “Birləşmiş Sukanal” MMC-nin sədri kimi işıqlar şəhərinin də su təchizatına cavabdeh olub və çox güman ki, işbirlikləri elə oradan başlayıb.

“Gəncə Su Kanal” Törəmə Açıq Səhmdar Cəmiyyətinin sədri Şöhrəddin Verdiyevin vəzifəsi isə kiçik məbləğli dövlət vəsaitlərini təyinatından kənar etməkdir. Burada kiçik məbləğ dedikdə 5-10 min manat nəzərdə tutmuruq. Söhbət 50-100 minlərdən gedir. Hər il təkcə nəqliyyat və xüsusi texnikaların təmiri xidmətinə və ehtiyyat hissələrinin alınması üçün yüz minlərlə vəsait yazılır, silinir. Avtomobillərə ehtiyyat hissələrini isə sürücülər öz vəsaitləri hesabına alır, gündəlik qazancdan əldə etdikləri pulla təmir etdirirlər. Təbii ki, bütün bunlardan Niyazi Bayramov da, “Azərsu”Açıq Səhmdar Cəmiyyətinin rəsmiləri də, digər aidiyyatı qurumlar da xəbərdardı.
Aktualinfo.org

Oxşar xəbərlər