Pensiya yaşı, əmək stajı niyə artırılır?

  • 02 mart 2017, 08:56
Milli Məclisin əmək və sosial siyasət komitəsinin fevralın 28-də keçirilən iclasında "Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliklər müzakirə edilib. Qanuna 98 dəyişiklik təklif edilir. Parlament komitəsi təklifləri qəbul edib. Qanun layihəsi parlamentin yaz sessiyasında müzakirə olunacaq.  Dəyişikliklər əsasən, pensiyaya çıxmaqdan ötrü yaş və əmək stajlarının artırılması ilə bağlıdır.

İş stajı müddəti artır

Təkliflərə görə, hakimlərdən pensiyaya çıxmasından ötrü 15, prokurorluq işçilərindən isə 35 il iş stajı tələb olunacaq. Hazırda qüvvədə olan qanunvericiliyi görə, pensiyaya çıxmaqdan ötrü hakimlərə 5, prokurorluq işçilərinə isə 25 il iş stajı kifayət edirdi. Dəyişiklik layihəsində həmçinin, pensiyaların baza hissələrinin ləğv olunması, 110 manat minimum pensiya məbləğinin müəyyən olunması təklif edilir.

Pensiya yaşı da artırılır

Digər bir dəyişiklik təklifi pensiya yaşının artırılması ilə bağlıdır. Kişilərin pensiyaya çıxmaq yaşının hər il 6 aydan bir artırılmaqla 65 yaşa qaldırılması təklif edilir. Qadınların əmək pensiyaya çıxmasında yaş həddi də 2027-ci ilə qədər hər il 6 aydan bir artırılaraq 65 yaşa çatdırılması təkliflər arasındadır.

Hazırda qadınların pensiya yaşı 60, kişilərinki isə 63-dür. Dəyişiklik təklifləri qəbul edilərsə, bu il iyulun 1-də qüvvəyə minəcək.

Əkrəm Həsənov: "Yaşın artırılması vətəndaşların deyil, dövlətin xeyrinədir”

Hüquqşünas Əkrəm Həsənov Bizimyol.info-ya açıqlamasında bildirdi ki, yekun rəy üçün layihəyə baxmaq lazımdır: "Amma məlumatda olanlara dair onu deyim ki, bəzi Avropa ölkələrində də pensiya yaşı 65-dir. Bundan yuxarı olan ölkələr də var, aşağı olanlar da. Yəni burada hansısa standart yoxdur. Təbii, əhali yaşın aşağı olmasında maraqlıdır ki, pensiyanı daha tez ala bilsin. Dünyada yaşlı insanların sayı artır deyə, bu fakt pensiya fondları üzərindəki maliyyə yükünü artırır. Yaşın artırılması bu yükü azaldır və bu baxımdan dəyişiklik vətəndaşların deyil, dövlətin xeyrinədir. Amma başqa yol da yoxdur, zərurətdir. Digər tərəfdən, elə vətəndaşlar da var ki, onlara bu sərf edəcək. Məsələn, pensiyaya getmək istəməyənlərə. Çünki pensiya yaşı çatan kimi bəzi hallarda onları məcburi təqaüdə göndərirlər. Staj məsələsinə gəldikdə isə ilk baxışdan vətəndaşın xeyrinədir, çünki minimal tələb aradan qaldırılır. Amma hər bir halda görək qanun son redaksiyada necə qəbul ediləcək”.

Natiq Cəfərli: «Səbəb ölkədəki iqtisadi çətinliklərdir»

İqtisadçı ekspert Natiq Cəfərli isə bildirib ki, dünyada təqaüd yaşının qaldırılmasının əsas səbəbi demoqrafik problemlərdir: "Məsələn, Avropada, Yaponiyada doğuş səviyyəsi aşağıdır, əhali yaşlıdır, məhz buna görə bəzi ölkələrdə təqaüd yaşı artırılır. Bizdə şükür ki, demoqrafik vəziyyət yaxşıdır, doğuş səviyyəsi normaldır. Həm də əhali tərkibimiz, əsasən, gənclərdən ibarətdir. Digər ölkələrdə işçi tapa bilmirlər deyə təqaüd yaşını qaldırırlar, bizdə isə işsizlik o səviyyədədir ki, əksinə işçilərin, əsasən də, məmurların "gəncləşdirilməsinə” ehtiyac var. Bizdə təqaüd yaşını demoqrafik problemlərə görə qaldırmırlar, səbəb sırf iqtisadi çətinliklərlə bağlıdır. Həmişəki kimi, büdcədə yaranan problemləri, gəlirlərin azalmasını vətəndaşın çiyninə qoyurlar, qənaəti vətəndaş üzərindən həyata keçirirlər”.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli sözügedən qanuna təklif edilən bu dəyişikliklə bağlı məsələyə aydınlıq gətirib. Komitə sədri vurğulayıb ki, qanunun iyulun 1-dən etibarən qüvvəyə minməsi təklif edilir: "Məsələn, indi qadınlarda pensiyaya çıxma yaşı 60-dır. Bu ilin sonunda 60 yaş yarımdan pensiya yaşı hesab olunacaq. Hər il 6 ay (yarım il) müddət pensiya yaşının üstünə gələcək. Gələn il bu hədd 61, o biri il isə 61 yarım, ondan sonrakı il 62 olacaq. Bu cür hesablama ilə 10 ilə qadınların yaş həddi 65 olacaq. Ancaq hazırda hər hansı qadının 60 yaşı varsa, pensiyanı sənədləşdirə bilər. Amma gələn ildən etibarən bu rəqəm 60 yaş yarımdan sonra olacaq”.
H. Rəcəblinin sözlərinə görə, pensiya yaşının qaldırılmasının ziyanlı tərəfi yoxdur: "İnsanların ömrü uzanıb. Sağlamlıqları buna imkan verir. Müəllimlər, həkimlər bizimlə qırğın edirlər ki, gümrahıq, işləyə bilərik, amma siz bizi pensiyaya çıxardırsınız”.

H. Rəcəbli qeyd edib ki, pensiyaçı qadınların dünyasını dəyişmə yaşı statistikaya əsasən 78,5 ildir:  "Biz qadınlara orta hesabla 78, 5 yaşına qədər pensiya veririk. Amma bizim hesablamamızla pensiya haqqını ödəmə 12 il müddətinə verilməlidir (60+12). Yəni qadın 72 yaşına qədər pensiya almalıdır. Biz yuxarı yaş həddini müəyyən edə bilmədiyimizə görə, pensiyaya çıxma yaşını artırıb 65 edirik. Yəni qadınların pensiya yaşı 65-ə çatdıqdan sonra onlar minumum 12-13 il pensiya alacaqlar”.

Komitə sədri 12 illik staj müddətinin ləğv olunması məsələsinə də münasibət bildirib. O qeyd edib ki, staj müddətinin ləğvi obyektiv, lazımlı və xeyirlidir: "Məsələn, adam var ki, 5 il yüksək maaşla yaxşı ödəmə ödəyib. Ancaq pensiyaya çıxmaq istəyir və ona deyirlər ki, sənin 12 illik stajın yoxdur, sənə pensiyaya çıxmaq olmaz. Ancaq indi 12 illik stajın olmasa da sənin sığorta haqqı ödəmə məbləğinin ümumi həcmini 144-ə böləndə 110 manat edirsə sən pensiyanı ala bilərsən. Burada əsas məsələ sosial ədalət prinsipinə əsaslanmaqdır”.

Pensiya yaşının qaldırılması barədə "Facebook”da apardığımız sorğu nəticəsində rəy yazan əksər oxucularımız layihənin qəbul olunmasının tərəfdarı deyillər. 

İzləyicimiz Musa Həsənli deyir ki, Yaponiya dünyanın ən inkişaf etmiş dövlətlərindən biri olsa da, burada böyük problemlər də var. Onun sözlərinə görə, ailələrin 50 faizi süni sürətdə qurulur: "Gələcəkdə əhalinin 30-50 faizi 60-65 yaşlı olacaq. Bu Yaponiyanın inkişafına da təsir edir. Qabaqlar ABŞ-dan sonra 2-ci iqtisadiyyata malik ölkə, indi 3-cüdür. 2030-cu ildə Yaponiya geriləyib, 4-cü yerə enəcək. Ona görə də Yaponiyada pensiya yaşının artırılması müzakirə olunarsa, bu normal haldır. Amma Azərbaycanda belə problem yoxdur. Əhalinin sayı artır. Bir çox ailələrdə 2-3 uşaq var. Ona görə də Azərbaycanda belə qanunun qəbulu düz deyil. Azərbaycanda əhalinin böyük hissəsini gənclər təşkil edir. Onların iş tapıb işləməsinə dövlət şərait yaratmalıdır. Özəl şirkətlərin işinə qarışmaq olmaz. Amma dövlət gənclərə şərait yaratmalıdır. Digər tərəfdən Azərbaycanda pensiyalar da çox aşağıdır. 65 yaşlı ağsaqqal (ağbirçək) 120-150 manatla nə edəcək?”

Röya Mirzoyeva deyir ki, camaat illərlə işləyib öz əmək haqqından baza hesabına pul ayrılıb: "İndi deyirsiniz baza hissəsi verilməyəcək, silinəcək. Harada var belə qanun? Çox uzağa yox, elə Türkiyəyə baxsaq görərik ki, pensiyaya çıxan adam öz baza hesabındakı məbləğlə birlikdə külli miqdarda birdəfəlik ödəniş alır. Onla özünə xırda bir obyekt açır ki, əməkliliyini sakit və rahat keçirsin”.

Nailə Qasımova deyir ki, onun 50 yaşı var: "Məcburiyyətdən işə gedirəm. Pensiya yaşı 55-58 olsa yaxşıdır. Vəzifədə olanlar ölənə qədər işləmək istəyirlər. Müdirlər, həkimlıər heç işdən çıxmaq istəmirlər. Bu belədir. Başqa dövlətlər pensiya yaşını azaldarkən bizdə tərsinədir. Belə olmaz.. Dövlətlinin parası, kasıbın, məzlumun Alalhı var. Biraz düşünsünlər. Bu ah-naləni Allah götürməz”.
Kəmalə Rəsulova da qanun layihəsi ilə razı olmadığını deyir: "Mən müəlliməyəm. 5 ildir iş tapa bilmirəm. Yaşlıları 60 yaşdan çıxarıb pensiyaya versələr biz gənclər də işə girə bilərik heç olmasa. Evdə anam işsizdir. Heç yerdə iş yoxdur ki, gedib işləsin. İşlədiyi idarəni bağlayıb bizi çöldə qoyublar. Pensiya yaşını da artırırlar. Bəs iş də yoxdur, pensiya da. İşləməyən yaşlılar nə yeyib içsin? Haqsızlıqdır. Anam 30 il işləyib pensiya fonduna pul ödəyib. İndi ailə vəziyyətimiz yaxşı deyil. Pensiya yaşını da qaldıra-qaldıra gedirsiniz. Heç olmasa o illər ərzində yığılan pulu verin bir dərdimizə xərcləyək. Onsuzda belə getsə, millət pensiyanı ala bilməyəcək”.

Fuad Hüseynov deyir ki, niyə bir qərar qəbul ediləndən öncə, müxtəlif sosial kanallar vasitəsilə sorğu aparılmır? Bəlkə dövlət səviyyəsində bir elektron sorğu platforması yaradılsa, daha münasib olar: "Biz 15-ci yox 21-ci əsrdə yaşayırıq. Cəmiyyətin formalaşmasında cəmiyyətin fikri də nəzərə alınmalıdır, əks halda belə cəmiyyət uçuruma gedir! Pensiya yaşının artırılamasına və ya qısaldılmasına dair bir əsas olmalıdır, həmən əsasda müəyyən statistik tədqiqat nəticəsində aparılmalıdır. Material-texniki bazanın uyğun səviyyədə təşkil olunmalıdır ki, həmən nəticələrdə ağlasığan olsun. Hamı Eynşteyn deyil, almanın ağacdan düşməsi və qəfldən ideyanın həyata keçirilməsi də əks effekt verə bilər. Məsuliyyət tək bir-iki nəfərin üzərinə düşməməlidir, çünki hamiya görə bir-iki nəfər məsuliyyət daşıya bilməz”.

AYSEL
Oxşar xəbərlər