İlin sonuna kimi ölkədə dollar qıtlığı olmayacaq

  • 21 okt 2016, 08:40
Ekspertlər bildirirlər ki, ilin sonuna doğru milli valyuta daha çox təzyiqlərə məruz qalacaq

Ölkədə dollar-manat münasibətlərinin hələ də inzibati qaydada tənzimləndiyi məqamda, dollar qıtlığı ilə bağlı gözləntilər var. Rəsmilər isə dollar qıtlığının yaxın gələcəkdə olmayacağını bildirirlər. "PAŞA BANK”ın İdarə Heyətinin sədri Taleh Kazımov açıqlamasında bildirib ki, ilin sonuna kimi ölkədə dollar qıtlığı olmayacaq. 

Onun sözlərinə görə, hazırda bəzi banklar dollar satışına limit qoyduqlarını açıqlasalar da, bazarda bankların böyük hissəsi dollar mübadiləsini limitsiz həyata keçirir. Bu isə dollara tələbatın azalması ilə bağlıdır: "Hazırda demək olar ki, dollar alan yoxdur”. T.Kazımov hesab edir ki, banklara dollar satışı ilə bağlı müraciətlərin azalması da ilin sonuna qədər dollar satışı ilə bağlı hər hansı problemin olmayacağını göstərir.
İqtisadçı alim Fikrət Yusifov isə məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, manatın məzənnəsində yaranan sabitlikdə ölkənin bank sisteminə dövlət səviyyəsində göstərilən qayğının rolu az deyil:(fins.az) "Bəllidir ki, bugünlərdə Azərbaycan Dövlət Neft Fondu öz ehtiyatlarının bir milyard dollar məbləğində hissəsini depozit şəklində Beynəlxalq Banka yerləşdirdi. Bu addım bir neçə məqsədi reallaşdırmağı nəzərdə tutur. Əvvəla, depozitə görə Neft Fondu xarici banklarda olduğundan daha çox qazanc əldə edə biləcək. İkincisi, bu yolla Beynəlxalq Bankın xarici banklar qarşısındakı öhdəliklərinin həllinə şərait yaranacaq və nəhayət, bu dəstək valyuta bazarına öz müsbət təsirini göstərəcəkdir. Güman edirəm ki, addımlar bu və ya başqa şəkildə bundan sonra da davam etdiriləcək. Burada əsas məqsədlərdən biri manatın sabitliyini qoruyub saxlamaqdan ibarətdir. Çünki iqtisadi inkişafın təmin edilməsində milli valyutanın sabitliyi vacib şərtlərdən biridir”.

Professor Elşad Məmmədov isə deyib ki, ölkənin strateji valyuta ehtiyatlarının həcmi yaxın həftələrdə kəskin dollar qıtlığının qarşısının alınmasına imkan verməlidir: "Bununla belə, ilin sonunda ənənəvi olaraq banklar və digər sistem formalaşdıran iqtisadi subyektlərin xarici öhdəlikləri ilə bağlı dollara tələbatları artacaq. Qeyd etmək lazımdır ki, nə qədər qəribə görünsə də, Beynəlxalq Bank və digər qurumların qeyri-effektiv menecmenti səbəbindən bu öhdəliklərin milli valyutaya təzyiqin artmasında rolu dövlətin xarici borcuna nisbətən daha böyükdür. Ümumilikdə, təəssüflə qeyd etmək lazımdır ki, uzun illər ərzində bank-maliyyə sektorunun menecmentində mövcud olmuş kompleksli və sistemli problemlər ölkənin iqtisadi-təsərrüfat subyektlərinin, o cümlədən bankların kredit resursları kimi əsasən Mərkəzi Banka deyil, xarici kredit təşkilatlarına müraciət etmələrinə səbəb olub. Bu da yuxarıda qeyd etdiyim xarici öhdəliklərin formalaşmasının başlıca səbəbini təşkil edir”. 

Ekspertin sözlərinə görə, yaranmış vəziyyəti nəzərə alıb, ilin sonuna doğru milli valyutanın daha çox təzyiqlərə məruz qalacağının mümkünlüyünü proqnozlaşdıraraq hökumət tərəfindən preventiv profilaktik tədbirlərin həyata keçirilməsi məqsədəuyğundur: "Bu tədbirlərin bir hissəsi artıq həyata keçirilməkdədir ki, burada söhbət idxal həcminin azaldılmasından gedir. Bu addımı düşünürəm ki, effektiv hesab etmək olar. Digər mühüm istiqamət, fikrimcə, kapital qaçışının qarşısının alınmasına yönəlmiş siyasətdən ibarət olmalıdır. Bu istiqamətdə səylərin yaxın həftələrdə artırılması zəruridir. Bununla yanaşı, daxili bazarda antiinhisar tədbirlərinin sərtləşdirilməsi və aidiyyəti dövlət strukturlarının bu istiqamətdə səylərinin konsolidasiyası və aktivləşdirilməsi lazımdır. Fikrimcə, bununla bərabər, daxili bazarda topdansatış və pərakəndə qiymətlərinin formalaşmasının strukturu hökumətin iqtisadi bloku tərəfindən ciddi şəkildə təhlil edilməlidir. 

Çünki qiymətlərin əmələ gəlməsində bir çox inhisarçı sahibkarlar tərəfindən super mənfəətə yönəlmiş ticarət əlavələri hələ də tətbiq olunur ki, bu, yolverilməzdir. Bütün bu tədbirlərin sistemli şəkildə həyata keçirilməsi dollara tələbatın bir qədər azalması, inflyasiya və digər makroiqtisadi fəsadların mümkün dərəcədə neytrallaşdırılması ilə nəticələnməlidir. Eyni zamanda Neft Fondu tərəfindən büdcə qarşısında öhdəliklərin, büdcəyə etməli olduğu transferlərin tam şəkildə yerinə yetirilməməsini qeyd etmək lazımdır. 

Fikrimcə, ilin sonuna doğru Neft Fondunun büdcəyə ödənişləri artırılacaq. Eyni zamanda, bir məqamı da qeyd etmək istəyirəm ki, nə qədər paradoksal görünsə də dayanıqlı, idxaldan asılılığın azaldılmasına yönəlmiş milli istehsal sistemlərinin formalaşdırılması üçün ölkədə müəyyən mərhələdə əsasən elm və texnologiya tutumlu idxalın artırılmasına ehtiyac olacaq və bu baxımdan resurs bazası kimi məhz Neft Fondu çıxış edə bilər. Çünki reallıqda yaxın perspektivdə neft ixracı ölkə üçün strateji və ən önəmli xarici valyuta mənbəyi olaraq qalacaq. Bu aspektdə Neft Fondunun milli iqtisadiyyatın real sektorunun donoru şəklində çıxış etməsi, fikrimcə, ölkə iqtisadiyyatının dayanıqlı inkişafı baxımından məqsədəuyğun və optimal variant kimi qəbul edilməlidir”.

 

Demokratik.Az

Oxşar xəbərlər