Demokratik TV
Qeyri-neft sektorunun əsas ümidi…
Prezident İlham Əliyev oktyabrın 7-də hökumətin müşavirəsində tənəzzülə uğramış pambıqçılığın bərpasını aqrar sektorun ən prioritet istiqamətlərindən biri kimi göstərib. Ötən il, rəsmi məlumatlara görə, ümumilikdə 35 min ton xammal pambıq yığılıb ki, bu da 10 min ton yekun məhsul - pambıq lifi deməkdir.
Bəs pambıqçılığın inkişafı Azərbaycana nə verəcək? Qeyri-neft sektorunun inkişafının aparıcı sahəsi kimi təqdim olunan pambıqçılığın perspektivli inkişafı realdırmı?
İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qubad İbadoğlu bildirib ki, tarlalarda çürüyən pambığın 1 kiloqramının yığımı üçün 10 qəpik ödəniş vəd olunur: "Bu il 51 min hektar sahədə pambıq əkilib ki, bu da ötən illə müqayisədə təxminən üç dəfə çoxdur. Cari ildə əkin sahələrindən ötən ildəkindən 3 dəfəyədək çox, təxminən 100 min ton pambıq toplanması gözlənilir. Bununla yanaşı, ötən il hər hektardan məhsuldarlıq 20 sentner olduğu halda, rəsmi prizmadan bu il üçün daha ambisioz məhsuldarlıq göstəriciləri (30-35, hətta 40 sentner) səsləndirilb. Regiona səfərim zamanı Mugan düzündə yerləşən pambıqçılıq rayonlardan keçərkən yol boyu təsərrüfatların vəziyyətini müşahidə edirdim. İstəyirdim ki, sentyabrın 17-də Sabirabadda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində bəyan olunan yuxarıdakı rəqəmlərin gerçəkliyini dəyərləndirirm. İlk növbədə diqqətimi çəkən indiyədək tarlalarda pambığın yığılmaması oldu. Odur ki, fürsət tapan kimi bu istiqamətdə suallarla yerli sakinlərin rəyini öyrənməyə, vəziyyəti dəyərlədnriməyə çalışdım”
Q.İbadoğlu deyir ki, bəlli oldu ki, pambıq sahələrə bu ilin aprel ayında deyil, may ayında əkildiyindən bəzi tarlalarda hələ yığım növbəsi çatmayıb: "Baxmayaraq ki, ənənəvi olaraq pambıq əkini aprel ayında başa çatırdı və yığım oktyabrın ortalarına qədər yekunlaşırdı. Çünki, adətən oktyabr ayında müşahidə olunan yağışlı havalar vaxtında yığılmayan pambığın toplanmasını çətinləşdirməklə yanaşı keyfiyyətini də aşağı salır. Yerli əhali ilə müzakirələrimizin gedişində o da məlum oldu ki, pambıq yığımı xeyli əziyyətli olmasına, hətta bəzən qul əməyi adlandırılmasına baxmayaraq, bu işə görə ödəniş həddindən çox aşağıdır. Belə ki, kəndlilərə yığılan hər kiloqram pambıq üçün 10 qəpik ödəniş vəd olunur, onun da yerində nağd formada ödənilməməsi bu işə marağı xeyli aşağı salıb. Beləliklə də, hətta yığıma hazır olan sahələrdə də pambıq tarlalarda qalıb çürüyür. Hava proqnozuna görə, bu həftədən başlayan fasiləli yağışlar, gələn həftə boyunca aramsız olacaq. Bu isə o deməkdir ki, pambıq sahələrində məhsuldarlıq və keyfiyyət göstəriciləri gözləniləndən və bəyan olunandan xeyli aşağı olacaq. Yekun olaraq onu qeyd etmək istərdim ki, respublikada pambıq kənd təsərrüfatı deyil, təbliğat bitkisinə çevrilib. Ən pisi odur ki, belə yanaşma ilə bu il ərzində pozitiv artım nümayiş etdirən aqrar sahədə də sonda tənəzzül başlaya bilər”.
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Bizimyol.info-ya açıqlamasında bildirdi ki, bu sahənin inkişafı ilə bağlı əsaslı şəkildə məşğul olmaq lazımdır: "İndi biz sovet dönəmindən fərqli olaraq çox ciddi rəqabətlə qarşılaşırıq. Çünkikfifayət qədər bu sahədə səriştəsi, elmi potensialı, müasir texniki avadınlıqla, texnologiya ilə təchiz olunmuş emal müəssisələri, yüngül sənaye zavodları, fabrikləri olan ölkələrlə rəqabət aparırıq. Çin, Hindistan, Türkiyə, Özbəkistan, Amerika Birləşmiş Ştatları - yəni bu sahə ilə məşğul olan ölkələr həm istehsalla məşğuldur, həm də əldə etdikləri məhusulun emalı ilə məşğul olurlar. Bu ölkələrlə rəqabət aparmaq üçün əsaslı şəkildə bu sahəyə fikir vermək lazımdır. Mütəxəssisləri yetişdirmək, yeni kütləvi seleksiya işini yaxşılaşdırmaq lazımdır ki, iqlim şəraitimizə uyğun yeni sortlar yetişdirək. Heç olmasa istehsal vasitələrinin bir hisəsini daxildə istehsal etməliyik ki, əldə olan məhsulun maya dəyəri nisbətən ucuz olsun. Məsələn, məhsulun bir hissəsini daxildə istehsal olunmasına çalışmalıyıq. Belə olan halda pambıqçılığın inkişafı ilə bağlı nəsə demək olar”.
Ekspert deyir ki, bu gün hər hansı bir sərəncam verməklə, pambıq yığan maşın almaq üçün müəyyən qədər vəsait ayırmaqla bu işi inkişaf etdirmək mümkün deyil: "Belə olardısa, onda bütün ölkələr pambıq isthsalı ilə məşğul olardı, heç birinin də pambığa ehtiyacı olmazdı. Dövr göstərdi ki, Azərbaycan höküməti bu sahəni inkişaf etdirməkdə acizdir. Baxın, müşavirə keçirildi. Orada bir nəfər də olsun alim çıxış etmədi. Sabirabadda keçirilən müşavirədə niyə alim çıxış etməsin? Problemlərdən danışılmasın? Niyə problemin həlli istiqamətində öz tövsiyyələrini verməsin? Biz bu sahəyə necə yanaşırıqsa eləcə də nəticə əldə edirik. Bu gün yağışların yağması təbiidir. Oktyabrın sonunda yağış yağmalıdır. Əgər payızlıq səpin vaxtında aparılsa idi, bu yağışların bilirsiniz nə qədər əhəmiyyəti vardı? İndi yağışı bəhanə gətirmək ki, yağış yağdı məhsul az olacaq - bu absurddur. Düzgün yanaşma deyil. Bu sahənin inkişafı ilə bağlı xeyli işlər görmək lazımdır”.
Aysel İsgəndərli