Demokratik TV
Gələn ilin büdcəsində 2 milyarda qənaət edilib
Maliyyə Nazirliyi gələn ilin dövlət büdcəsi layihəsini müzakirə olunması üçün Milli Məclisə təqdim edib. Bizimyol.info xəbər verir ki, layihəyə əsasən gələn il dövlət büdcəsinin proqnozlaşdırılan gəlirləri 15,955 milyard, xərcləri 16,6 milyard manat təşkil edəcək. Növbəti ilin büdcəsində 645 milyon manatlıq və ya xərclərin təxminən 4%-i qədər kəsir nəzərdə tutulub.
Qeyd edək ki, 2016-cı il dövlət büdcəsinin gəlirləri 16,822 milyard, xərcləri 18,495 milyard manat idi. Göründüyü kimi xərclərdə 2 milyardlıq bir qənaətə gedilib. Prezident İlham Əliyev çıxışlarında deyib ki, Azərbaycanın gəlirləri 4 dəfə azalıb, bu səbəbdən xərclər də azaldılmalıdır. Maliyyə naziri Samir Şərifov da gələn ilin büdcəsində neftin barelinin qiymətinin 40 dollar götürüləcəyi və xərclərə 2016-cı ilə nisbətən daha çox qənaət ediləcəyini söyləmişdi. Amma dəyişikliyin ola biləcəyi istisna deyil. Belə ki, keçən il dövlət büdcəsi haqqında qanunda da əvvəlcə gəlirlər 14,566 milyard, xərclər 16,264 milyard manat nəzərdə tutulsa da sonradan dəyişiklik edildi.
Büdcə gəlirlərində Dövlət Neft Fondundan daxilolmalar gələn il üçün 6,1 milyard manat nəzərdə tutulub. 2016-cı ildə bu 7,615 milyard manatdır. Dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmalar cəmi 1 milyon manat artırılıb - bu il üçün 7 milyon proqnoza qarşı gələn il 8 milyondur. Hökumət özəlləşdirmədən gəlir gözləmir. Baxmayaraq ki, bu ildən etibarən açıq hərraclar keçirilir və bu hərracların hər birində qazanılan pul 1,5 milyon manat civarındadır, gəlirlər bölümündə bu mənbə əksini tapmayıb. Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər də 2016-cı il üçün 5,290 milyon, 2017-ci ildə 5,950 milyon manat proqnozlaşdırılıb. Göründüyü kimi özəlləşmə sahəsində və özəlləşdirilən müəssisələrin fəaliyyətində hər hansı bir inkişafa ümid edilmir, rəqəmlər yerində sayacaq. O da hələ özünü doğrultsa. "2014-cü il dövlət büdcəsinin icrası haqqında” Qanunda dividend gəlirləri 1,980 milyon manat proqnoza qarşı cəmi 270 min manat olub.
Gələn ilin dövlət büdcəsinin xərclərində azalma ilk növbədə özünü müdafiə sahəsində göstərib - ayrılan vəsait 2 228 834 663 manatdan 1 615 359 868 manata düşüb. Bu, ümumi büdcə xərclərinin 9,7 faizini təşkil edir. Keçən il də ilkin qəbul olunan qanunda müdafiə xərcləri 1 837 821 237 manat göstərilib, sonradan artırılmışdı. Son dövrlər Azərbaycanın hərbi xərclərinin 5 milyard dollara çatdırılıldığı deyilirdi. Hərbi sahəyə Ermənistanın dövlət büdcəsindən dəfələrlə çox xərclədiyimizlə fəxr edirdik. Amma bir məsələ var ki, axır zamanlar ölkəyə xeyli döyüş texnikası, silah-sursat alınıb, xərclərin ixtisar edilməsi bununla da bağlı ola bilər. Xərcləməyə yer yoxdursa, ayrılan vəsaitlərin şişirdilməsinə də ehtiyac qalmır.
Büdcə layihəsində məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq orqanlarının saxlanma xərcləri 1 208 181 941 manatdan 1 233 470 726 manata qaldırılıb. Bu da ümumi xərclərin 7,4 faizi qədərdir. 2016-cı illə müqayisədə 25,3 milyon manat və ya 2,1 faiz çoxdur. Gələn ilin büdcəsində təhsilə 1 859 499 497 manat nəzərdə tutulub - müdafiə xərclərindən də çox. Bu xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 11,2 faiz təşkil edəcək ki, bu da 2016-cı illə müqayisədə 1,3 faiz çoxdur. Bu il üçün bu məqsədlə 1 830 212 837 manat ayrılıb. Gələn il səhiyyə xərcləri 775 875 130 manatdır. Beləliklə, büdcənin 4,7 faizi də səhiyyəyə aiddir. Maliyyə Nazirliyinin ekspertlərinin təhlilinə görə bu da 2016-cı illə müqayisədə 0,2 faiz çoxdur. Ayrılan vəsaitin 365,7 milyon manatı və ya 47,1 faizi xəstəxanaların, 116,1 milyon manatı və ya 15 faizi poliklinikalar və ambulatoriyaların saxlanılması xərclərinə, 6 milyonu səhiyyə sahəsində digər xidmətlər üzrə xərclərə, 288 milyon manatı və ya 37,1 faizi tətbiqi tədqiqatlar və xidmətlər üzrə xərclərə yönəldiləcək. Amma diqqətinizə çatdıraq ki, büdcədə dəyişiklikdən sonra səhiyyə xərcləri bu il üçün 830 812 993 manat olub. Əslində, səhiyyə xərclərinin azaldılmasında bir problem yoxdur, o qədər tibbi ləvazimatlar, avadanlıqlar aldıqlarını yazıblar ki, ölkədə artıq onlara ehtiyac olmadığı qənaəti yaranır. Bircə qalır onlarla birlikdə vətəndaşların xidmətində dayanmaq.
Sosial müdafiə və sosial təminat xərcləri də yarım milyondan çox azaldılıb - gələn il üçün bu xərclər 2 117 719 373 manat nəzərdə tutulub. Sosial müdafiə və sosial təminatın maliyyələşdirilməsi üçün nəzərdə tutulan xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 12,8 faiz olacaq. 2016-cı ilin büdcəsində sosial müdafiə xərcləri 2 698 760 194 manatdır.
Gələn ilin dövlət büdcəsində mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi sahəsində fəaliyyətə 513 011 808 manat (2016-cı ildə 738 632 871 manat), mənzil və kommunal təsərrüfatına 304 210 693 manat (2016-cı ildə 447 801 558 manat), yanacaq və enerji sektoruna 4 515 000 manat (2016-cı ildə 5 844 925), kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsinə artımla 820 920 445 manat (2016-cı ildə 684 473 845 manat), sənaye, tikinti və faydalı qazıntılara 1 882 126 000 manat (2016-cı ildə 3 024 648 000 manat), tikintiyə 1 863 276 000 manat (2016-cı ildə 3 003 276 000 manat), o cümlədən dövlət əsaslı vəsait qoyuluşuna (investisiya xərcləri) 1 860 min manat (2016-cı ildə 3 milyard manat), faydalı qazıntılara 13 350 000 manat (2016-cı ildə 21 372 000 manat), nəqliyyat və rabitə sektoruna 101 838 073 manat (2016-cı ildə 129 958 976 manat), iqtisadi fəaliyyətə 293 507 755 manat (2016-cı ildə 360 milyon manat), əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi xərclərinə (ipoteka) 2016-cı ildəkindən iki dəfə artıq - 100 milyon manat, "Avtomobil Yolları” Məqsədli Büdcə Fonduna 261 milyon nəzərdə tutulmaqla sonuncu 2016-cı ildə olan həcmdə saxlanıb. Ehtiyat fondlarının vəsaitləri 113 milyon manat azaldılaraq gələn ilin dövlət büdcəsində 300 milyon ayrılması planlaşdırılıb. Bundan 200 milyonu prezidentin (2016-cı ildə 285 milyon), 100 milyonu da dövlət büdcəsinin ehtiyat fonduna aiddir. Sonuncu da 28 milyon azaldılıb. Beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsi ilə bağlı xərclər 26 milyondan 20 milyona, fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı xərclər də 25 milyondan yenə 20 milyon manata düşüb.