Maaşlar nə qədər artmalıdır ki, bahalığı ödəsin?

  • 27 sen 2016, 18:29

Natiq Cəfərli: «Hökumətin resursu o qədər azdır ki, yüksək səviyyədə maaş və təqaüdləri artıra bilməz».

Ötən gün maliyyə naziri Samir Şərifov jurnalistlərə açıqlamasında bildirib ki, qlobal iqtisadiyyatda qeyri-müəyyənliklər davam edir. Bunu nəzərə alaraq Azərbaycan hökuməti xarici şokların ölkə iqtisadiyyatına təsirini azaltmağa çalışır və bu istiqamətdə bir sıra addımlar atılıb. 
"Bilirsiniz ki, cari ildə dövlət sektorunda çalışanların əmək haqları artırılıb. Gələn ildə də bu addımların davamlı olması üçün biz büdcədə maliyyə təminatı yaratmalıyıq.
Cari ildə sosial müavinətlərin, pensiyaların, təqaüdlərin və digər sosial ödənişlərin artımı baş verib. Bu cür artımların gələn ildə də baş verməsi üçün maliyyə təminatı nəzərdə tutulub”,-deyə nazir bildirib. 

Hesablamalar göstərir ki, ölkədə qeydə alınan inflyasiya əhalinin gəlirlərinin və eyni zamanda orta aylıq əmək haqqının artımını üstələyib.

"Bizim Yol”-un "Facebook” səhifəsində apardığımız sorğuda iştirak edən izləyicilərimiz də bildiriblər ki, əmək haqqının və pensiyanın hazırkı səviyyəsindən razı deyillər. İndiki inflyasiya və risklər nəzərə alınmaqla əməkhaqqının və pensiyaların artırılması üzrə sosial proqramlar davam etdirilməlidir.

İzləyicilər hazırki maaş və pensiyalarla adi kommunal xərcləri ödəyə bilmədiklərindən şikayətləniblər. Korrupsiya ilə mübarizədə bəzi təbəqələrin əmək haqqının qaldırılmasını xüsusi ilə vurğuladılar.  

Bəs pensiya və maaşların nə qədər qalxmalıdır? Bu sualla izləyicilərimiz arasında sorğu keçirdik. Cababların bəzilərini təqdim edirik: 

Xəyalə Camal: "Maaşları qaldırdıqdan bir həftə sonra ərzaqın qiyməti qalxacaq. Dəyişən bir şey olmayacaq”.

Ceyhun Əliyev: "Söz yox ki, bu artım həmişə olduğu kimi 5-15 faiz arasında olacaq. Bazarda qiymət artımı isə 50-100 faiz arasında dəyişir. Gəlirimiz ancaq ölməmək üçün yetırlidir”. 
Nüşravan Mahmudov: "Bazarda qiymətlər hər gün qalxır. Əsasən də gündəlik təlabat, ərzaq məhsullarinın qiyməti. Mənim beş nəfərdən ibarət ailəm var, aylıq gəlirim 250-260 manatdır. Bu gəlirlə mən ərzaq təlabatını güclə ödəyirəm. Əvvəla qiymət artımının qarşısı alınmalıdır. O ki, qaldı pensiya və maaşa,  25-30 faiz artırsalar dolanmaq olar”.

Adriana Adriana: "Pensiya və maaşda artım nə qədər olmalıdır deyə bilmərəm, amma 20-30 qəpik artım olacağı dəqiqdir”

Kapitan Hacıyev: "O dedi, siz də inandınız hə? Elə bu millətin saflığıdır ki, bu günə qalmışıq”.

"Nazirin açıqlaması ilə elə bir təssürat yaratdı ki, sanki Azərbaycan hökuməti pensiyaların və əmək haqqlarının artırılmasına getməyi planlaşdırır”. Bu sözləri isə iqtisadçı ekspert Natiq Cəfərli "Bizim Yol”-a nazirin açıqlamasını şər edərkən bildirib.   

"Əslində belə deyil. Azərbaycanın qanunu var ki, pensiya, təqaüdlər və digər sosial müavinətlər rəsmi infilyasiya səviyyəsi qədər indeksləşməlidir. Bu qanun çoxdan qəbul olunub və hər ilin əvvəlində sosial müavinətlər indeksləşməlidir. 

Bu ilin hazırkı dövrünə rəsmi inflyasiya 11 faiz civarındadır. Dekabr ayında hansı faiz elan olunacaq, indidən demək çətindir. Ən azından 10 faiz civarında rəsmi inflyasiya elan olunacaq və buna uyğun maaşlar və pensiyalar artırılacaq. Təbii ki bazardakı qiymət artımı ilə bu proporsional deyil. Sosial müavinətlərin böyük hissəsi ərzaq məhsullarının alınmasına xərclənir. Təkcə ərzaq sahəsində olan inflyasiya rəsmi inflyasiyadan ikiqat çoxdur. Odur ki, pensiyalara və əmək haqqında edilən artım bazardakı inflyasiyanı kompensasiya etmir. Və əhalinin dolanışığını heç də yaxşılaşdırmır. Real gəlirlər artımı nəzərə alsaq çox aşağı səviyyəyə düşüb”,-deyə iqtisadçı ekspert bildirib.
Onun sözlərinə görə, hökumətin resursu o qədər azdır ki, kifayət qədər yüksək səviyyədə maaş və təqaüdləri artıra bilməz. Buna büdcənin parametrləri imkan vermir: "Normal dolanışıq üçün yeni qaydalar hazırlanmalıdır. Yaşayış minimumun hesablanması dəyişdirilməlidir. Azərbaycanda çox bərbad yaşayış minimumu hesablanması qaydası var. Qonşu ölkələrə baxdıqda kifayət qədər fərqləri görürük. Az qala sovetdən qalma indikatorla bu hesablanır”.



Demokratik.Az

 

Oxşar xəbərlər