Dollar alıb-satanlar “qara bazar”a üz tutub

  • 19 avq 2016, 16:14
Azərbaycanda yenə «qara bazar»ın canlandığı bildirilir. Bu, dollar tələbatını Mərkəzi Bank və Neft Fondunun yetərincə qarşılamaması ilə izah edilir. Bu barədə fins.az xəbər verir ki, banklarda dollar satışına məhdudiyyət qoyulması «qara bazar»a axını şərtləndirir. Rəsmi qadağalara baxmayaraq, banklardan istədikləri məbləğdə dollar əldə edə bilməyən vətəndaşların gizli yolla dollar satıcılarına müraciət etdikləri deyilir.

Avqustun 19-da «qara bazar»da 1 ABŞ dollarının satış kursunun 1.6850-1.6855 manat arasında olduğu bildirilir. Burda alış-satış üçün hər hansı limitin də olmadığı söylənir. Xəbərdə qeyd edilir ki, banklar da «qara bazar»dakı məzənnəni nəzərə almaq məcburiyyətindədirlər. Fins.az-ın yazdığına görə dolların banklardakı satış məzənnəsi 1.6852 manatdır. Əksər banklar daha ucuz məzənnə ilə mübadiləyə də razılaşır. «Qara bazar»ın təminatçıları özləri də elə maliyyə qurumlarıdır. Saytın araşdırmalarına görə, «qara bazar»da dollar satanların əksəriyyəti elə bank işçiləridir. Mərkəzi Bankın rəsmi məzənnəsinə görə, avqustun 19-da bir dollar 1.6204 manata bərabər olub.

Azərbaycanda ötən il dekabrın 21-də baş verən ikinci devalvasiyadan sonra yenə «qara bazar»ların canlandığı bildirilirdi. Ancaq bir qədər sonra bu bazarlar tədricən yığışdırıldı. Azərbaycanda belə «qara bazar»lar, əsasən, ötən əsrin 93-94 və 95-ci illərində məşhur olub.

 

Demokratik.Az

Oxşar xəbərlər