Demokratik TV
«Azərişıq» dövləti 750 milyon dollar borca saldı
Enerji sektoruna milyardlarla vəsait yatırılsa da, vəziyyət acınacaqlıdır, dövlət qurumları borc içindədir, əhali isə keyfiyyətli enerji ala bilmir.
Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın elektrik enerjisinin paylaşdırılması sisteminin daha da inkişaf etdirilməsi üçün təklif olunan investisiya proqramı üzrə "Azərişıq" ASC-yə 750 milyon ABŞ dolları məbləğində çoxtranşlı kreditin ayrılmasını təsdiqləyib.
Həmin vəsait hesabına görülən işlər nəticəsində 1,4 milyondan çox istehlakçı elektrik enerjisi ilə təchiz olunacaq. Kredit Azərbaycana 2022-ci ilədək 3 tranşla ayrılacaq. İlk tranşın məbləği 250 milyon dollardır.
Qeyd edək ki, indiyədək enerji sektorunda əsas kredit qoyuluşu "Azərenerji" ASC istiqamətində olurdu. Lakin iki ilə yaxındır ki, enerjinin paylaşdırılması bu qurumdan alınaraq yeni yaradılan "Azərişıq" ASC-yə verilib. Nəticədə, enerji sektorunda dövlət zəmanəti ilə kredit alan qurumun biri də artıb.
Yeri gəlmişkən, "Azərişıq"ın ötən il zərəri 31.2 milyon manat olub. ASC-nin maliyyə hesabatına əsasən, 2014-cü ildə "Azərişıq" 5.1 milyon manat mənfəət əldə etmişdi. Hesabatdan belə aydın olur ki, "Azərişıq"ın ötən il həm satışdan əldə etdiyi mənfəəti, həm də məhsulun maya dəyəri əvvəlki illə müqayisədə iki dəfəyədək artıb. Belə ki, 2014-cü ildə satışdan əldə etdiyi gəlir 427,2 milyon manat, 2015-ci ildə 756,7 milyon manat olub. Xarici borcların qaytarılması ilə əlaqədar olaraq, ASC-nin xərcləri də yüksəlib. Digər səbəb isə "Azərişıq"ın enerji haqlarını yığa bilməməsidir.
Yeni yaradılan bu qurumun artıq ilk ildən böyük borc bataqlığına girdiyini deyə bilərik. Baxmayaraq ki, yaradılanda həm "Azərenerji"dən ona düşən payı, həm də dövlət büdcəsi hesabına nizamnamə kapitalını yarada bilib. Təkcə ötən il Maliyyə Nazirliyinin xətti ilə 50 milyon manat dövlət büdcəsindən kredit götürüb. Nəzərə alsaq ki, enerji sektoruna indiyədək böyük investisiyalar qoyulub və əsas infrastruktur yaradılıb, o zaman ASC-nin zərərlə işləməsi və borca getməsi bir qədər şübhə doğurur.
Məsələn, "Fitch" reytinq agentliyinin açıqlamasına görə, "Azərenerji" ASC-nin xətti ilə 2015-ci ilədək sözügedən sektora 4 milyard dollardan çox investisiya yatırılıb. Amma ASC illərdi ki, büdcə proqnozunu yerinə yetirə bilmir və SOCAR-dan sonra ən böyük borc sahiblərindən biridir. Üstəlik, abonentlərdən ödəmələri 98 faizə çatdırsalar da, büdcədən asılılıqları da davam etməkdədir.
Yeri gəlmişkən, 2007-ci ildə elektrik enerjisinin topdansatış və pərakəndə qiymətlərinin artırılmasından sonra 1 kVt/s elektrik enerjisi üçün 0,043 manat (üç dəfə artım), bütün qrup istehlakçılar üçün 0,06 manat (əhali üçün üç dəfə, büdcə və sənaye obyektləri üçün 2,3 dəfə, kommersiya obyektləri üçün 20 faiz artım) qiymət müəyyən edilib. O zaman bahalaşma subsidiyaları azaltmaqla dövlət büdcəsini yükdən azad etmək, eləcə də əhalini keyfiyyətli enerji ilə təmin etməklə əsaslandırılmışdı. Ötən müddət ərzində nə subsidiyalar azalıb, nə də əhali keyfiyyətli enerji ilə təmin olunub. Üstəlik, kreditlər hesabına dövlət büdcəsinə böyük borc yüklərindən birinə çevrilib.
Bu sahə həm dövlətin investisiya xərclərindən, həm dövlət büdcəsinin dotasiyasından, həm Prezidentin Ehtiyat Fondundan, həm də kreditlərdən istifadə etməklə milyardlarla vəsait sovurmaqla məşğuldur. Amma "Azərişıq"la yanaşı, "Azərenerji" ASC də 2015-ci il üzrə fəaliyyətini ciddi zərərlə başa vurub. ASC ötən ilə dair yaydığı maliyyə hesabatına görə, dövlət təsərrüfat qurumunun zərəri 870.5 milyon manat olub. "Azərişıq" ASC-yə verilmiş aktivlərin dəyəri ilə birlikdə zərəri 1.5 milyard manata yüksəlib. "Azərenerji"nin yaranmış borclarının "sağlamlaşdırılma"sı üçün dövlət büdcəsindən vəsaitlərin ayrılmasına başlanılıb. "Azərişıq" isə Asiya İnkişaf Bankından kredit cəlb etməyə start götürüb. Nazirlər Kabinetinin sərəncamına əsasən,01.01.2016-cı il tarixə "Azərişıq" ASC-nin "Azərenerji" ASC-yə borcu 49,6 milyon manat, "Azərenerji"nin Dövlət Neft Şirkətinə borcu 312 milyon manat təşkil edib və bu borc dövlət büdcəsi hesabına ödəniləcək. Artıq enerji sektorunda "borc bağışlama əməliyyatı" ilk dəfə deyil. İqtisadçıların sözlərinə görə, bunlar dövlət şirkətlərinin bərbad idarə olunmasının, korrupsiyanın sübutudur.
Qoyulan milyardlıq investisiyalar ilə əhalini tam keyfiyyətli elektrik enerjisi ilə təmin edə bilirlərmi? Rəsmi qurumlar paytaxtda fasiləsiz işığın verilməsinə nail olduqlarını iddia edə bilərlər. Amma bu gün faktdır ki, heç paytaxt üzrə standartlara uyğun təsərrüfat qura bilməyiblər. Normaya görə, hər bir istehlakçı 220 V almalıdır. Lakin qış aylarında Bakının ən elit zonalarında uzağı 175-185 V, yay aylarında maksimum 200 V elektrik enerjisi ilə təmin edə bilirlər. Regionlarda isə vəziyyət daha da acınacaqlıdır. Faktiki olaraq, elektrik cihazlarını generatorsuz işlətmək mümkün deyil. "Azərişıq" ASC yaradılandan bəri də vəziyyətin dəyişdiyini deyə bilmərik.
Ekspertlərin fikrincə, bunun iki səbəbi var. Birinci, nə qədər yatırım qoyulsa da, ötürücü xətlərin keyfiyyətinin aşağı olmasıdır. Naqillərin bir neçə yerində qırılmalar olanda verilən cərəyanda da itkilər çox olur. Müntəzəm olaraq, naqillər dəyişməlidir. İkinci səbəb kimi isə, yarımstansiyalarda yükün həddən artıq çox olmasıdır. Yəni artıq xərc çəkilməməsi üçün 1000 evə nəzərdə tutulan yarımstansiyalara 1500-1600 mənzil qoşur. Ümid edirik ki, yeni kreditlər hesabına sadalanan bu problemlər öz həllini tapacaq.