Ölkəmizdə köhnə maşınlar bahalaşır

  • 21 iyun 2016, 15:12

Azərbaycanın avtomobil bazarında yaranan passiv vəziyyət davam etməkdədir. Dəyişən isə qiymətlərdir.

 

Demokratik.Az-ın məlumatına görə,bu sözləri ekspert Ramil Osmanlı Modern.az-a deyib.

 

Ekspertin sözlərinə görə, qiymət dəyişikliyi əsasən, köhnə avtomobillər üzrə müşahidə edilir:

 

"Hazırda köhnə avtomobillər üzrə qiymətlərin müəyyən qədər bahalaşması hiss olunur. Bu da idxalın kəskin azalması, təklifə çıxarılan avtonəqliyyat vasitələrinin sayının azalması ilə bağlıdır. Elə buna görə də, istismarda olan nəqliyyat vasitələrinin qiymətində təqribən 2000-2500, bahalı avtomobillərdə bir qədər çox artım qeydə alınıb. Bütövlükdə vəziyyət kritikdir. Dinamikanın aşağı düşməsi müşahidə edilir ki, bu da özünü əsasən idxalda göstərir. Əvvəlki illərlə müqayisə zamanı idxalın 10 dəfəyə yaxın azaldığını deyə bilərik. Bu gün həm də vətəndaşın əlində kifayət qədər vəsait yoxdur deyə, avtomobilə tələb kəskin aşağı düşüb. İdxalın azalma səbəblərindən biri də məhz "vətəndaşda pul yoxdur” anlayışıdır”.

 

R.Osmanlı bildirib ki, hazırda  şəxsi avtomobillərdən istifadədə azalmalar müşahidə olunur:

 

"Həmçinin yanacaq sərfiyyatının azalması müşahidə olunmaqdadır. Bütün bunlar avtonəqliyyat vasitələrindən istifadənin ümumilikdə azaldığını deməyə əsas verir. Ötən illərdə olduğu kimi, hələ də "Mersedes-Benz” daha çox müraciət edilən marka olaraq liderliyi qoruyub saxlayır. Bu il yanvarın əvvəlində ölkədə minik avtomobillərinin sayı təxminən 1 milyon 130 min olub. Bunlardan 192 min 685 ədədi "Mercedes-Benz”dir. Onun ardınca isə statistika son 2-3 ildə "Hunday”, "Nissan”, KİA və "Toyota” avtomarkalarının xeyrinə dəyişməkdədir. Bu markaların yeni modellərinə maraq artmaqdadır”.

 

Demokratik.Az

Oxşar xəbərlər