Müsadirə edilmiş əmlaklar bu ailələrə veriləcək

  • 19 iyun 2016, 12:02
Nazirlər Kabineti "Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi və satışı barədə Əsasnamə”də dəyişiklik edib.
 
Əsasnaməyə əsasən müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu aparılarkən müsadirə edilmiş və sahibsiz qalmış əmlakın dövlət mülkiyyətinə keçməsi barədə məhkəmə, hökm və ya qərar qanuni qüvvəyə mindikdən sonra 5 iş günü müddətində hökmün və ya qərarın surətini, hökmün və ya qərarın icrası barədə göstərişi və əmlakın siyahısının surətini icra məmuruna göndərir və bu barədə müvafiq maliyyə orqanlarına məlumat verir.
 
Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlaklar satılmadıqda hansı addımların atılacağı da müəyyənləşdirilib.  Satılmayan əmlaklar barədə də qayda müəyyənləşdirilib. Bundan sonra əmlakın satışı üzrə keçirilən ilk iki hərracda sifariş verilmədikdə və ya əmlak satılmadıqda üçüncü hərracda həmin əmlakın start qiyməti hərracın təşkilatçısı tərəfindən ilkin start qiymətinin 10 faizi həcmində, dördüncü hərracda ilkin start qiymətinin 25 faizi həcmində, beşinci hərracda isə ilkin start qiymətinin 50 faizi həcmində aşağı salınacaq. satılmayan əmlaklar üzrə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müvafiq dövlət orqanlarına onların əvəzsiz verilməsi barədə müraciət olunur. Dövlət orqanlarının tələbatına əsasən, həmin əmlaklar onlara əvəzsiz olaraq təhvil verilir. Həmin əmlakların dövlət orqanları tərəfindən əvəzsiz olaraq əldə edilməsi üzrə tələb olmadığı hallarda bu əmlaklar emal ilə məşğul olan hüquqi şəxslərə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərə satılır. Əmlak Məsələləri Dövlət Komitəsi malların təkrar emalından əldə edilmiş gəliri dövlət büdcəsinə köçürməlidir. Əmlaklar təkrar emal üçün qəbul edilmədiyi hallarda onların aztəminatlı ailələrə, o cümlədən qaçqınlara və məcburi köçkünlərə əvəzsiz verilməsini həyata keçirmək məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət ediləcək. Bu təşkilatların təqdim etdiyi tələbata əsasən əmlaklar onlara əvəzsiz olaraq təhvil veriləcək. Əmlakların aztəminatlı ailələrə, o cümlədən qaçqınlara və məcburi köçkünlərə verilməsinə dair tələbat olmadığı hallarda onlar komissiya tərəfindən aktlaşdırılaraq məhv ediləcək və ya utilizasiya üçün utilizasiya təşkilatına təhvil veriləcək. 

APA
Oxşar xəbərlər