«Sosial evlər»i tikib ortaya çıxarmağa bir institut lazımdır

  • 12 apr 2016, 08:26
"Sosial mənzillərin tikintisi proqramı yaxın zamanlarda ictimaiyyətə təqdim ediləcəkdir. Bu, yeni təşəbbüsdür. Bəzi ölkələrdə bu praktika var. Biz müsbət praktikanı öyrənirik, öyrənmişik. Buna böyük ehtiyac və tələbat var. Sosial mənzillərin tikintisi prosesi yaxın zamanlarda başlanacaqdır". Bu fikirləri prezident İlham Əliyev Nazirlər Kabinetinin sonuncu iclasında səsləndirib.
Prezident bildirib ki, regionlarda işsizliyin azaldılması və maddi imkanları aşağı olan aztəminatlı əhalinin mənzil probleminin həlli üçün bütün şəhərlərdə, rayon mərkəzlərində sosial mənzillərin tikintisinə başlanacaq: "Xüsusilə qeyd etmək istəyirəm ki, nəinki Bakıda və böyük şəhərlərdə, bütün şəhərlərdə, bütün rayon mərkəzlərində. Dünya təcrübəsindən istifadə etməklə, vətəndaşların belə evlərə sahib olma qaydaları və həmin mənzillərdə yerləşdirilən insanlara mülkiyyət hüququnun verilmə prosedurları müəyyən ediləcəkdir. Sosial Mənzil Fondunun yaradılmasında əsas məqsəd belə mənzilləri aztəminatlı əhaliyə aşağı qiymətlərlə və uzun müddətə kreditlə təqdim etməklə onların mənzil problemlərinin həllindən və sosial rifah hallarının yaxşılaşdırılmasından ibarətdir. Bu tipli mənzillərin tikintisi həm Bakı şəhərində, həm də bütün digər rayon və şəhərlərdə geniş şəkildə aparılacaqdır. Sosial mənzillərin tikintisi əlavə iş yerlərinin yaradılması, mənzilə ehtiyacı olan əhali qrupunun belə ehtiyaclarının ödənilməsi ilə yanaşı, bu mənzillərin əhaliyə təqdim edilməsi nəticəsində yeni zəruri istehlak ehtiyaclarının yaranacağı nəzərə alınmaqla, paralel şəkildə iqtisadiyyatın 20-dək digər sahələrinin də inkişafına səbəb olacaqdır. Təbii ki, bu, inşaat sektoruna çox böyük təkan verəcək. İnşaat sektorunda vaxtilə işləmiş, ancaq indi işlərini itirmiş insanlar yenə də işlə təmin ediləcək və bunun çox geniş multiplikativ səmərəsi olacaqdır".

Qeyd edək ki, "sosial evlər" layihəsi artıq uzun müddətdir ki, ekspertlər tərəfindən qaldırılmış məsələdir. Millət vəkili, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli bununla bağlı təkliflər paketi hazırlayaraq parlamentə təqdim edib. Millət vəkili təklif edir ki, "sosial mənzillər" aztəminatlı ailələrə ayda 60-70 manat civarında aylıq kirayə haqqı ilə verilsin, 20-25 ildən sonra həmin mənzillərin sahibi olsun. 

Artıq bu məsələnin dövlət başçısının dilindən səslənməsi onu göstərir ki, hökumət bununla bağlı layihə hazırlamağı düşünür. İndiki böhranlı bir vəziyyətdə sözügedən layihənin nə dərəcədə reallaşa biləcəyi isə sual doğurur. Reallaşsa belə, onların aztəminatlı ailələrə əlçatanlığı, şərtləri bir qədər qapalı qalır. 

Daşınmaz əmlak üzrə ekspert Rəşad Əliyev "Bizim Yol"a şərhində bildirdi ki, "sosial mənzil" layihəsinin hazırlayıb, icra etməyə böyük bir institut lazımdır: "Dünya praktikasında belə mənzillər aztəminatlı vətəndaşlar üçün nəzərdə tutulub. Bu cür layihələrə həmişə böyük ehtiyac olub. 
"Sosial mənzil"in tikintisi ümumi bir institut hesab edilir. Əvvəlcə onun hüquqi-normativ bazası yaradılmalı, onun tətbiqi qaydaları müəyyənləşməlidir. Daha sonra maliyyə vəsaiti cəlb olunmalıdır". 

R.Əliyevin fikrincə, belə layihələrin reallaşması nə böyük vəsait, nə də böyük əziyyət tələb edir: "Sadəcə olaraq, müəyyənləşdirmək lazımdır ki, bu işi hansı həcmdə görmək olar. Azərbaycanın dövlət büdcəsinin indiki durumunda böyük həcmdə işin görülməsi mümkünsüzdür. Eyni zamanda harda tikiləcəyi önəmlidir. Azərbaycanda 60-dan çox rayon və şəhər var. Böyük həcmli işlər üçün çoxlu sayda binalar tikilməlidir".

Ekspert "sosial mənzil" layihəsinin icrasında hər bir ölkənin özünəməxsus incəliyinin olduğunu vurğuladı: "Burada əsas incəliklərdən biri odur ki, sosial evlər hansı formada və şərtlərlə təklif ediləcək. Ola bilsin ki, ancaq simvolik rəqəmlə ölçülən kirayə kimi verilsin. Ya da kredit kimi icarə haqqını ödədikdən sonra mülkiyyətinə verilə bilər. Daha sonra onun tətbiqi məsələsi gündəmə gələ bilər. Əgər söhbət hissə-hissə ödənildikdən sonra tam mülkiyyətinə keçilməsindən gedirsə, o zaman onların şərti dövlətin "sosial ipoteka" layihəsinin şərtlərindən elə də fərqlənməyəcək.  Tikmək asandır, əsas məsələ məhz onun hansı şərtlər altında tətbiqindən gedəcək".
Vüsalə RÜSTƏMOVA
Oxşar xəbərlər