Demokratik TV
Kredit verilməsi dəyişdirildi
Xarici valyuta olmaz!

Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı Palatanın təşkilati strukturunun formalaşdırılması və görülən işlər barədə məlumat verib. Sədr bank sektorunda yerli və xarici valyuta ilə verilən istehlak kreditləri, devalvasiya nəticəsində bu kreditlərin durumu, onun sosial iqtisadi nəticələrindən danışıb. Diqqətə çatdırılıb ki, bu proseslər nəticəsində bankların likvidliyi və kapital mövqeləri zəifləmiş, atılmış restruktrizasiya və digər preventiv tədbirlərə baxmayaraq mövcud mənfi tendensiyalar davam edir.
İclasda qərara alınıb ki, banklar tərəfindən əhaliyə xarici valyutada istehlak kreditlərinin verilməsi 5 aprel 2016-cı il tarixindən etibarən 1 ay müddətinə dayandırılsın və bu haqda müvafiq göstərişlər kredit təşkilatlarına göndərilsin. Palata bu müddətin uzadılması hüququnu da öz üzərində saxlayıb.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev "Bizim Yol"a şərhində bildirdi ki, bu qərarın nəticələrinə uyğun olaraq addım ya uzadıla, ya da 1 aydan sonra ləğv edilə bilər: "Bunun bir neçə səbəbi var. Onlardan biri son iki ayda kredit qoyuluşu əhəmiyyətli dərəcədə azaldılıb. Təbii ki, bunun başlıca səbəbi kommersiya banklarının dollarla kredit təklif etməsi, əhalinin isə xarici valyutada borclanmaya girmək istəməməsidir. Kreditləşmənin azalması bir tərəfdən əhali və iqtisadiyyat üçün narahatlıq yaradır. Palata bu addımı atmaqla bir növ əhalinin kreditlərə əlçatanlığını istəyir".
İqtisadçı hesab edir ki, dollarla kreditləşmənin dayandırılmasının müsbət tərəfləri ilə yanaşı neqativ tərəfləri də var: "Müsbət tərəfləri hansılardır? Vətəndaş manatla kredit götürərkən, milli valyutanın devalvasiyası risklərindən uzaq olmuş olur. Yəni manatın ucuzlaşması onlar üçün problem yaratmayacaq.
Mənfi tərəf isə daha çox banklar üçün labüddür. Əvvəla bankların valyuta mövqeyində böyük bir pozuntu var. Onların öhdəlikləri kifayət qədər böyükdür. Banklar manatla kredit verərsə, devalvasiya olacağı təqdirdə çox böyük itki ilə üzləşə bilər. Çünki bankların əsas öhdəlikləri əmənatlərdir, onun isə 90 faizini xarici valyuta təşkil edir. İkinci əsas öhdəliyi isə xarici maliyyə qurumlarından aldığı borclardır ki, o da əsasən, xarici borclardan ibarətdir. Milli valyutada yalnız Azərbaycan Mərkəzi Bankının verdiyi mərkəzləşdirilmiş kreditlər təşkil edir. Təbii ki, bu vəsait də hər bank üçün əlçatan deyil.
Deməli, banklar istehlak kreditlərini dollarla götürdüyü borcu konvertasiya edib müştərisinə verməlidir. Həmin borcu manatla geri alanda isə yenidən dollara konvertasiya etməlidir. Bu müddət ərzində devalvasiya baş verərsə, banklar manatı dollara çevirərkən xeyli itkiləri olacaq. Problemin əsas kökü burdadır".
S.Əliyev əlavə etdi ki, bu qərar bankları xarici valyutada olan əmanətlər üzrə faiz dərəcələrini daha da aşağı salmağa məcbur edəcək: "Onsuz da bəzi banklarda dollar əmanətlərində faizlər kifayət qədər aşağıdır, hətta 1 faiz ətrafında olanlar da var. Əgər mövcud vəziyyət uzun müddət üçün davam edərsə, dollarla əmanət qəbulu dayandırıla bilər. Bunun üçün Mərkəzi Bank müəyyən addımlar atmalı, bankları manatla təmin etməlidir. Banklar da həmin manatı kreditə yönəltməlidir".
İqtisadçı deyir ki, Palatanın bu addımı mövcud situasiyanın deyil, gələcək problemin həllinə yönəlib: "Əgər bankların manata olan tələbatı ödənilərsə, bu kredit qoyuluşlarını artıra bilər. Bundan əlavə, Mərkəzi Bankın istehlak kreditlərinə qoyduğu tavan manata münasibətdə götürülməlidir. Əgər bu tavan götürülsə, banklar manatla kredit verməkdə maraqlı olarlar. Bu qərarın nəticəsi olaraq, aprel ayında kredit qoyuluşlarının həcmində müəyyən qədər artım ola bilər. Amma əsas zərbə, düşünürəm ki, əmanət bazarına dəyəcək".
Vüsalə RÜSTƏMOVA
