Mərkəzi Bankdan yeni qərar

  • 04 mart 2016, 19:44
Mərkəzi Bank pul siyasəti haqda açıqlama yayıb. "Qafqazinfo"ya daxil olan məlumatda bildirilir ki, dayanıqlı makroiqtisadi sabitliyin təmin olunması, o cümlədən milli valyutadan yığım vasitəsi kimi daha geniş istifadənin təşviqi, pul-maliyyə bazarlarının inkişafı istiqamətində son vaxtlar ardıcıl tədbirlər görülməkdədir. Dövlət qiymətli kağızlarının yüksək gəlirliklə yerləşdirilməsi, milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin isə daha yüksək səviyyədə müəyyən olunması manata etimadın gücləndirilməsinə yönəlib.

Makroiqtisadi sabitliyin təmin olunması hədəflərini və pul-maliyyə bazarlarındakı yenimeyilləri nəzərə alaraq, Mərkəzi Bank faiz dəhlizinin parametrlərini yenidən nəzərdən keçirmişdir. İdarə Heyətinin qərarı ilə 4 mart 2016-cı il tarixindən uçot dərəcəsi 7%, likvidlik əməliyyatları üzrə faiz dəhlizinin yuxarı həddi isə 17% səviyyəsində müəyyən edilib. Likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddi isə dəyişməz olaraq 2% səviyyəsində saxlanılıb.

Eyni zamanda qərara alınıb ki, faiz dəhlizinin aşağı və yuxarı hədləri səviyyəsində olan faiz dərəcələri ilə likvidliyin verilməsi və cəlb olunması əməliyyatlarının müddəti 1 gündən 7 günədək uzadılsın. Banklar qısamüddətli likvidliyin idarə olunması məqsədilə Mərkəzi Bankın çərçivə aləti olan 1-7 günlük repo/əks-repo əməliyyatlarından öz təşəbbüsləri ilə istifadə edə bilər. Bunlardan əlavə məcburi ehtiyat normalarının differensiallaşdırılmasına dair də qərarlar qəbul edilmiş, müvafiq normativ baza hazırlanmışdır. Bu barədə əlavə məlumat veriləcəkdir.
Oxşar xəbərlər