Dünya Bankının nümayəndəsi hökuməti islahatlara çağırdı

  • 11 fev 2016, 08:46
Sahib Ələkbərov: "Bu il Azərbaycana 20 milyard dollar yatırılıb"
"Dünya enerji bazarında qeyri-sabitliyin hökm sürməsi, bir ildə neftin qiymətinin 4 dəfəyədək aşağı düşməsi, Vergilər Nazirliyinin xətti ilə büdcə daxilolmalarına müəyyən təsir göstərsə də,  2015-ci il ərzində proqnoza 100.1 faiz əməl olunub. Büdcəyə 7.118 milyard manat vəsait daxilolması təmin edilib". 

Bu sözləri V Vergi Forumunda vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib. Nazir müavininin sözlərinə görə, ümumi vergi daxilolmalarında qeyri-neft sektorundan daxilolmaların xüsusi çəkisi 70 faizdən çoxdur. S.Ələkbərov onu da qeyd etdi ki, regionlar üzrə vergi daxilolmaları son 5 ildə təxminən 2 dəfə artıb: "Paytaxtdan kənar şəhər və rayonlar üzrə dövlət büdcəsinə 622.1 milyon manat vəsait səfərbər edilib. 

Ötən ilin sonlarında sahibkarlığın inkişafı ilə bağlı verilən mühüm qərarlar biznes mühitinin yaxşılaşdırılması istiqamətində yeni mərhələnin başlanğıcı oldu. Sahibkarlıq subyektlərində yoxlamalar 2 il müddətinə dayandırılıb, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilib. Artıq lisenziyalar müddətsiz verilir. Buna görə ödənilən dövlət rüsumlarının məbləği Bakıda 2 dəfə, regionlarda isə 4 dəfə azaldılıb".

Nazir müavini keçən il ölkə iqtisadiyyatına 20 milyard dollara yaxın sərmayə qoyulduğunu bildirdi. 
Dünya Bankının Azərbaycan üzrə təmsilçisi Larisa Leşçenko isə qeyd etdi ki, təmsil etdiyi qurum ölkəmizlə daim tərəfdaşlıq edəcək: "Neftin qiyməti aşağı düşdüyü, enerji bazarında yaranan qeyri-müəyyən vəziyyətdə Azərbaycan iqtisadiyyatının şaxələnməsi üçün yardım etmək məqsədimiz var. Düşünmürük ki, neftin qiyməti qısa zaman kəsiyində əvvəlki səviyyəsinə qayıda biləcək. İqtisadiyyatın dayanıqlığını, kənar risklərə qarşı müqavimət qabiliyyətini artırmalıyıq".
L.Leşçenko əlavə etdi ki, iqtisadi islahatların aparılmasına ehtiyac var: "Ötən ilin birinci yarısında neftin qiyməti 60 dollar olarkən, iqtisadi artım 5.7 faiz olmuşdu. İlin ikinci yarısında neftin qiyməti ucuzlaşanda artım tempi müəyyən qədər zəiflədi.

Qeyri-neft gəlirləri ÜDM-də 17,5 faiz, büdcədə 48 faiz təşkil edir. Bu, müsbət bir tendensiyadır".
Xanım Leşçenko kiçik və orta sahibkarlığın inkişafı üçün vergi islahatlarının aparılmasını vacib addım saydı: "Azərbaycanda kölgə iqtisadiyyatı ilə bağlı müxtəlif rəqəmlər səslənir. Bəzən  32 faiz, bir sıra hallarda isə 50 faiz olduğu qeyd edilir. Böhranla üzləşən ölkələrdə iki təmayül müşahidə olunur: Birincisi, bir tərəfdən iqtisadi nəzarət gücləndiyinə görə kölgə iqtisadiyyatı azalır. Digər tərəfdən böhranla üzləşən vergi ödəyiciləri üzərlərinə düşən vergi mükəlləfiyyətini azaltmaq üçün müxtəlif yollar axtarırlar. Vergilərin sadələşdirilməsi kiçik və orta sahibkarlığın inkişafı üçün çox önəm daşıyır. Ümid edirəm ki, yeni islahatlar aparılacaq" .

Vüsalə RÜSTƏMOVA
Oxşar xəbərlər