Sığorta olunanların sayı artıb

  • 09 fev 2016, 09:00

Fərdi şəxsi hesabı olanlar arasında 30-40 yaşlılar üstünlük təşkil edir.

2016-cı il fevral ayının 1-nə olan statistikaya əsasən, yanvar ayı ərzində Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən əlavə olaraq 10 514 sığortaolunana fərdi şəxsi hesab açılıb. Cari ilin əvvəli ilə müqayisədə DSMF-nin  fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 0,33 faiz artıb. Beləliklə də Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 190 668 nəfərə yüksəlib. DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 59,22 faizi  (1 889 443 nəfər) kişi, 40,78 faizi (1 301 225 nəfər) isə qadındır.  

Bu barədə DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan "Bizim Yol"a daxil olan məlumatda bildirilir.

Məlumata görə, fərdi şəxsi hesabı olanlar arasında 30-40 yaş aralığında olan sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan şəxslər ümumi sığortaolunanların 25,11 faizini (801 289 nəfər) əhatə edir. Bundan başqa, fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 21,01 faizini (670 334 nəfər) 30 yaşa kimi olan şəxslər,  21,16 faizini (675 057 nəfər) 50-60 yaş aralığında olan şəxslər, 20,38 faizini (650 127 nəfər) 40-50 yaş aralığında olan şəxslər, 12,34 faizini (393 861) 60 yaşdan yuxarı olan şəxslər təşkil edir.

Oxşar xəbərlər