Maliyyə nazirindən 2016-cı ilin büdcəsi ilə bağlı SON QƏRAQ

  • 28 yan 2016, 19:24
Bunu  mətbuat konfransında maliyyə naziri Samir Şərifov deyib. Nazir deyib ki, 2016-cı ilin yenilənmiş dövlət büdcəsində neftin baza qiyməti 25 dollardan götürülüb: Bu, mühafizəkar bir yanaşmadır. Neftin qiymətinin 25 dollardan aşağı düşməsi iqtisadi məntiqə ziddir".
 
Onun sözlərinə görə, 2016-cı ilin yenidən baxılmış büdcəsində gəlir və xərclər hissəsi 2 milyard manat artırılıb: "2016-cı ilin təsdiq olunmuş büdcəsində büdcə gəlirləri 14,5 milyard manat nəzərdə tutulmuşdusa, dürüstləşmiş büdcədə gəlirlər 16,5 mlrd. manat səviyyəsində nəzərdə tutulub. Gəlirlərə mütənasib olaraq xərclər də 2 milyard manat artırılıb. Başqa sözlə, 2016-cı ilin təsdiqlənmiş büdcədə xərclər 16,2 milyard manat nəzərdə tutulmuşdusa, dürüstləşmədən sonra xərclər 18,3 milyard manat planlaşdırılır.
 
Dürüstləşmədən sonra 2016-cı ilin dövlət büdcəsində 1,7 milyard manatlıq kəsir yaranacağı gözlənilir. Biz bu kəsirin örtülməsi imkanlarını tapmalıyıq. 2015-ci ilin dövlət büdcəsinin icrası zamanı vahid xəzinə qalığı 1,4 milyard manat məbləğində olub. Bu vəsaiti bu ilin dövlət büdcəsi kəsirinin örtülməsinə yönəldirik. Eyni zamanda, bu ilin dövlət büdcəsinin kəsiri dövlət borc kağızları, özəlləşdirmədən mədaxil və xarici qrantlar hesabına örtüləcək".
 
S. Şərifov əlavə edib ki, bu ilin ikinci yarısında neftin bahalaşması istisna olunmur. O da bəlli olub ki, 2015-ci ilin yekunlarına görə, 1,4 mlrd. manat xəzinə qalığı yaranıb: "Büdcə xərclərində bəzi ixtisarlar edilib. Bu addımların atılması nəticəsində Azərbaycan Dövlət Neft Fondunun xarici valyuta ehtiyatlarının 2,2 milyard ABŞ dolları məbləğində qənaətinə nail olmuşuq. 2015-ci ilin təsdiq olunmuş büdcəsində 1,7 milyard manatlıq kəsir əvəzinə yalnız 633 milyon manat səviyyəsində kəsirlə icra olunub. Yəni, büdcənin xərclər hissəsində 1,1 milyard manata qənaət edilib. Bu vəsaitin 2016-cı ildə istifadə edilməsini nəzərdə tuturuq".
 
S. Şərifov əlavə edib ki, 2015-ci ilin gəlirlər hissəsi 88,2% xərclər üzrə 84,3% səviyyəsində icra olunub.
 
Demokratik.Az
Oxşar xəbərlər