QHT-lər üçün vacib xəbər

  • 21 yan 2016, 19:05

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında qurumun sədri Azay Quliyev və Katibliyin icraçı direktoru Fərasət Qurbanovun iştirakı ilə QHT layihələrini qiymətləndirən ekspertlərlə görüş keçirilib. 

Avropa.info xəbər verir ki, toplantıda məlumat verilib ki, 2016-cı ildə layihələrin dəyərləndirilməsi işində şəffaflığın daha yüksək dərəcədə təmin olunması üçün bir sıra yeniliklər tətbiq olunacaq. Şuranın cari ildəki maliyyə müsabiqəsində qeydiyyatdan keçən hər bir QHT-nin layihəsinə verilən ekspert rəyi və müvafiq bal ictimaiyyətə açıqlanacaq.

Qeyd edək ki, birinci mərhələdə layihələr Şura Katibliyinin əməkdaşları tərəfindən texniki seleksiyadan keçirilir. Burada məqsəd QHT-lərin təqdim etdikləri layihə sənədlərinin müsabiqə şərt və qaydalarına uyğunluğunu müəyyən etməkdir.

 

İkinci mərhələdə isə hər bir layihəyə 3 müxtəlif ekspert rəy verir. Bir ekspertin verdiyi bal digərinə bəlli olmur.

Ekpertlər Şura Katibliyinin onlara təqdim etdiyi elektron kodlarla müvafiq hesablara daxil olaraq qiymətləndirmə prosesini həyata keçirirlər. Hər bir ekspert 7 istiqamət və 13 sual üzrə qiymətləndirmə aparır və layihələri 5 ballıq şkala üzrə dəyərləndirir. Bir layihə üzrə maksimum bal 65-dir. Ekspertlərin 40-dan yuxarı balla qiymətləndirdiyi layihələrin maliyələşdirilməsi Şuranın müzakirəsinə təklif edilir.

Üçüncü mərhələdə isə Şura hər bir layihə üzrə təqdim olunmuş ekspert rəyini, QHT-nin Şuranın maliyyə dəstəyi hesabına əvvəlki illərdə həyata keçirdiyi layihənin icra vəziyyətini və layihə idarəetmə təcrübəsini nəzərə alaraq yekun qərar qəbul edir. Müsabiqə nəticələri açıqlandıqdan sonra narazı qalan hər bir QHT-nin Şuranın Apellyasiya Komissiyasına müraciət etmək hüququ var.

Görüşdə bütün layihələrin yalnız ekspert rəylərinin nəticəsi əsas götürülərək qiymətləndiriləcəyi, hər hansı subyektiv yanaşmaya və kənar müdaxiləyə yol verilməyəcəyi vurğulanıb.

 

Demokratik.Az

Oxşar xəbərlər