Çörəyi bahalaşdıran zavod müdiri üsyan etdi: "Bizi iflasa sürükləyirlər"

  • 06 yan 2016, 19:39
Artıq bir neçə gündür ki, bir çox məhsulların satış qiymətlərində artım müşahidə olunur. Qiyməti qalxan mallar siyahısında çörəyə də rast gəlinir. Bəzi mağazalarda qiymətlər dəyişməsə də, çəkisində dəyişikliklər edilib. 

 

Cebhe.info çörəyin qiymətinin artması ilə bağlı daxil olan məlumatları araşdırmaq üçün şəhərin Memar Əcəmi metrostansiyası yaxınlığında yerləşən bir neçə marketdə müşahidə aparıb. Bu marketlərdə 31 saylı çörəkbişirmə məssisəsinin istehsalı olan doğranmış 400 qramlıq çörək 0.5 AZN-ə satılır. 

Sözügedən müəssisənin qiymətləri qaldırmasının səbəbini öyrənmək üçün müəssisə ilə əlaqə saxladıq. Müəssisənin mühəndis texnoloqu-rəhbəri Ceyhun İbrahimov ilk başdan suallarımızı aqressiv qarşılasa da, daha sonra üzləşdikləri vəziyyətlə bağlı danışdı: 

"Biz dekabr ayının 21-dən yanvar ayının 1-nə qədər çörəkləri köhnə qiymətə satdıq. Lakin bu, bizi demək olar ki, iflasa sürüklədi. Artıq vergilərdən, marketlərə satış faizi verməkdən usanmışıq. Dərd bir deyil, heç xariclə əlaqəsi olmayan məhsulların da qiyməti artıb. Biz də artıq qiymətə alırıq. Məsələn, əvvəl unun bir tonunu 360 manata alırdıq, indi isə 540 manata alırıq. Duzun 25 kiloqramlıq torbasını alırdıq 5 manata, indi isə alırıq 7 manata. Türkiyədən gələn yaş mayanın qiyməti də artıq dəyişib. Əvvəl bir qutusunu 15 manata alırdıq, indi isə 21 manata alırıq. Çovdar ununu Rusiyadan alırdıq, bu gün də oradan alırıq, təkcə onun qiyməti dəyişməyib. Əvvəl də bir tonunu 200 dollara alırdıq, indi də. Manatın dəyərdən düşməsi ona da təsir etdi. Əvvəl 200 dollar 210 manat idisə, indi 310-320 manata başa gəlir. Axı dövlət mənə necə tələb qoya bilər bu cür çətin məqamda ki, qiymətləri qaldırmayım? Buna haqqı da yoxdur. Bunun üçün qiymət artımının qarşısı alınmalıdır, bunun üçün unun satış qiyməti əvvəlki həddinə endirilməlidir ".

Daha sonra müəssisə rəhbəri əlaqədar qurumlara səslənərək yardım istəyib: "Dövlətimizdən xahiş edirik ki, monopoliyanı aradan qaldırsın, sahibkarlara yardım əlini uzatsın. Heç olmasa vergidən 5% güzəştə gedilsin, yaxud satış faizini aradan qaldırsın. Mən bankları gəzməkdən yorulmuşam. Manatla kredit götürə bilmirəm. İndi hal-hazırda "Kapital Bank”a gedirəm. Evimi girov qoyub, kredit götürmək istəyirəm. Başqa çarəm yoxdur. Bazardan çıxa bilmərəm. Ya dövlətimiz bizə qayğı-diqqət göstərsin, ya da biz artıq dövlətin məhsulunu almayacağıq. Mənimlə bərabər onlarla adam yerli məhsul almayandan sonra dövlətin vəziyyəti heç bilirsiniz hansı hala düşəcək? Artıq mən kredit götürərək başqa ölkələrdən taxıl, un almaq niyyətindəyəm. Məsələn, Rusiyadan taxıl, buğda, un almaq yerli məhsulları almaqdan qat-qat sərfəlidir. Həm mən bu bahalaşma ərəfəsində ucuz qiymətə çörək sata biləcəyəm, həm vergimi ödəyə biləcəyəm, həm də seximdə çalışan yüzlərlə insanın əməkhaqqını verə biləcəyəm, maliyyələşmə imkanım olacaq. İndiki halda vəziyyətimiz çox kritikdir. Heç kim dərdimizə baxmır, heç kim bizi dinləmir. Bir ümidimiz dövlətədir ki, bizi də nəzərə alsın. Məsələn, 1 nömrəli çörək sexi var ki, onlar xeyiriyyəçiliklə məşğuldular və dövlət də bunun müqabilində onları vergidən qismən azad edib. Onlar da rahat işləyə bilirlər. Mən də öz növbəmdə ilin 4 fəsli xeyiriyyəçilik etməyə razıyam. Məni vergidən azad eləsin, məni himayə etsin, mən xeyriyyəçilik etməkdən qürur duyaram”. 

Həmsöhbətimizin sözlərinə görə, başqa ölkədən mal gətirmək də asan başa gəlmir: "Vəziyyət inanın ki, çox bərbaddır. Təsəvvür edirsiniz, iki vaqon un sifariş edirsən, Biləcəri deposunda vaqonları təhvil alırsan, daha sonra Gömrük İdarəsinə gedərkən sığorta pulu alırlar, bəyannamə deyilən bir sənəd var ki, normalda 5 manat rüsum ödənilməlidir, amma onu 210 manata satırlar. Başqa ölkədən gətirmək də bir dərddir. Amma mən kredit götürdükdən sonra belə bir hallarla rastlaşsam, bütün telekanallara, mətbuat mənsublarına müraciət edəcəyəm. Mənim kimi yüzlərlə insanın məruz qaldığı bu özbaşınalığı ictimailəşdirəcəyəm. Hal-hazırki vəziyyətdən hali deyiləm. Ölkə prezidenti bu kimi halların qarşının alınması istiqamətində xüsusi addımların atıldığını qeyd edib. Mən malları Rusiyadan, digər ölkələrdən sifariş verdikdən sonra əgər həmin hallarla rastlaşsam məsələni ölkə müstəvisində ictimailəşdirəcəyəm, bununla bağlı ölkə başçısına müraciət edəcəyəm. İndi kredit götürmək üçün "KapitalBank"a gedirəm. Evimi girov qoyub manatla kredit götürmək istəyirəm. Ümidvaram ki, mənə manatla kredit verəcəklər ki, mən bu işi davam etdirə bilim. Mənim qismimdə yüzlərlə insanın işsiz qalmasını, yüzlərlə insanın çörəksiz qalmasını istəmirəm, bunun üçün də var qüvvəmlə mübarizə aparacağam."

 

Demokratik.Az

Oxşar xəbərlər