"Kupça"sız mənzillərin mülkiyyət sənədlərini neçə hazırlamalı?

  • 08 noy 2015, 19:36
Yeni binalardan mənzil alan vətəndaşların əksəriyyəti bina istismara qəbul edilmədiyi üçün "kupça" əldə edə bilmirlər. Bu isə mənzillərinin pulunu tam ödəsələr də onlara mülkiyyətçi hüququ vermir və buna görə bir sıra problemlər yaranır.


 

Demokratik.Az XəzərTV-yə istinadən xəbər verir ki, yeni binalarda mənzil alarkən evin "kupça"sı olmasa belə, mənzili Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata aldırmaq və bununla da həmin mənzil üzərində mülkiyyətçi hüquqlarını təmin etmək mümkündür. Bir çox vətəndaş bunu bilmədiyinə görə pulunu tam ödəməsinə baxmayaraq, öz mənzili üzərində qərar vermək hüququna malik deyil. Yeni binalarda mənzili qeydiyyata aldırmaq həm tikintisi başa çatmayan, həm də tikintisi başa çatmı, lakin istismara qəbul olunmayan binalarda mümkündür. "Qabaqcadan qeydiyyata alma" adlanan bu proses "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" qanunun 17-ci maddəsi ilə tənzimlənir. Mənzili dövlət qeydiyyatına aldırmaq isə o qədər çətin bir proses deyil. Bunun üçün binanın özünün tikintisinə razılıq səndinin - sərəncamın surəti, mənzilin özünün eskiz-planı, mənzil sahibinin mülkü ona satmış fiziki və ya hüquqi şəxs arasında imzalanmış alqı-satqı müqaviləsi və mənzil sahibinin mülkün alınmasına dair ödədiyi vəsaitin qəbzi və ya hər hansı sənədi təqdim etmək kifayətdir.    

Mənzilini Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata aldırmaqla vətəndaşlar mənzilləri ilə bağlı bir sıra problemləri həll etmək imkanı əldə edirlər. Belə ki, mənzil sahibi bu mənzilini girov qoya, ipoteka predmeti kimi qeydiyyata aldıra bilir, habelə "kupçasız" mənzilini iki və daha artıq şəxsə satılması risklərindən qorumaq imkamı qazanır. 

Əgər vətəndaş yeni binalardakı mənzilini Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətində qeydiyyata aldırmaq üçün müraciət edərsə və mənfi cavab alarsa, bu hüququnu İnzibati-İqtisad məhkəmələrinə müraciət etməklə əldə edə bilər. Bununla bağlı məsələlərdə sənədlər qaydasındadırsa, məhkəmələr mütləq qaydada vətəndaşın xeyrinə qərar çıxarır.

Oxşar xəbərlər