"Prezident bu fərmanla evsizləri, "kupçasız" sakinləri sevindirdi" - Şərh

  • 28 okt 2015, 13:53
Azərbaycan Respublikasında əhalinin mənzilə olan tələbatının ödənilməsi və məişət şəraitinin yaxşılaşdırılması dövlətin sosial-iqtisadi siyasətində əsas yer tutur. Bu siyasətin davamı olaraq Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında fərman imzalayıb.

İpoteka şərtləri sadələşdirilir

İqtisadçı-ekspert Vüqar Bayramov bu fərmanın mahiyyətini şərh edib. O, modern.az saytına açıqlamasında bildirib ki, qlobal və regional çətinliklərin olduğu bir zamanda ipoteka şərtlərinin təkmilləşdirilməsinə xidmət edən belə bir fərmanın imzalanması, sosial sferada, eləcə də mənzil təminatında siyasi iradəni bir daha nümayiş etdirir:

"Ölkə prezidentinin fərmanı ilə "Azərbaycan İpoteka Fondu”nun Açıq Səhmdar Cəmiyyətə (ASC) çevrilməsi ondan xəbər verir ki, artıq uzun müddət gündəmdə olan və Mərkəzi Bank tərəfindən dəfələrlə təkrarlanan, amma reallaşmayan ipoteka şərtlərinin sadələşdirilməsi həyata keçiriləcək. Fərmana əsasən, cəmiyyətin fəaliyyətinə prezident nəzarət edəcək”.

Fərman nələri dəyişəcək?

V.Bayramov qeyd edib ki, fərman ipoteka şərtlərinin yüngülləşdirilməsinə xidmət edəcək:

"Faizlərin aşağı salınması, tələb olunan sənədlərin sayının azaldılması, həmçinin prosedurun sadələşdirilməsi, xüsusən gənc ailələrin ipoteka kreditlərinə əlçatanlığını təmin edəcək. Bu baxımdan fərman birmənalı şəkildə imkan verəcək ki, vətəndaş daha az faiz və daha az sənədlə ev sahibi ola bilsin.

Faizlərin aşağı düşməsi aylıq ödəniş məbləğinin aşağı salınması deməkdir. Yeni qaydalar tətbiq edildikdən sonra əmək haqqı nisbətən az olanlar da kreditlərdən yararlana biləcək, xüsusən orta təbəqə vətəndaşlarının ipoteka imkanları genişlənəcək.

Həmçinin, yeni fərman "İpoteka Fondu”nun maliyyə imkanlarını artıracaq. Çünki, fərmana əsasən 5 ildən artıq dövr üçün proqramın dövlət zəmanəti ilə yerləşdirilməsi həyata keçiriləcək. Bu da fondun maliyyə imkanlarının möhkəmləndirilməsinə xidmət edəcək. Eyni zamanda, fərman ipoteka kreditlərinin daha çox vəsait cəlb etməsi, daha çox kreditlərin verilməsini təmin edəcək”.

İnşaat sektoru üçün yeni başlanğıc

İqtisadçı ölkə başçısının imzaladığı fərmanın inşaat sektoru üçün yeni bir başlanğıc olacağını vurğulayıb:

"Bu fərmanla tikinti üçün mövcud olan mürəkkəb prosedur çox sadələşdiriləcək, problem də aradan qalxacaq. Eyni zamanda, fərman inşa edilən, istifadəyə verilmiş, amma istismara götürülməyən binaların istismara götürülməsini təmin edəcək. Məlum olduğu kimi, Bakıda olan yeni tikililərin 80 faizindən çoxu istismara götürülməyib. Baxmayaraq ki, həmin binalar kommunal xidmətlərlə təmin olunub. İstismara götürülmədiyi üçün həmin binadakı mənzil sahiblərinin "kupça” almaq imkanı yoxdur. Bu da "kupça” əldə edilməsinə problem yaradırdı. Fərman həm də "kupçasız” mənzillərdə yaşayan sakinlər üçün şad xəbər kimi qiymətləndirilə bilər. İnsanlar "ASAN xidmət”ə müraciət etməklə qısa zamanda uzun-uzadı prosedurdan keçmədən "kupça” əldə edə biləcəklər.

Etiraf etmək lazımdır ki, fərman, indiyə qədər ipoteka kreditlərinin verilməsi sahəsində ən pozitiv və ən obyektiv islahatdır. Bütövlükdə inşaat sektorunda yeni mərhələnin başlanğıcıdır”.