Mərkəzi Bank əhalini risk altına qoyur

  • 22 okt 2015, 08:34

Ekspertlər bildirirlər ki, devalvasiyadan sonra Mərkəzi Bank bankların çaldığı havanı oynayır

 


Mərkəzi Bankın aktivlərinin təsnifləşdirilməsi ilə bağlı qaydaya dəyişiklik etməsi ekspertlər tərəfindən narahatlıqla qarşılanır. 

Ekspert Əkrəm Həsənov bildirir ki, Mərkəzi Bankın qaydalarına edilən növbəti dəyişiklik bank sisteminin çox ağır vəziyyətindən xəbər verir. Yəni bankların ehtiyatları azalır və əmanətlər təhlükədədir. Ekspertin sözlərinə görə, oktyabrın 9-da Mərkəzi Bankın "Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”na dəyişikliklər qüvvəyə minib. Dəyişikliklərə əsasən, bundan sonra banklar verdiyi kreditlər üzrə daha az ehtiyat yaradacaq.

"Belə ki, nəzarət altında olan kreditlər, yəni ödənişi 90 günədək gecikdirilən kreditlər üzrə bundan sonra 5 faiz əvəzinə 1-2 faiz ehtiyat yaradılacaq. Məsələn, tutaq ki, bank cəmi 300 milyon manat kredit verib. Onun 200 milyon manatının qaytarılması borclular tərəfindən 90 günədək gecikdirilir. İndiyədək bank bu halda 10 milyon manat ehtiyat yaratmalı idi. Bundan sonra isə cəmi 2-4 milyon manat ehtiyat yaradacaq”,- deyə o, qeyd edib.

Ekspertin sözlərinə görə, digər dəyişiklik də bankların ehtiyatlarının azalmasına səbəb olacaq: "Belə ki, indiyədək restrukturizasiya olunmuş, yəni məsələn, müddəti uzadılmış və sair kreditlər üçün daha az ehtiyat yaratmaq yalnız o halda mümkün idi ki, kreditin heç olmasa yarısı qaytarılsın və onun ödənişi üzrə daha problem olmasın. Bundan sonra isə aylıq əsasda ödənilən kredit üzrə 6 ay müddətində gecikmə müşahidə olunmadıqda, ehtiyatları azaltmaq mümkün olacaq. Lap istəyir kreditin 99 faizi hələ ödənilməmiş olsun. Məsələn, tutaq ki, bank sahibinə yaxın olan şirkətə 3 il müddətinə 100 milyon kredit verilib, yəni ayda təxmini 3 milyon ödəməlidir. Kreditin qaytarılmasında 6 aydan çox gecikmə var. Belə kredit təhlükəli kredit hesab olunur və 60 faiz, 60 milyon manat ehtiyatın yaradılmasını tələb edir. 

Bank kreditin müddətini 15 ilədək uzadır, yəni bundan sonra ayda 3 milyon əvəzinə 600 min ödəyəcək. Bundan sonra aylıq ödənişlərin miqdarı endiyi üçün 6 ay ərzində gecikmə olmur. Bu əsasla da bank 60 milyon əvəzinə 30 milyon ehtiyat saxlayır, yəni krediti təhlükəli kateqoriyasından qeyri-qənaətbəxş kateqoriyasına aid edir. Yenə 6 ay keçir və bank 30 milyon əvəzinə 2 milyon ehtiyat saxlayır, yəni krediti qeyri-qənaətbəxş kateqoriyasından nəzarət altında olan kateqoriyasına aid edir. 

Əslində isə borclu krediti qaytarmaq iqtidarında deyil, kredit çoxdan ümidsizdir. Sadəcə, bank ehtiyatın azaldılması hesabına başqa yaxın şirkətə kredit verib və birinci kredit də yeni kreditin hesabına qaytarılır. Bir sözlə, bank hamını aldadır və maliyyə vəziyyətinin qənaətbəxş olduğunu göstərir. Ən vacibi isə budur ki, bu zaman o heç bir qanunu pozmur. Çünki Mərkəzi Bank son qərarı ilə özü bu fırıldaq üçün qanuni əsas yaradıb”.

Ə.Həsənov qeyd edib ki, fevral devalvasiyasından sonra Mərkəzi Bank sözügedən qaydalara artıq bir dəfə dəyişiklik edib: "Həmin dəyişiklik də banklara devalvasiyadan sonra restrukturizasiya olunmuş kreditlər üzrə daha az ehtiyat yaratmaq imkanı yaratmışdı. Görünən odur ki, həmin tədbir kifayət etməyib və bankların problemli kreditlərinin həcmi o qədər artıb ki, onlar üçün kifayət qədər ehtiyat yaratmağa qadir deyillər. Başqa sözlə, kapitalları çatışmır, pulları yoxdur. Buna görə də Mərkəzi Bank bu dəyişikliyi məhz indi edib ki, bankların 3-cü rübün nəticələri üzrə hesabatları əhalini, ilk növbədə əmanətçiləri qorxutmasın. 

Məsələ burasındadır ki, ehtiyatlar kapitalı azaldır. İndi isə banklar hesabatlarında ehtiyatlarını azaldaraq, kapitallarının qənaətbəxş olduğunu nümayiş edəcəklər. Bir sözlə, Mərkəzi Bank bank nəzarəti tələblərini ona görə yumşaldır ki, bankların acınacaqlı vəziyyətini pərdələsin. Nəticədə əhaliyə yanlış məlumat ötürülür ki, guya hər şey normaldır. Bank müştəriləri, ilk növbədə əmanətçilər bundan nəticə çıxarmalıdır. Ehtiyatlı olun! 

Onu da unutmayın ki, bu dəyişikliyi edən Mərkəzi Bank artıq xeyli müddətdir ki, ”Bank of Azərbaycan" və "Bank Technique” tərəfindən əhalinin əmanətlərinin qaytarılmamasına da göz yumur, həmin banklara nə kömək edir, nə də lisenziyasını geri alır. Bir sözlə, devalvasiyadan sonra Mərkəzi Bank bankların çaldığı havanı oynayır və əhalini təhlükə altına qoyur". (musavat.com)
 
Demokratik.Az
Oxşar xəbərlər