Rusiya-Ukrayna müharibəsinin Azərbaycan bazarına təsiri (ARAŞDIRMA)

  • 28 mart 2022, 10:54
Fevralın 24-də Rusiya ordusu heç bir səbəb olmadan Ukrayna ərazisinə hücuma keçdi. Qanlı müharibə, Kremlin planına əsasən, 3-5 gün sürməli və minimum itki bahasına Ukraynanın zəbti ilə başa çatdırılmalı idi. Amma gördüyümüz kimi, artıq 21 gündür bu planın heç üçdə biri reallaşmayıb.
Bütün bunlar öz yerində, amma bu yazıda müharibənin döyüş meydanındakı tərəflərə vurduğu ziyanlardan yox, müharibənin bu iki ölkə ilə sıx bağları olan Azərbaycana iqtisadi ziyanlarından bəhs eləmək istəyirəm.

Putinin yasaqları
Heç kimə sirr deyil ki, şimal qonşularımız olan bu iki dövlətlə Azərbaycan arasında sovet illərində olduğu kimi, çox güclü bağlar mövcudsdur və ya bazarlarımız onlardan idxal hesabına təmin olunur. Amma indi müharibənin diqtə etdiyi kimi, Ukraynada istehsal durma həddindədir və iqtisadi əlaqələr məcburi şəkildə, müvəqqəti də olsa, qopmaqdadır. Rusiyanın vəziyyəti isə daha fərqlidir: zavod-fabriklərində iş normal axarında getsə də, beynəlxalq miqyasda tətbiqlənən iqtisadi-maliyyə sanksiyaları onu Ukraynadan daha pis günə qoyub. Ehtiyyatdakı 650 milyard dollarlıq fondun tən yarısı dondurulub, banklar əməliyyat apara, müəssisələr alğı-satqı edə bilmir və sair. Bunun nəticəsidir ki, prezident Vladimir Putin bir çox zəruri və strateji məhsulların, xüsusilə də başda taxıl olmaqla, ərzaq mallarının ölkədən kənara satışına yasaq qoyub. Konkret olaraq, bu il avqustun 31-dək Rusiyadan xaricə bir kilo da olsun taxıl – bura buğda, çovdar, arpa, qarğıdalı aiddir - satılmayacaq. Üstəlik, siyahıya qənd və şəkər tozu da daxil edilib.
Məlumat üçün deyim ki, Azərbaycan taxılın 83, şəkərin isə demək olar ki, 100 faizini Rusiyadan idxal etməkdədir.
Eyni zamanda, ilin sonunadək taxta-şalbana qoyulan qadağa da Azərbaycan bazarına  mənfi təsirini hiss etdirə bilər. Çünki yalnız 2021-ci ildə Rusiyadan Azərbaycana 100 milyon dollar həcmində meşə məhsulları idxal olunub.
Ümumiyyətlə, Rusiya prezidentinin xarici iqtisadi fəaliyyət sahəsində ölkənin təhlükəsizliyini təmin etmək üçün xüsusi iqtisadi tədbirlərin görülməsi haqqında fərmanında bir çox məhsula yasaq gətirilib və həmin qadağalar dekabrın 31-dək qüvvədə qalacaq. Fikir verin: Rusiya Azərbaycanın idxalda 1-ci tərəfdaşıdır, 2021-ci ildə pandemiyanın çətinliklərinə baxmayaraq, bu ölkədən Azərbaycana 2,1 milyard dollarlıq məhsul gətirilib ki, burada əlbəttə, taxıl üstünlük təşkil edir (ötən il Rusiyadan Azərbaycana 293 milyon 235 min dollar məbləğində və ya 1 milyon 350 min ton həcmində buğda gətirlib - V.T.).
Ötənilki rəqəmlər əlimdə olmasa da, 2019-cu ildə Azərbaycan taxılın 82,  günəbaxanın 100,  kartofun 64,5, hazır şəkərin 99,  düyünün 21,5, ətin 8,2, süd məhsullarının 9,8, mineral gübrələrin 86,7, yem xammalının 36,5 faizini Rusiyadan alıb. Eləcə də, 46 milyon dollarlıq bitki yağları gətirilib ki, bu da Azərbaycana idxal olunan eyni məhsulun 20 faizi deməkdir.
Bu yerdə, Dövlət Statistika Komitəsinin səhifəsində 2020-ci il üçün də Rusiya və Ukrayna ilə Azərbaycan arasında ticarət göstəricilərini tapdım və bəzi məhsullarla bağlı konkret rəqəmləri qeyd etmək istəyirəm.

Rusiya ilə ticarət
Pandemiyanın ölkələrarası əlaqələri dondurduğu 2020-ci ildə Azərbaycanla Rusiya arasında ticarətin həcmi 2,7 milyard dollara yaxın olub ki, bunun da təxminən 2 milyard dolları (1 milyard 962 milyon dollardan artıq hissəsi – V.T.) Rusiyadan Azərbaycana idxalın payına düşüb. Həmin il Rusiyadan ən çox nələr alınıb və həmin məhsullara nə qədər pul ödəmişik? Alınan məhsulların maddi dəyəri əsasında hazırlanmış təxmini siyahıya baxaq: Buğda 294 milyon dollar, kartof 24 milyon dollar, bitki yağı 42 milyon dollar, marqarin tərkibli yağlar 21 milyon dollar, şəkər və şəkər tozu 13,8 milyon dollar, şokolad məhsulları 47,6 milyon dollar, un və un məhsulları 22,6 milyon dollar, qazlı və mineral su çeşidləri 12,5 milyon dollar, dərman preparatları 27,6 milyon dollar, gübrələr 80 milyon dollar, sürtkü yağları 15,1 milyon dollar, kimyəvi yuyucu vasitələr 17,5 milyon dollar, taxta-şalban 100 milyon dollar, yonqar tərkibli plitələr 15,5 milyon dollar, kağız-karton əsaslı gigiyenik vasitələr 11,3 milyon dollar, polad prokadı 62 milyon dollar, metal konstruksiyalar 10,4 milyon dollar, paltaryuyan maşınlar 23,6 milyon dollar, transfarmator və akkumlyatorlar 12 milyon dollar, televiziya qəbulediciləri 44,5 milyon dollar, yük maşınları təxminən 10 milyon dollar, rezin şinlər 10,1 milyon dollar, quş əti və yumurta 7,8 milyon dollar, balıq və konservləri 4,3 milyon dollar, çay 5,4 milyon dallar, süd-pendir məhsulları 5,6 milyon dollar, makaron-vermişel 4,7 milyon dollar, kolbasa məmulatları 9,2 milyon dollar və sair.
Azərbaycan ixrac müstəvisində də Rusiya bazarına bağlıdır. Ölkəmiz 2019-cu ildə pomidorun 99,6, fındığın 46,6, meyvə və tərəvəzlər, faraş kartofun 92,6 faizini Rusiyaya ixrac edib.

Ukrayna ilə ticarət
Ukrayna isə Azərbaycanın dünya üzrə 7-ci əsas ticarət ortağıdır. Ötən il Azərbaycandan Ukraynaya 452,449 milyon dollar mal göndərilib, əvəzində isə bu ölkədən respublikamıza 470,024 milyon dollarlıq məhsul gətirilib. Ukrayna ilə ticarət əlaqələrində əsasən tütün məmulatı və siqaretlər, ərzaq məhsulları, dərman ləvazimatları üstünlük təşkil edir. 
Gəlin 2020-ci ilin statistikasına əsaslanaraq ölkəmizin Ukraynadan məhsul idxalına maddi dəyəri nəzərə alınmaqla göz gəzdirək: İribuynuzlu heyvan 9 milyon dollar, heyvan əti 28 milyon dollar, quş əti və yumurta 21 milyon dollar, süd-pendir məhsulları 5,5 milyon dollar, kərə, marqarin və bitki mənşəli yağlar 27 milyon dollar, meyvə-tərəvəz 8,6 milyon dollar, qənnadı məhsulları 7,8 milyon dollar, şokolat məhsulları 7,6 milyon dollar, un məmulatları 7,7 milyon dollar, tütün məhsulları 47,8 milyon dollar, siqaret 22,2 milyon dollar, dərman preparatları 16,7 milyon dollar, polad prokadı 13,3 milyon dollar, akkumlyatorlar 3,6 milyon dollar və sair.
Bu arada, istər Rusiya, istərsə də Ukrayna ilə sadəcə maddi dəyəri 4 milyon dollardan artıq olan məhsulların adlarını qeyd etdim. Bütün məhsulların siyahısı isə qeyd etdiyimdən üç dəfə uzundur. Rusiyanın başı daxili tələbatı təmin etməyə qarışdığı, Ukraynada isə müəssisələrin çalışmadığı bir vəziyyətdə, Azərbaycan bazarına daxilolmalar reallaşacaqmı? Əgər məsələn, Ukraynadan qeyd olunan məhsullar gətirilməzsə, deməli bazarda tələb təklifi qabaqlayacaq və avtomatik qiymət qalxacaq. Əlbəttə, alternatib bazarlar tapılmalıdır, amma bunun üçün bütün hallarda vaxt lazımdır.
Bu arada qeyd edim ki, Rusiya və Ukrayna ilə ticarətdə yaranmış çətinlik ucbatından Azərbaycan bazarına mənfi təsir daha çox ərzaq məhsullarında, o sıradan kərə və bitki yağlarında, çörək və un məmulatlarında, dərman preparatlarında, siqaretdə və tütün məmulatlarında müşahidə olunacaq.
Tikinti materiallarına, xüsusilə də ağac və taxtaya  gəlincə, bu sahədə də ixrac çətinlikləri yarana bilər.

Sanksiyalar
Elə dünən - müharibənin 20-ci günü bəlli olub ki, Rusiya dünya üzrə ən çox sayda sanksiyaya məruz qalmış ilk ölkədir. “Castellum.ai”nin araşdırmasına görə, fevralın 22-dən martın 15-dək olan müddətdə Rusiyaya qarşı ümumilikdə 3646 sanksiya tətbiq edilib. Bununla da Rusiyaya tətbiq olunan sanksiyaların toplam sayı artaraq 6400-yə yüksəlib. Bununla da Rusiya tarixdə ən çox sansksiyaya məruz qalmış ilk 7 ölkənin siyahısında 1-ci pillədə yerini möhkəmlədib.
Məlumat üçün xatırladaq ki, siyahıda ikinci yeri 3616 sanksiya ilə İran, üçüncü pilləni 2608 sanksiya ilə Suriya, dördüncü yeri 2077 sanksiya ilə Şimali Koreya, beşinci sıranı 651 sanksiya ilə Venesuela, altıncı yeri 510 sanksiya ilə Myanmar, yeddinci yeri isə 208 sanksiya ilə Kuba tutur.
Hətta “Castellum” Rusiyaya ən çox sanksiya tətbiq edən ölkələrin də siyahısını dərc edib. Məlum olub ki, fevralın 22-dən martın 15-dək Avropa İttifaqı Rusiyaya qarşı 678, Fransa 572, İsveçrə 568, Kanada 511, Avstraliya 464, ABŞ isə cəmi 278 sanksiya tətbiq edib.
Rusiyaya tətbiq olunan sanksiyalardan yarıdan çoxu – 3257-si ayrı-ayrı şəxsləri, 379-u təşkilat və qurumları hədəf seçib...
Oxşar xəbərlər