İƏT-in Zirvə Toplantısı: nəticələri nə olacaq?

  • 29 noy 2021, 20:26
“Türkmənistanın paytaxtı Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısı yekunlaşdı. 26 noyabr Soçi görüşündən sonra və 15 dekabr Brüsseldə baş tutacaq ikitərəfli görüşdən öncə bu toplantı və verilən bəyanatları vacib qiymətləndiririk”.
Bunu Azərbaycan Yüksəliş Partiyasının Başqan müavini Ehtiram İlham deyib.
O bildirib ki, Soçi bəyanatında kommunikasiyanın bərpası ilə bağlı açıq qeydlər olmadı.
“Müxtəlif səpkilərdə görüşlə bağlı neqativ rəylər səsləndirilsə də, mən masada Azərbaycanın əlinin güclü olduğu düşüncəsindəyəm. Əliyevin Soçi görüşündən bir gün sonra – Aşqabad Zirvəsində “Zəngəzur dəhlizi reallığa çevrilir” sözləri və İƏT ölkələrini dəhlizdən istifadəyə dəvət etməsi də Soçi görüşünün nəticələrinin uğurlu olduğundan xəbər verir. Zəngəzur dəhlizinin açılması ilə bağlı iddialı mövqe ortaya qoyulursa, deməli, Soçi görüşündə Paşinyanın Azərbaycanın Naxçıvanla əlaqəsini yaradacaq nəqliyyat xəttində nəzarət-buraxılış məntəqəsinin qoyulması cəhdi qəbul edilməyib. Bu, həm də bizim, “Paşinyanın nitqi erməni cəmiyyətinə yönəlib” tezisimizin təsdiqi idi. Ötən günlərdə Ermənistan baş nazirinin “Azərbaycanı Naxçıvanla birləşdirəcək xəttin hansı formada olacağına mən qərar verirəm” kimi pafoslu nitqi fiaskoya uğradı.
Faktiki olaraq bir neçə regionu birləşdirən qovşaq rolunu oynayan Zəngəzur dəhlizi İƏT-in 10 üzvünün də ortaq məsələsidir. Məsələ ondadır ki, bu dəhliz Şərq-Qərb və Şimal-Cənub dəhlizləri baxımından da önəmlidir. Məhz belə məqamla bu istiqamətdə ciddi müzakirələrin davam etdiyi vaxtda 28 noyabrda Türkmənistanın paytaxtı Aşqabad şəhərində İƏT Zirvə Toplantısında Zəngəzur dəhlizinin prioritet mövzu olması proseslərin Azərbaycanın xeyrinə olduğunu göstərir. Nəzərə alsaq ki, İƏT-ə üzv ölkələrin bir neçəsi həm də KTMT üzvüdür, o zaman demək mümkündür ki, Rusiyanın da bu məsələdə geri dönüş imkanları zəifdir. İƏT XV Zirvə Toplantısının yekununda Aşqabat bəyannaməsinin qəbul olunması və burada Azərbaycan xalqının və hökumətinin işğal edilmiş ərazilərin azad edilməsi və ərazi bütövlüyünün bərpa olunması münasibətilə təbrik edilməsi starteji əhəmiyyətli nüansdır. Dolayı yolla, KTMT üzvləri Ermənistanı işğalçı dövlət adlandırır. Təxminən 2 həftə sonra isə Zəngəzur dəhlizinin Avropada müzakirə ediləcəyini nəzərə alsaq, deyə bilərik ki, Azərbaycanın yaratdığı reallıqlarla hesablaşmaların şahidi olmaqdayıq.

Aşqabadda Azərbaycan-İran-Türkmənistan qaz mübadiləsinə dair üçtərəfli saziş imzalandı. Türkmənistan İran vasitəsilə Azərbaycana ildə 1,5-2 milyard kubmetrədək qaz göndərəcək.
Bu, Türk Dövlətləri Təşkilatına yeni qoşulan Türkmənistanın uğurlu addımlarla təşkilata inteqrasiyasına səbəb olacaq. Uzun illərdir Rusiya və Çin bazarından asılı qalan Türkmənistanın Avropa bazarına çıxışı Azərbaycanın və Türkiyənin dayaqlarının son dövrlər xüsusən dünya güclərinin əsas fokuslandığı mərkəz olan Mərkəzi Asiyada güclənməsi deməkdir.

İƏT-in XV Zirvə Toplantısının ardınca Bakı və Tehran liderlərinin görüşü də əhəmiyyətli nüansların xəbərçisidir. Xoş görüş İranın Azərbaycana qarşı çoxəsrlik niyyətinin 1 gündə dəyişməsi anlamına gəlməsə də, rəsmi Bakının diktə etdiyi şərtlərlə artıq İslam Respublikasının da barışması deməkdir. Ermənistanın bölgədə əsas havadarlarından olan ölkənin xarici siyasətindəki manevr postnmünaqişə dövründə Azərbaycanın xarici siyasət uğuru hesab oluna bilər. Bir sözlə, son görüşlər Azərbaycanın Ermənistanla masada əlini gücləndirəcək faktorlarla zəngindir və ərazi bütövlüyümüz məsələsəsində bütün sabotajçı qüvvələrə rəğmən masada güclü olmağımız suverenliyimiz üçün faydalı nəticələrə gətirib çıxaracaq”, - o əlavə edib.
Oxşar xəbərlər