Əhaliyə BİLDİRİŞ! "Azərişıq" hansı halda abonentin işığını kəsə bilər?

  • 18 noy 2021, 14:40
Azərbaycanda əhali ilə enerji təchizatçıları arasında bəzi ənənəvi problemlər mövcuddur. Tez-tez qurumlar açıqlama yayır ki, abonentlər istifadə etdikləri elektrik enerjisinin, təbii qazın, mərkəzi isitmə və soyutma təchizatı və ya isti məişət suyunun istifadəsindən yaranan enerji haqlarını vaxtlı vaxtında ödəmirlər, bəzən də abonentlər təchizatçıların borc tələb edərkən bir sıra nöqsana və qanunsuzluğa yol vermələrini, zalımlıqlarını dilə gətirirlər. 
"Demokratik.Az" saytı problemin aktuallığını və ictimai maarifləndirmənin vacibliyini vurğulayaraq, mövzu ilə əlaqədar ölkənin ən strateji enerji təchizatçısı olan "Azərişıq" ASC-nin fəaliyyəti dövründə debütor borcu yaranmış abonentlərinə münasibətini araşdırıb. Bu qurumun da adı abonentlərinə qarşı xeyli qalmaqalda, özbaşınalıqlarda çəkilir. Gah eşidirik ki, "Azərişıq" abonentin xeyrinə olan qətnaməni saymadan evin işığını kəsir, gah deyirlər ki, hansısa rayonun nəzarətçi-mühəndisi əlinə kəlbətin götürüb hansısa kasıbın elektrik kabelini doğrayır, gah da bilirik ki, hansısa generalın obyektinə axan elektrik enerjisi "itki" kimi rəsmiləşdirilərək büdcəyə ziyan dəyir. Qurumun bəzi başbilənlərinin qanundankənar idarəçiliyi abonentlərin "Azərişıq"-a və nəticə etibarilə qanun aliliyinə olan inam və ümidlərini azaldır. 

Sualımız isə belədir. "Azərişıq" hansı halda abonentin işığını kəsə bilər? 

Qurum yaranandan bəri, təcrübələri göstərir ki, "Azərişıq" elektrik enerjisindən istifadə ilə bağlı yaranmış borca görə olduqca dözümsüzdür. Müşahidə olunur ki, yerli RETSİ-lərin istəyi və tapşırıqları ilə istirahət günləri də daxil, əksər nəzarətçi-mühəndislər pul yığımı barədə özlərinin satış rəislərinə gündəlik hesabatlar verir, hansısa qanunsuz öhdəliklər əsasında özlərinə fərqli iş qrafiki qururlar. Nəticədə, abonentlər 3-5 manat borca görə də problem yaşamamaları üçün elektrik enerjisi haqlarının dərhal ödənilməsinə süni əsaslarla məcbur edilirlər.

"Azərişıq" ASC-nin elə mətbuat vasitəsilə də ənənəvi açıqlamalarında bildirilir ki, Abonentlərə nəzarətçilərin vasitəsilə çatdırılan qəbzin üzərində xəbərdarlıq bildirişi də yazılır. Və hər bir abonentin hansı tarixədək borclarını ödəməli olduğu qeyd edilir. Maraqlıdır ki, qurum "Elektrik enerjisinin istifadə qaydaları"nı təhrif edərək öz istəklərinə uyğun şəkildə payladıqları bildirişdə verildikdən sonra cəmi 5 gün ərzində abonentin öz borcunu ödəməsi məcburiyyəti qoyur. Və məhz 5 gün sonra daxili göstəriş əsasında istədiyi abonentin elektrikini kəsir.

Halbuki, "Elektrik təchizatı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq qanunvericilik tələblərinə görə, abonentə xəbərdarlıq edildikdən yalnız 1 ay sonra borc ödənmədikdə, "Azərişıq" ASC-nin ixtiyarı var ki, konkret işıq təchizatını dayandırsınlar. Yəni, abonentlərin öz borclarını xəbərdarlıq əsasında 30 iş günündə ödəməsinə qurum şərait yaratmalıdır. Təəssüf ki, əksər rayon RETSİ-ləri qanunun tələblərinin qorunmasında deyil, qısa müddət ərzində abonentlərindən enerji haqlarının yığılmasında daha çox maraqlıdır.

RETSİ-lərdə satış rəislərinin incələmələri əsasında ayrı-ayrı ərazilər üzrə abonentlərə satılmış aylıq enerjinin miqdarını və ərazi üzrə qalıq debütoru cəmlənərək nəzaərtçi-mühəndislər üçün gündəlik plan yükləmələri tətbiq edilir. Nəticədə, sıxışdırılan nəzarətçi planı yerinə yetirmək üçün abonentlərinə qarşı qeyri-nəzakətli davranır, qorxutmaq məqsədilə qanundankənar şəkildə kiminsə işığını kəsməyə vadar olur. 

Məlumat üçün onu da bildirək ki, təkcə paytaxt Bakıda elə yarıtmaz transformatorlar mövcuddur ki, SSRİ dönəmindən qalıb. Və ay ərzində 30-40 faiz enerji itkisinə səbəb olur. Bu da Azərişıq üçün arzuedilməz başağrılarına, plan azalmalarına, nəticədə borclu abonentlərə olan süni hücumlara çevrilir. İctimaiyyətdən gizlədilən daha ciddi maxinasiyalara, maddi itkilərə yol açır. Səbəbi müxtəlif olsa da, əsasən transformatorların istismar müddətini başa vurması, daha çox abonentin şəbəkəyə qoşulması ilə qurum təchizatda problemlər yaşayır. Cari təmir adı ilə transformatorlara ayrılan küllü miqdarda büdcə vəsaitlərinin nə işə yaradığını, kimləri varlandırdığını isə xüsusi təftişlə bilmək və ifşa etmək maraqlı olar. Yoxsa, qurumun rəhbərlik səviyyəsində nizamsız idarəçiliyi ildən ilə işıqpulunun qaldırılmasından və iri korrupsiyadan savayı bir şeyə fayda verməyib. Bu barədə ayrıca müzakirə və araşdırmalar da aparılmalıdır. 

Mövzudan uzaqlaşmadan, qayıdaq Azərişıq abonentlərinə: Qanunları pozmamağa, işıqpulunuzu vaxtında ödəməyə çalışın. Amma, "Azərişıq" nümayəndələrinin də sizi aldatmasına, hüquqlarınızı pozmasına imkan verməyin!

Osman Nərimanoğlu
Demokratik.Az
Oxşar xəbərlər