Problemli kreditlərlə bağlı şok açıqlama

  • 14 may 2015, 13:11
"Mərkəzi Bank martın ayının məlumatlarını açıqladı. Mənzərə vəziyyətin getdikcə qəlizləşdiyini göstərir. Bank sektoru özünün ağır dövrünə qədəm qoyub. Mərkəzi Bankın hesabatına görə, problemli kreditlərin həcmi 1,2 milyard manata çatıb".


ANS PRESS-in məlumatına görə, bunu iqtisadçı Samir Əliyev bildirib. Mütəxəssis qeyd edir ki, 2015-ci ilin 3 ayı ərzində belə kreditlər 24% artıb. İqtisadçının fikrincə, kredit qoyuluşunun artımı əslində daha az - 11% olub:

"Rəsmi məlumatlara görə, vaxtı keçmiş kreditlərin payı 5,9%-ə yüksəlib ki, bu da son 2 ildə ən yüksək göstəricidir. Statistik məlumatlar vəziyyətin çox da kritik olmamasını göstərir. Geri qayıtmayan kreditlərin həcmi rəsmi məlumatlardan dəfələrlə çoxdur. Problemli kreditlərin payı təhlükəli həddi keçib. Bu gün ölkə üzrə problemli kreditlərin payının ikirəqəmli olmasını çəkinmədən deyə bilərik. Apardığımız müşahidələr və analizlər bu fikri təsdiq edir. Hətta elə banklar var ki, onların kredit portfelinin az qala yarısı problemlidir".

İqtisadçı hesab edir ki, ölkə üzrə problemli kreditlərin payı 20%-dən çoxdur. Bu, artıq kritik həddir: "Mövcud böhranı heç də təkcə devalvasiya ilə əlaqələndirmək düzgün olmazdı. Problem başlanğıcını kredit portfelini sürətlə artıran bankların risk menecmentini düzgün qurmamasından götürüb. Onların ən böyüyü Beynəlxalq Bankdır. Çünki Beynəlxalq Bank illərlə qüsurlu və riskli kredit siyasəti aparıb. Bu bankın kredit portfelinin şişməsi paralel olaraq problemli kreditləri şişirdib".

Mütəxəssisin sözlərinə görə, problemli kreditləri istehlak yox, məhz biznes kreditlərinin hesabına artıb. Yəni, burda günahkar sadə vətəndaş yox, iri sahibkarlardır: "Təbii ki bu işdə son nöqtəni devalvasiya qoydu. Manatın dəyərini 35% itirməsi dollar kreditlərinin ödəniş məbləğini birdən-birə 35% artırdı. Təsadüfi deyil ki, təkcə fevral ayında dollar kreditləri üzrə problemli kreditlərin həcmi 55% artdı. Banklar 5 milyard manatlıq valyuta kreditini restrukturizasiya etməli oldular. Onların müddəti uzadıldı, faiz dərəcələri bir neçə bənd aşağı salındı. Ancaq bu addım problemi həll edə bilmədi. Səbəb isə Konstitusiya Məhkəməsinin mayın 7–də nəzərdə tutulan iclası idi. Əhalinin Konstitusiya Məhkəməsinin onların xeyrinə qərar çıxaracağı kimi ümidləri gözləmə mövqeyinə keçirtdi və bu da ödəmənin davamiyyətinə ciddi təsir göstərdi. Hazırda əhali və sahibkarlar ödənişi dayandırıblar və qərarı gözləyirlər. Konstitusiya Məhkəməsinin qərarının gecikməsi ödənişlərdə problemlər yaradır. Bir neçə ay öncə proqnozlaşdırdığımız vəziyyət artıq göz qabağındadır".

Samir Əliyevin fikrincə, bank sektoru neftin ucuzlaşmasından və devalvasiyadan böyük zərbə alıb. İkinci devalvasiya bu sistem üçün öldürücü ola bilər: "Kredit qoyuluşu zəifləyib. 1-ci rübün nəticələri göstərir ki, əksər bankların faiz gəlirləri kəskin aşağı düşüb. Bu da onların mənfəətinin azalmasına, zərərinin artmasına səbəb olacaq. Bir tərəfdən manat qıtlığı, digər tərəfdən aktivlərin zərərinin artması bankları kredit şərtlərini sərtləşdirməyə sövq edəcək. Artıq bu tendensiya müşahidə edilir. Əziyyət çəkənsə ölkə iqtisadiyyatı olacaq".
Oxşar xəbərlər