"AZƏRİŞIQ"da dövlət əmlakı talanır: Anbara verilməli sayğaclar Bərdə bazarına satılıb - FOTOLAR

  • 28 iyun 2021, 13:56
"Azərişıq" ASC-də dövlət əmlakına qarşı aşkar laqeyidlik, hətta talama, mənimsəmə və israfetmə halları çox geniş vüsət alıb. Son illərdə istehlakçılardan sökülərək yalnız sənəd üzərində uçotu görünən, faktiki olaraq isə qurumun Mərkəzi anbarına mədaxil edilməyən sayğacların sayı ölçüyəgəlməzdir.
"Demokratik.Az"-ın bu barədə əldə etdiyi məlumata görə, özbaşınalığın miqyası paytaxt Bakı da daxil olmaqla bütün ölkəni əhatə edir. Məsələn, əldə etdiyimiz təkzibedilməz fakta görə, təkcə Bərdə rayonu üzrə 100-lərlə nömrəli sayğac müxtəlif səbəblərdən aktlaşdırılaraq sökülüb, lakin "Azərişıq" ASC-nin MƏRKƏZİ ARAN RETSİ-nin (Regional Elektrik Təchizatı və Satış İdarəsi-red) Sayğac Quraşdırma və Uçota Nəzarət İdarəsinin işbaz əməkdaşları tərəfindən müxtəlif şəxslərə hər biri 15-30 manata satılaraq talanıb. Əllərdə gəzən və dövlət mülkü sayılan sayğaclar Bərdə şəhərinin Mərkəzi Bazarında bütün satış məntəqələrini, kafe və mağazaları, anbarları da yaxşıca bəzəyib. Bazarda “kontrol” olaraq fərdi şəxslərin obyektlərə quraşdırdıqları işlənmiş sayğacların əksəri işlək, istismara bəlkə də tam yararlı vəziyyətdədir.

Aldığımız məlumata görə, sayğacların talanmasına məsul olanlar yerdə birbaşa Mingəçevirdə yerləşən Aran Regional RETSİ-nin rəisi Abbas Quliyev və idarənin laboratoriya müdiri, ASC sədri Vüqar Əhmədovun da yaxın qohumu Elxan Əzimovdur. Belə ki, region rayonlardan sökülüb toplanan bütün sayğacların qeydiyyatının aparılması, aidiyyatı üzrə müayinə üçün Bakıya göndərilməsi məhz onların vəzifə öhdəliklərindəndir ki, bu iş bilərəkdən icra edilmir. “Azərişıq” ASC-nin Mərkəzi anbarının, mərkəzi idarəetmə aparatı əməkdaşlarının və aidiyyatı şöbələrin tam nəzarətsizliyi və məsuliyyətsiz davranışları isə bütün qurumu sözügedən özbaşınalıqlara birbaşa cavabdeh edir. Sənədlərdə mövcud olan minlərlə sayğacın faktiki mövcud olub-olmadığını, anbarın niyə boş olduğunu vecə almadıqdan, sökülmüş sayğacları tələb etmədikdən sonra belə özbaşınalıqların da ortaya çıxması gözləniləndir və qayət də “normal”dır. Mədaxildən yayınan sayğacların texniki təhlükəsizlik olmadan bazar ərazisində istifadəsinə və quraşdırılmasına yerli satış şöbəsinin, nəzarətçi-mühəndislərin göz yummaları isə bu işdə Bərdə elektrik şəbəkəsinin rəhbərliyinin də fəaliyyətinin nöqsanlı olduğuna əsaslı şübhələr yaradır.
 
Onu da xatırladaq ki, elektrik sayğaclarının sökülməsi, dəyişdirilməsi, əvəzlənməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nda öz əksini tapır. Bunun üçün əsaslar və xüsusilə də , enerjitəchizatı müəssisəsi tərəfindən sökülərək götürülən hesablaşma elektrik sayğacının daha sonra laboratoriya şəraitində araşdırılması və yararlıdırsa yenidən rəsmiləşdirilməklə istifadəyə qaytarılması tələbi açıq-aydın təsbit edilib. Müvafiq RETSİ-lərdə Sayğac Quraşdırma və Uçota Nəzarət İdarəsinin mühəndislərinin nəzarəti ilə texnikləri tərəfindən Rayon İdarəsi tərəfindən yazılmış aktlar, iş tapşırıqları, xidməti məlumatlar və Asan Xidmət mərkəzlərindən daxil olmuş sifarişlərə əsasən yeni sayğacların quraşdırılması, dəyişdirilməsi, yenidən yoxlanması və möhürlənməsi, protokollaşdırılması proseslərini də nəzərə alsaq, oxucuya nə dediyimiz daha müfəssəl aydın olar.

Bərdənin timsalında araşdırılsa aydın olar ki, ölkə üzrə axı neçə sayğac torbaya qoyulub möhürlənərək “Rəy” verilməsi üçün qurumun Laboratoriyasına göndərilib? Təkcə Bakıda məcburi köçkünlərin adına açılmış kodla sökülmüş sayğaclar hara və necə "yoxa çıxarılıb", ümumiyyətlə neçəsi anbara və laboratoriyaya qəbul edilib? Eləcə də maraqlıdır, “Azərişıq” şəffaf hesabat verə bilərmi ki, mərkəzi anbarda faktiki olaraq neçə sayğac var, son 5 ildə neçə sayğacın laborator müayinələri aparılıb, rəydən çıxan neçə sayğac hər hansı bir qüsur səbəbindən istismara yararsız kimi dövriyyədən tam çıxarılıb, və ya xəta faizləri normal  buraxılan olduğu halda isə təkrarən yuxarıda qeyd olunan qaydada yoxlamadan keçirilərək neçə sayğac möhürlənərək, saxlanca daxil  edilib? Və ya Sayğac Test və Təmir Laboratoriyasında son illərdə neçə sayğacın nasazlığı aradan qaldırılaraq təmir edilib?
Bu cür statistik təhlil tələb edən, informasiya bazasındakı (İB) formal rəqəmlərə faktiki sayılmada onsuz da rast gəlinməyəcək sualların cavabı daha bir sualdadır. Necə olub ki, yüzlərlə kodlu sayğac İB-də ola-ola ucuz qiymətə Bərdə bazarına paylanıb? Özü də bu əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsində dövlət əmlakına qarşı talançılıq, dağıdıcılıq, mənimsəmə və israfetmə olduğunu bilə-bilə...

İnanırıq ki, "Azərişıq" aydınlıq gətirəcək ki, axı sökülmüş sayğacların taleyinə biganə yanaşıb xalqın və dövlətin malına niyə belə xor baxır? 
(mövzu diqqətimizdədir, daha müfəssəl məlumatlar veriləcək)

Osman Nərimaonğlu
Demokratik.Az

BƏRDƏ BAZARINDAN ÇƏKİLMİŞ BƏZİ FOTOFAKTLAR...
Oxşar xəbərlər