Zakir Fərəcov vergi borcu olan şirkətlə tender müvaqiləsi bağladı

  • 14 iyun 2021, 17:54
Sumqayıt Şəhər İcra Hakimiyyəti keçirdiyi növbəti satınalma müsabiqələrinin qaliblərini açıqlayıb. 
Sumqayıt şəhəri, 1-ci mikrorayonda yerləşən 11 saylı körpələr evi-uşaq bağçasının əsaslı təmir işləri üzrə müsabiqənin qalibi “Everest Tikinti” MMC, Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən 53 saylı körpələr evi-uşaq bağçasının və Sumqayıt Şəhər İcra Hakimiyyətinin inzibati binasının avtomobil qarajlarında cari təmir işlərinin satın alınması üzrə tenderin qalibi isə “Urban Trade” MMC olub.
İcra hakimiyyəti “Everest Tikinti” MMC-yə 258 360 AZN, “Ubvan Trade” MMC-yə isə 61 215.05 AZN ödəyəcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “Everest Tikinti” MMC-nin 11 fevral 2019-cu il tarixdə qeydiyyatdan keçib. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Beyləqan rayonu, Beyləqan şəhəri, Əzizbəyov küçəsi, ev 28-də yerləşir. MMC-nin qanuni təmsilçisi isə Rəhimov Firdovsi Yaqub oğludur. 
Araşdırmalarımız zamanı bəlli olub ki, “Everest Tikinti” MMC-nin qanuni təmsilçisi 3 dəfə dəyişib. MMC-nin birinci qanuni təmsilçisi Abdulov Zəfər Yusif oğlu olub. O, keçmiş məmurdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinin rəisi vəzifəsində çalışıb. Bəzi iddialara görə, şirkət əslində Zəfər Abdulovundur. 
Ondan sonra MMC-nin qanuni təmsilçisi Nuşirəvanlı Fərid İbrahim oğlu olub. 19 aprel 2021-ci il tarixdə şirkətin reyestr sənədlərinə dəyişiklik edilib. Güman ki, bu dəyişikliklə Fərid Nuşirəvanlı Firdovsi Rəhimov əvəzləyib.
“Everest Tikinti” MMC yarandığı qısa müddət ərzində çoxsaylı tenderin qalibi olub. Mediada gedən məlumatlardan belə aydın olur ki, şirkət şübhəli tenderlərdə iştirak üçün təsis olunub. MMC-nin qısa müddət ərzində iri məbləğli tenderləri udması bu iddiaların əsassız olmadığını şübhələri artırır.
“Urban Trade” MMC-yə gəlincə, bu şirkət cəmi 1 ildir ki, yaranıb. Reyestr məlumatlarında göstərilir ki, şirkət 13 may 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, 7,8,12-ci məhəllə, ev 92A, mənzil 24-də yerləşir. MMC-nin qanuni təmsilçisi Cəbrayılov Turan Şahin oğludur. 
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi barədə hər hansı məlumat yoxdur. Cəmi bir ildir fəaliyyət göstərən şirkətin hazırda 2219.57 AZN vergi borcu var. “Dövlət satınalmaları haqqında” Qanuna görə vergi borcu olan şirkətlər satınalma müsabiqələrində iştirak edə bilməz. Qanunda həmçinin qeyd edilir ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması vacibdir. Bir ilin şirkətinin bu şərtlərə cavab verdiyi inandırıcı görünmür.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovdur. 2015-ci ildən bu vəzifədə olan Zakir Fərəcov ən çox tənqidə məruzə qalan icra başçılarındandır.
mənbə - HİT.Az
Oxşar xəbərlər