“Bank Respublika” bağlanır? - 416 milyon manatdan çox vəsait itirib

  • 09 iyun 2021, 21:38
Aktivlərinin həcminə görə Azərbaycanın ən böyük kommersiya banklarından biri olan "Bank Respublika”ya hüquqi şəxslər etibar etmir. Zaman-zaman problemlərlə üzləşən "Bank Respublika” bu münasibətdən irəli gələrək 2020-ci ildə daha böyük çətinliklə qarşılaşıb.

Ötən il bankın hüquqi şəxs statuslu müştəriləri burada saxladıqları vəsaitin yarıdan çoxunu geri götürüb.

Bankın açıqladığı məlumatlara əsasən, 2019-cu ilin sonunda "Bank Respublika”da hüquqi şəxslərə məxsus 793,55 milyon manat həcmində depozit olub. 2020-ci ilin sonunda hüquqi şəxslərə aid depozitlərin həcmi birdən-birə 2,1 dəfə azalaraq 377 milyon manata düşüb. Bank il ərzində 416 milyon manatdan çox vəsait itirib.

Hüquqi şəxslərlə bərabər Mərkəzi Bank da burada olan vəsaitlərinin bir hissəsini geri çəkib. Mərkəzi Bankın və digər fondların burada olan 20,7 milyon manatlıq vəsaitin miqdarı 13,4 milyon manata kimi geriləyib.

Ötən il ümumən bank sektoru üçün çətin dövr olub və bankların bəziləri müəyyən qədər vəsait itkisi ilə üzləşib. Amma heç bir bank il ərzində bu qədər vəsaitin geri çəkilməsi faktı ilə üz-üzə qalmayıb.

Hüquqi şəxslər daha təcrübəli, maliyyə savadı yüksək olan müştəri kontingentidir, onlar nə etdiklərini yaxşı bilirlər. Maliyyə savadı yüksək olan müştərilərin "Bank Respublika”ya bu cür münasibəti onların çətin məqamlarda bu banka etibar etməməsindən xəbər verir.

"Bank Respublika” ətrafında əvvəllər də oxşar vəziyyət olub və bu vəziyyətlə əlaqədar hətta bankın bağlanması ehtimalı da irəli sürülüb. Yaranmış vəziyyətdə bank xeyli sayda müştərisini və böyük vəsaitini itirib. Ötən il baş verənlər də oxşar situasiyanın təkrarıdır.

2020-ci ildə "Bank Respublika”dan böyük məbləğdə vəsaitin geri çəkilməsi aktivlərinin kəskin azalması ilə nəticələnib. Aktivlərin strukturuna nəzər yetirdikdə görürük ki, bank hüquqi şəxslərin geri götürdüyü vəsaiti maliyyələşdirmək üçün özünün nağd vəsaitlərindən, banklar və maliyyə institutlarında olan depozitlərindən istifadə edib.

2020-ci il ərzində "Bank Respublika”nın nağd vəsaitləri 597 milyon manatdan 338 milyon manata qədər azalıb. Azalmanın miqdarı 259 milyon manat, yaxud 43,3 faiz təşkil edib.

Banklar və maliyyə institutlarında "Bank Respublika”nın 205,2 milyon manat dəyərində depoziti var idi. Ötən il "Bank Respublika” bunun yarıdan çoxunu geri çəkərək depozitlərini 96 milyon manata endirib.

Bu tədbirlər bankın hüquqi şəxslər qarşısında yaranmış öhdəliyini maliyyələşdirməyə kifayət etməyib. Buna görə də bank əlavə borclanmaya getməli olub. "Bank Respublika” kredit təşkilatları və digər maliyyə institutları qarşısında borcunu 31 milyon manatdan çox artıraraq 180 milyon manatdan 211,2 milyon manata çatdırıb. Eyni zamanda borc faizlərini artırmaqla fiziki şəxslərdən daha çox depozit cəlb ediblər.

Bütün bunların nəticəsində "Bank Respublika”nın 2019-cu ilin sonunda 1,413 milyard manat dəyərindəki aktivlərin həcmi 2020-ci ilin sonunda 1,034 milyard manata qədər kiçilib. İl ərzində bankın aktivləri 379 milyon manat və ya 26,8 faiz azalıb. /sfera.az/
Oxşar xəbərlər