İcra başçısının rüşvətlə qazandığı 832 min manat hara yönəlib? - AÇIQLAMA

  • 29 apr 2021, 23:07
Rövşən Ağayev: “Bu vəsait ailəsinə məxsus “Az Forel” MMC-nin balıqyetişdirmə və emalı müəssisəsinin tikintisinə yönəlibır”
 
Şəmkirin kreslodan birbaşa həbsə göndərilən icra başçısı ilə bağlı hüquq-mühafizə orqanlarının açıqlamasında 2 maraqlı detal diqqəti çəkir. 
İqtisadçı-ekspert Rövşən Ağayev bütün diqqəti həmin detallara cəlb etməyə çalışıb.
“Detallardan biri budur ki, mənimsəmə və rüşvət yolu ilə qazandığı 832 min manatı ailəsinə məxsus “Az Forel” MMC-nin balıqyetişdirmə və emalı müəssisəsinin tikintisinə yönəlib, nəticədə cinayət yolu ilə əldə etdiyi vəsaitləri leqallaşdırmasına şübhələr yaranıb.  Bəlkə diqqətimdən qaçıb, bu günə qədər heç bir məmurun həbsi zamanı rüşvət yolu ilə qazandığı vəsaitləri biznes layihələri hesabına leqallaşdırmasına dair ittihamların irəli sürülməsi təcrübəsinə rast gəlməmişəm” – deyə ekspert vurğulayıb.

R.Ağayev qeyd edib ki, əgər artıq vəzifəli şəxslərin özlərinin və ailə üzvlərinin əmlakın mənbəyinin sorğulanması presedenti yaranırsa, bunu davam etdirmək pis olmaz: 
“Əmlak reyetrində, banklarda hər kəslə bağlı məlumatlar var. Çox təcili gəlir və əmlak bəyannaməsinə keçib hər kəsi dəqiq məlumatlar əsasında sahib olduqlarını cəmiyyətə açıqlamağa məcbur etmək lazımdır. Artıq bu vəziyyətdə cəmiyyətin ortaq razılaşması əsasında vəzifədən getmək, siyasi hakimiyyətlə bütün bağlarını kəsmək, qanunsuz qazandıqlarının bədəli olaraq müəyyən hissəsini dövlət büdcəsinə vergi formasında ödəmək şərtilə maliyyə amnistiyası aktuallaşa bilər”.
Onun sözlərinə görə, açıqlamadakı digər vacib detal, icra başçısının yalnız ittiham aktına düşən sərvətinin dəyərilə bağlıdır: 
“Məlum olur ki, təkcə bu əmlak hesabına sərvətin dəyəri az qala 5 milyon manatdır. Hər halda təcrübə göstərir ki, müəllimin bahalı mənizlləri və maşın kolleksiyası da olmamış deyil, əks halda Azərbaycansayağı sərvət ansamblı pozulmuş olar. Ölkədə yüz minlərlə ailənin çörək pulu uğrunda mübarizə apardığı bu gözəl və cəfakeş vətənimizdə icra başçısının 10 milyonlara manat sərvət sahibi olması ölkədə əmlak və gəlir qeyri-bərabərliyinin fəlakətli miqyasını göstərir”.
Oxşar xəbərlər