Uşaqpulu ilə böyümüş İlqar Məmmədov özü neçənci doğulub? - Ayrıseçkilik qəbuledilməzdir!

  • 04 apr 2021, 12:30
Ötən gün "REAL" partiya başqanı İlqar Məmmədov özünün feysbuk səhifəsində “Uşaqpulu” mövzusuna baş vurararaq xalqı bu tezislə aldadıb-alçaldan yaramazların hər birinin cavabını artıqlaması ilə verəcəyini söyləyib. Partiya sədri öz açıqlamasında təkəbbürlü və digər fikir adamlarına, siyasətçi və ekspertlərə qarşı aşağılayıcı davranaraq debilləşdirici şüar hesab etdiyi məsələnin büdcəyə və iqtisadiyyata neçəyə başa gələcəyini konkret rəqəmlərlə izah etməyə çalışıb. Bir az da irəliləyərək, öz hesab-kitabıyla təhlil və təklif paketini özünün əvəzedilməz bir ilki adlandırıb.

İlqar Məmmədov; "Sadəcə “uşağım var, dövlət mənə pul versin” təsəvvürünü insanlarda yetişdirənlər ya nə danışdıqlarını heç anlamırlar, ya da xalqa vicdanlı xidmət hissini tam itirmişdirlər" - deyərək fikirlərinə davam edib və bu məsələ ilə bağlı partiyasının mövqeyini açıqlayıb: 
Partiya sədri müəyyən statistik rəqəmləri və sosial səbəbləri yada salaraq ölkədə doğum faizinin azaldığını, bunun qarşısının alınması üçün də bir sıra tədbirlər görülməsinin vacibliyini deyib. 

İlqar Məmmədovun məntiqinə görə, birinci uşağa görə dövlət heç kəsə maddi yardım verməməlidir. Birinci uşaq ailələrin tam şəkildə öz məsuliyyəti, seçimi və planı olmalıdır. İkinci uşağın doğulması və müəyyən yaşa çatması üçün isə dövlət tərəddüd edən ehtiyaclı valideyinlərə öz dəstəyini təklif etməlidir. Yardım məbləği qəpik-quruş yox, əhəmiyyətli olmalıdır. Amma bu vəsaitin valideyinlər tərəfindən məhz uşaqların qida, təhsil, geyim və müalicəsinə xərcləməsi üzərində dövlət ciddi nəzarət qurmalıdır. 

Bunları dedikdən sonra, üçüncü və sonrakı uşaqları da yada salan İlqar Məmmədov çoxuşaqlı ailələr üçün də yalnız ikinci uşaq üçün 100 manat məbləğində müavinət verilməsi təklifində qalıb, bunun valideyinlərin öz məsuliyyətli seçimi və planı olmalısını deyib. 

"Bu məsuliyyətli seçimi etməkdə dövlətin ümumi iqtisadi siyasəti valideyinləri inandırmaqla yardımçı olmalıdır" - deyən siyasətçi iş yerlərinin yaranması üçün iqtisadiyyat sərmayələrinin açılmasından, hüquq aliliyi, korrupsiyanın cilovlanması, demokratik siyasi təmsilçilik və sair məsələlərdən də danışıb.

Son 18 ildə Azərbaycanda 900 mindən çox ikinci uşağın doğulduğunu xatırladan "REAL" başqanı hər ikinci uşağa görə ailəyə ayda 100 manat dövlət yardımının büdcəyə ildə yuxarı-aşağı 1 milyard manata başa gələcəyini də proqnoz edib. 

YAP hakimiyyətini korrupsiyada, qanunsuzluq səmərəsiz idarəetmədə suşlayan İlqar Məmmədov hesab edib ki, təklifini yalnız Respublikaçı Alternativ çin edə bilər. Lakin, açıqlamada uşaqlar arasında bərabərlik hüququnu pozan, real iqtisadi hesablamalardan uzaq qalan təfəkkürün tuğyan etdiyini asanlıqla söyləmək olar. İlqar Məmmədovun sadaladığı məntiqin təəssüf ki, başqalarını deyil, elə ilk əvvəl özünü debilləşdirdiyini iddia etmək olar.

Açıqlamanın qeyri-hüquqi əsası kimi, İlqar Məmmədov xatırlasa yaxşı olardı ki, bəyənmədiyi YAP iqtidarının hakimiyyəti dönəmində, hələ 1998-ci ildə mərhum Heydər Əliyev zamanında "Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu" təsdiq edilib. Həmin qanunun tələbinə görə isə: "Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir". Bundan başqa, ölkəmizin ana yasası da hər kəsin hüquq və azadlıqlarının bərabərliyini tanıyır. Konstitusiyamızın 17-ci maddəsi də cəmiyyətin əsas sütunu olan ailələrə və uşaqlara dövlət qayğısını nəzərdə tutur. BMT-nin Uşaq hüquqları Konvensiyası da Azərbaycan dövlətinə uşaqların sosial-iqtisadi problemlərinin həll etmək öhdəliyi qoyur. 

Bəs, "Real"-ın ortaya atdığı təklifdə yalnız ikinci uşağı önəmsəmək hansı demokratik, hüquqi, iqtisadi fəlsəfənin törəməsidir? İlqar Məmmədovun Azərbaycan ailələrində ikinci uşağı digərlərindən üstün bilib, belə məntiqsiz yanaşma ilə digər övladları uşaqpulu qayğısından məhrum etmək, ayrıcalıq yaratmaq çağırışı siyasi əxlaqa sığırmı? Şəxsən mən hesab edirəm ki, heç bir halda nə dövlət, nə də hansısa qanunverici mexanizm bir uşağı digərindən ayıran stimullaşmaya getməməli, uşaq hüquqları və onlara sosial qayğı anlayışı ailədə neçənci doğulduğuna görə müəyyən edilməməlidir. Bunu təklif etməyin özü belə ilk və sonrakı uşaqların sosial müdafiə haqqlarına qarşı sərgilənən debillikdir.   

Siyasətçinin açıqlamasında bilə-bilə məntiqdən azan digər məsələ uşaqpulu üçün təklif edilən məbləğlə bağlıdır. İlqar Məmmədov o tezisində də iqtidarın hazırda tətbiq etdiyi sosial qayğı paketinin ağırlığının kölgəsində qalır. Belə ki, əgər hazırki iqtidar 2021-ci il üzrə uşaqların yaşayış minimumunu 170 manat həcmində müəyyənləşdirmişdirsə, siyasətçi 2022-ci il üçün büdcədən yalnız ikinci uşağa 100 manat uşaqpulunun verilməsini təklif edir. Bu yanaşma da Məmmədovun ölkədəki reallıqlardan nə qədər uzaqda yaşadığına dəlalət edir. Öz açıqlaması ilə iqtidarın uşaqlara daha mükəmməl sosial qayğı sərgilədiyini isbat etmiş olur.
İlqar Məmmədovun açıqlamasında valideyin öhdəliklərinin üzərinə gedilməsi isə daha çox ailə planlaşdırmalarındakı nöqsanları yada saldığı kimi, "Real" partiyasının əslində ölkədəki işsizlik və digər sıxıntılardan qurtuluş yolunu göstərə bilməməsini ortaya qoyur. Çünki, hansısa ailə dolanışıq naminə neçə uşaq dünyaya gətirməyin tərəddüdünü edəcəksə və çoxuşaqlı olduqda bunun günahının ata-anada olmasını, uşaqların saxlanma öhdəliyinin də yalnız valideyinlərdə cəmləşəcəyini düşünəcəyiksə, bu gələcəkdə əhali artımını süniləşdirəcək, avropa və digər ölkələrdə olduğu kimi, demoqrafik kataklizmalara, yeni psixoloji travmalara səbəb olacaq.    

İlqar Məmmədovun dediklərindən o da anlaşılandır ki, O, sanki büdcənin qayğısına qalır, xalqa məxsus milyardlardan uşaqlara hər il yalnız 1 milyardını qıyır. Bu hal da onu bir siyasətçi kimi deyil, simic iqtisadçı kimi göstərir.
Bir də, İlqar Məmmədov zehnini təzələsin - Axı ö özü ailədə neçənci uşaq olmasına baxmayaraq, hələ sovet hökumətindən 18 yaşınadək uşaqpulu alıb. Axı, uşaqpulu birinci məsələ olmaqla, ikincilərə deyil, bütün uşaqlara verilməlidir, İlqar Məmmədov!
Osman Nərimanoğlu
Demokratik.Az
Oxşar xəbərlər