Dünya 11 aydır koronovirusla döyüşür - Azərbaycan bu dönəmdə nələri itirdi?

  • 16 fev 2021, 08:31

Ekspertlər hesab edirlər ki, dünya pandemiyanın zərərlərindən 2024-cü ildə qurtulacaq...

Dünya artıq bir ildən çoxdur ki, koronavirus pandemiyası ilə uğraşır. COVİD-19 virusunun dünyada yayılması isə həm insanların psixologiyasına, həm iqtisadiyyata, həm siyasətə, həm də ekologiyaya təsirsiz ötüşməyib. Ona görə də bu virusun dünyanı dəyişdiyini çəkinmədən söyləyə bilərik.
Virusun dünyada yayılmasının qısa tarixinə nəzər salaq:
COVİD-19 2019-cu ilin dekabr ayında Çinin mərkəzi Hubey əyalətinin Uhan şəhərində yerli Huanan ət və dəniz məhsulları bazarı ilə əlaqəli yerli sakinlərdə naməlum mənşəli pnevmoniya xəstəliyinin ilk aşkar olunması ilə başladı. 31 dekabr 2019-cu ildə Çin hakimiyyəti naməlum pnevmoniyanın başlaması barədə Ümumdünya Səhiyyə Təşkilatına məlumat verdi.
Sonradan Çin alimləri yeni koronavirus - 2019-unCoV-u ayırd edərək onun genomunun genetik ardıcıllığını təyin etdilər. Virus şiddətli kəskin tənəffüs sindromuna səbəb olan SARS-CoV virusuna (atipik pnevmoniya kimi də tanınır) ən azı 70% genetik ardıcıllıqla bənzəyir.
Ötən ilin mart ayında artıq Azərbaycan üçün də koronavirus təhlükəsi qaçılmaz oldu və dövlət dərhal hərəkətə keçərək, Nazirlər Kabineti yanında Operativ Qərargah yaratdı. 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində məhdudiyyətlər tətbiq edilib, izolyasiya tədbirləri həyata keçirildi.
O zamandan bu günə qədər də karantin rejimi müəyyən dövrlərdə yumşaldılıb sərtləşdirilməklə davam edir.
Pandemiya hansı sahələrə zərər vurdu?
Sualın cavabına keçməzdən öncə koronavirusla bağlı statistikaya nəzər salaq:
Biz bu materialı hazırlayan zaman dünyada koronavirusa yoluxanların sayı 109 milyon 413 min 497 nəfərdir. Bu zamana qədər koronavirusdan 2 milyon 412 min 141 adam dünyasını dəyişib. İndiyə qədər koroanvirusa yoluxub, sağalanlar isə 81 milyon 506 min 315 nəfərdir.
Məlum olduğu kimi, hazırda Azərbaycan da daxil olmaqla, bütün dünyada vaksinasiya prosesi həyata keçirilir. Bu barədə ötən saylarımızda geniş məlumatlar verdiyimiz üçün detallara girmirik.
Lakin onu qeyd edək ki, hazırda koronavirusa günlük yoluxma sayı ötən ayla müqayisədə  kəskin şəkildə aşağı düşüb. Ötən gün dünyada cəmi 290 min 96 nəfər koronavirusa yoluxub, 6 min 820 nəfər isə dünyasını dəyişib.
Zərərlərə gəlincə isə hər kəsə məlumdur ki, pandemiya səbəbindən ən çox ziyan iqtisadiyyata dəyib. Bu dönəmdə həm Azərbaycanda, həm də dünyada tətbiq edilən sərt karantin rejimi fonunda sərhədlərin qapadılması, müəssisələrdə istehsalatın azaldılması və ya tamamilə dayandırılması, iş yerlərinin qapadılması, xidmət sektorundakı fasilələr və ya tamamilə qapanmalar iqtisadiyyata ciddi zərbə vurub.
Ona görə də deyilir ki, bu pandemiya qlobal iqtisadiyyat üçün sabitliyi pozan təhlükədir. Sent-Luis Vaşinqton Universitetinin  bir ekspertinin verdiyi hesabatda deyilir ki, COVID-19 dünya təchizat zəncirinə 300 milyard ABŞ dollarından böyük təsir edəcək. Ötən il fevralın 24-də Çindən kənarda yoluxma hallarının sayının əhəmiyyətli artımına görə, qlonal fond birjalarında düşmə müşahidə etdik. Həmin ayın 27-də isə ABŞ-da baş verən fond birjasının düşməsi 2008-ci ildən bəri ən kəskin çökmə oldu.
Bəs Azərbaycanda durum nədir və proses nə zamana qədər davam edəcək?
“Yeni Müsavat”a danışan ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanda makroiqtisadi göstəricilər 4.5 faiz daralıb:
“Bu, son illərdə ən pis göstəricidir. Hətta devalvasiya dövründə belə makroiqtisadi göstəricilərdə belə daralma qeydə alınmamışdı. Səhv etmirəmsə o zaman 2 faizdən bir qədər çox idi. Daralma o deməkdir ki, pandemiya bütün sahələrə öz təsirini göstərib. Elə bir sahə yoxdur ki, orada hansısa irəliləyiş qeydə almaq mümkün olsun. Təbii ki, ən çox turizm, ictimai-iaşə sahələrində ciddi sarılmalar oldu. Həm işsizlik, həm dövriyyənin kəskin azalmasını qeyd edə bilərik. Turizmin bu il ərzində özünə gəlməsi mümkün deyil. Söhbət təkcə Azərbaycandan getmir, dünyada da bu, belədir. Turizm sektoru təkcə hotelçilik, təyyarə bileti deyil. Bu sahə ən azı 7-8 sahəyə də təsir edəcək. İctimai-iaşədə də problemlər var. Məsələn, toyların olmaması minlərlə iş yerlərinin itirilməsi deməkdir. Çünki şadlıq saraylarında çalışanlardan başqa toy sektoruna bağlı sahələr də vardı ki, bunlarda da işsizlik problemi var. Mütəxəssislərin araşdırmalarına görə, postpandemiya dövrünə ən yaxşı halda dünya 2024-cü ildə qayıdacaq. Azərbaycanda isə bu, daha tez ola bilər. Çünki ölkənin əsas ixrac məhsulu olan neftin qiymətində son zamanlar ciddi artım var. Əgər belə qalarsa o zaman Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatından daha tez  durğunluqdan çıxa bilər”.
Koronavirusun nə zamana qədər davam edəcəyini konkret proqnozlaşdırmaq mümkün deyil. Ekspertlər bu barədə hər hansı bir yekdil fikir söyləmirlər. Lakin hesab edilir ki, bu ilin sonuna doğru pandemiya bitə, insanlar normal həyata dönə bilər. Qeyd edilir ki, aparılan vaksinasiya səbəbindən pandemiya vəziyyəti aradan qalxsa da, xəstələnmə halları bir neçə il davam edəcək. Peyvənd xəstəliyin tamamilə aradan qalxmasına zəmanət vermir. Görünən odur ki, pandemiyanın gücü zəifləyəcək və mövsümi qrip kimi qalacaq.
İnsanların normal həyata dönməsi belə dünya iqtisadiyyatının əvvəlki vəziyyətinə qayıtması anlamına gəlmir. Ekspertlər bildirirlər ki, dünya iqtisadiyyatının dirçəlməsi üçün 5 ilə qədər zaman tələb olunur.
Onu da bildirək ki, koronavirus pandemiyası səbəbindən dünyanın ekoloji mühitində müsbətə doğru dəyişiklik nəzərə çarpır. Belə ki, zavod və müəssisələrin fəaliyyətlərindəki məhdudiyyətlər, karantin səbəbindən şəxsi avtomobillərdən az istifadə edilməsi atmosferin, ətraf mühitin təmizlənməsinə səbəb olub.
Lakin bununla belə, “İqlim faciəsindən necə yayınmalı” kitabının müəllifi, “Microsoft” şirkətinin qurucusu Bill Qeyts bildirib ki, dünyada iqlim dəyişikliyi ilə mübarizə xeyli dərəcədə çətindir:
“Hər il atmosferə 51 milyard ton istixana qazı buraxılır. Mübarizəmizə sıfırdan başlamalıyıq. Bu yolda texnologiya bizə çox kömək edə bilər. Külək və günəş kimi bərpa oluna bilən mənbələr bizə elektrik enerjisini karbondan təmizləməyə yardım edə bilər, lakin bu yolla buraxılan qazların yalnız 30%-ə qədərini təmizləyə bilərik. Dünya iqtisadiyyatının digər 70%-ni - polad, sement, nəqliyyat sistemləri, gübrə istehsalı və daha çoxunu karbondan təmizləmək məcburiyyətindəyik. Hazırda bunu həyata keçirmək üçün üsullarımız yoxdur”.
Sonda onu da bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) beynəlxalq ekspert qrupunun rəhbəri, zoonoz infeksiyalar və qida təhlükəsizliyi üzrə mütəxəssis Piter Ben Embarek 2019-cu ilin dekabrında Uhan şəhərində koronavirusun yayılması ilə bağlı əldə olunmuş yeni məlumatları açıqlayıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, Embarek Çinin ÜST mütəxəssislərinə həmin dövrdə qeydə alınan yalnız 174 yoluxma barədə məlumat verib.
“Amma əslində real durum fərqli idi, yoluxma sayı göstəriləndən qat-qat çox idi. Çünki tibbi yardım üçün müraciət edənlər yalnız ağır xəstəlik keçirənlər olub. Hazırkı məlumatlara görə, bu cür xəstələr yalnız 15% nisbətindədir və koronavirus əksər hallarda yüngül keçir”, - o bildirib.
Beynəlxalq ekspert qrupunun rəhbəri 2019-cu ilin dekabrında ilk koronavirus infeksiyasının baş verdiyi Uhan şəhərində azı min nəfərin 13 fərqli COVİD-19 ştamına yoluxduğunu düşünməyə əsas olduğunu söyləyib.
O qeyd edib ki, virusun bəzi variantları yerli bazarlardan yayılmağa başlayıb, ancaq bəzilərinin onlarla heç bir əlaqəsi olmayıb.
Əli RAİS,
Musavat.com
Oxşar xəbərlər