2021-ci ildə manatı nə gözləyir?

  • 01 yan 2021, 11:37
Gözlənildiyi kimi, ilin sonuna doğru manatın devalvasiyası ilə bağlı müzakirələr artmaqdadır. Son aylarda əhalinin dollar tələbi də artıb. Belə ki, 2020-ci ilin oktyabrında əhali banklardan 204 milyon 195 min dollar alıb.
Bu, əhalinin banklara satdığından 117 milyon 944 min dollar çoxdur. Dollara artan tələbatın səbəbi adətən manatla bağlı neqativ gözləntilər olur.
“2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində də qeyd olunub ki, Azərbaycan manatının ABŞ dolları və digər əsas xarici valyutalara qarşı dəyərdən düşməsi ehtimalı ölkənin fiskal mövqeyi üçün əsas risk amillərindən biri olaraq qalmaqdadır.
Belə ki, məzənnə riskinin dövlət büdcəsinə əsas transmissiya kanallarından biri neft qiymətlərinin pisləşməsi fonunda yuxarıda qeyd edilən risklərin daha da kəskin xarakter almasıdır. Digər tərəfdən dövlət büdcəsinin tərtibi zamanı 2021-ci il üzrə 1 ABŞ dollarının 1,7 manata bərabər tutulduğunu nəzərə alaraq, manatın məzənnəsinin xarici valyutalara qarşı zəifləmə ehtimalı dövlət büdcəsində xarici dövlət borcuna xidmət xərclərinin də proporsional olaraq artması riskini özündə ehtiva edir”.
2020-ci ilin ilk 9 ayında Azərbaycan Respublikasında neft və qaz sektoru üzrə yaradılan əlavə dəyərin ÜDM-də xüsusi çəkisinin 30,2 faiz, dövlət büdcəsi gəlirlərində payının 54,6 faiz, və ölkənin ixracında payının 87,2 faiz olduğunu nəzərə alaraq neft qiymətlərinin dəyişməsinin makroiqtisadi və fiskal göstəricilərə təsiri qaçınılmazdır.
Mövzu ilə bağlı fikirlərini Musavat.com-la bölüşən iqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, büdcə göstəriciləri devalvasiya ehtimalının nisbətən aşağı düşməsindən xəbər verir: “Mən bu günə qədər daha yüksək ehtimal üzərində dayandırdım, təxminən 80 faiz ehtimalla devalvasiyanın olacağını düşünürdüm. Bunun əsas səbəbi də büdcənin maliyyə yükünün artması ilə bağlı proqnozlarım idi. Düşünürdüm ki, işğaldan azad olunan ərazilərin bərpası, infrastrukturun qurulması, minalardan təmizlənməsi xərcləri təxminən 4-5 milyard manat arasında olacaq. Bu da dövlət büdcəsində 5-6 milyardlıq bir kəsirə gətirib çıxaracaqdı.
Kəsirin kompensasiya edilməsi mənbələri içində Neft Fondundan transfer edilən dolların manatla ifadədə şişirdilməsi alətinin istifadə ediləcəyini düşünürdüm. Ancaq 2021-ci ilin açıqlanan büdcə sənədindən bəlli oldu ki, qeyd edilən istiqamətdə 2,2 milyard manat ətrafındadır. Hökumət daha ehtiyatlı büdcə planı hazırladı. Büdcə kəsiri də mənim gözləntilərimdən daha az, yəni 3 milyard manat ətrafında ehtimal olunur. Büdcənin strukturuna baxanda onun icra edilə bilən olduğunu görmək olur. Onsuz da büdcənin 12, 2 milyard manatı, yəni təxminən 48 faizi Dövlət Neft Fondundan köçürüləcək, bu sabitdir və heç bir riski yoxdur.
Digər 52 faizin icrasında da əsas risklər neftin qiyməti ilə bağlı ola bilər, bir də pandemiyanın iqtisadiyyata vurduğu neqativ təsirlərlə bağlı ola bilər. Hər ikisində də dövlətin kifayət qədər ehtiyatlı olduğunu görmək olur. Neftin qiyməti 2021-ci ilin dövlət büdcəsində 40 dollardan nəzərdə tutulsa da, yenə də 40 dollar növbəti il üçün uyğun bir qiymət hesab oluna bilər. Ona görə də, devalvasiya ehtimalı aşağı düşüb və hesab edirəm ki, bu ehtimal 60 faizdir”.
İqtisadçının fikrincə, hökumətin iqtisadi islahatlarla bağlı yanaşması da manatın məzənnəsinə təsir göstərə bilər: “Ancaq burada başqa məsələlər var. Hazırda hadisələr, proseslər çox istidir. Yaxın 2-3 ayda Azərbaycan hökumətinin qarşısında çox ciddi suallar dayanacaq ki, iqtisadiyyatı hara aparmaq istəyəcəklər. Bu vacib məqamlardan biridir. Ola bilər ki, rəqabətli iqtisadi mühitin formalaşdırılması istiqamətində addımlar atılsın. Valyuta bazarlarının liberallaşdırılması da bunun bir parametri olsun, üzən məzənnə rejiminə mərhələli keçid baş versin. Son 3 ildə manatın məzənnəsi ilə bağlı vəziyyət pisləşib, çünki manat sabit qalsa da, Azərbaycanın xarici ticarət tərəfdaşlarında milli valyutalar kəskin şəkildə dəyərsizləşib. Bu Azərbaycanda həm xidmət sektorunda, həm istehsal sektorunda, həm daxili bazarda, həm də xarici bazarda rəqabətliliyini əhəmiyyətli dərəcədə zəiflədib. Bütün bunları nəzərə alaraq hökumət daha məqəsədəuyğun bir yanaşma ortaya qoya bilər. Bu yanaşma sonda devalvasiya ilə nəticələnə bilər”.
R.Həsənov hazırda manatın məzənnəsi üçün xarici şoklarla bağlı bir təzyiq olmadığını da diqqətə çatdırdı: “Büdcə kəsirinin maliyyələşdirilməsi hissəsində xarici borclar məsələsi var, amma hesab edirəm ki, bu o qədər də çətin olmayacaq. Dünya 2020-ci ildə kəskin şəkildə borclandı və 2021-ci ildə borclanma ilə bağlı rəqabət daha kəskin olacaq. Lakin Azərbaycanın bu istiqamətdə avantajları var, Neft Fondu ölkənin kredit reytinqini müəyyən bir səviyyədə davamlı olaraq saxlayır, ciddi bir xarici borc yükü yoxdur. Bütün bunlar isə hökumətin xarici borclanma ilə bağlı ciddi bir təhdidlə üzləşməsi ehtimalını aşağı salır. Ona görə də, büdcə layihəsi açıqlandıqdan sonra mənim devalvasiya ilə bağlı gözləntilərim azalıb.
Maliyyə Nazirliyi hər zaman o riskləri öz hesabatlarına daxil edir. Əlbəttə ki, büdcənin icrasında məzənnə riskləri və neftin qiyməti ilə bağlı risklər var. Bunlar normaldır. Bu risklər büdcə layihəsində qeyd olunsa belə, mən ehtimalların aşağı düşdüyünü hesab edirəm”.
Növbəti il ərzində əhalinin dollara tələbinin artmasına gəlincə, R.Həsənov vurğuladı ki, devalvasiya ilə bağlı müzakirələrin getməsi bazara psixoloji təsir edə bilər, ancaq tələbin artması üçün zəmin yoxdur:
“Devalvasiya ilə bağlı müzakirələr artıq bir neçə həftədir ki, Azərbaycan cəmiyyətində başlayıb. Bu gün bunu təhlil etmək nisbətən daha rahatdır. Mediada devalvasiya ifadəsi daha çox işləndikcə bir psixoloji təzyiq formalaşacaq. Ancaq bu təzyiq nə dərəcədə güclü olacaq, kim bu təzyiqi yaradacaq? Biznes yarada bilməyəcək, çünki biznes çöküb, likvitliyi yoxdur, əlində vəsaiti yoxdur. Vətəndaş da yarada bilməyəcək, çünki vəsaiti yoxdur. 2015-ci ildə vəziyyət fərqli idi, bazarda olan 20 milyard manat dövlət üçün təxminən 25 milyard dollarlıq tələb formalaşdırırdı. Ancaq bu gün vəziyyət fərqlidir, biznesin də, vətəndaşın da yığımları həm devalvasiya , həm də pandemiya dövründə əridi. Azərbaycan bu gün yoxsullaşıb, biznes də, vətəndaş da yoxsullaşıb.
Dövlət büdcəsi daha kasıbdır. Bizim 2014-cü ildəki 22 milyard manatlıq büdcəmiz 25 milyard dollar edirdi, indi 28 milyard manat olacaq, bu isə təxminən 17 milyard dollar edir. Bu da onu deməyə əsas verir ki, bu təzyiqlər əvvəlki təzyiqlər həddində ola bilməz. Müəyyən ayıq insanlar var ki, əllərində kapital var. Onlar da artıq bu günə qədər yığımlarını şaxələndiriblər. İnsanlar yığımlarını alternativ mənbələrdə yerləşdirməklə riskləri sığortalamağa çalışırlar. Onların da bazarda hansısa risk yaradacağını gözləmək doğru deyil. Yanvar ayında sakitlik olacaq, iqtisadiyyat ölü olacaq, ayın 18 günü heç yer işləməyəcək, sonrakı dövrdə də nə olacağı bilinmir. Yanvar ayında büdcə xərcləmələri də aşağı olacaq. Bu gün valyuta bazarında təzyiq yaradan faktorlar əvvəlki qədər güclü deyil. Ancaq əsas məqamlardan biri də odur ki, Azərbaycan hökumətinin qərarları proqnozlaşdırılan deyil və əksər hallarda bazar konyukturu ilə ziddiyyət təşkil edir. Ona görə də, konkret şəkildə devalvasiyanın olacağını və olmayacağını demək doğru olmazdı”.
Oxşar xəbərlər