"Qazilərimizə və şəhid ailələrinə dövlət qayğısı gücləndirilməlidir!" - Qubad İbadoğlu

  • 07 dek 2020, 12:54
Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı-alim Qubad İbadoğlu müharibə iştirakçılarına, əlillərinə və şəhidlərə dövlət qayğısının artırılması istiqamətində növbəti müraciətini edib. 
"Demokratik.Az" bildirir ki, partiya rəhbəri özünün facebook səhifəsində aşağıdakı irad və təkliflərini səsləndirib:
Dəyərli dostlar, əziz izləyicilər, müharibə iştirakçılarına, əlillərinə və şəhidlərə dövlətin sosial qayğısının ədalətli olmadığını və bu məsələnin aktuallığını nəzərə alaraq bir daha yazmaq məcburiyyətindəyəm. 
Bilirsiniz ki, şəhid ailəsi üçün təqaüdün aylıq məbləği 300 manatdır. Qazi olan hər kəsə ayda:
1-ci qrup əlilə - 250 manat  prezident təqüdü + 150 manat müavinət
2-ci qrup əlilə - 230 manat prezident təqüdü + 130 manat müavinət
3-cü qrup əlilə - 210 manat prezident təqüdü + 110 manat müavinət
Müharibə iştirakçılarına isə 80 manat müavinət ödənilir. 
Birdəfəlik olaraq sığorta haqqı məbləği:
Şəhidin vərəsələrinə 11 000 manat 
I dərəcə əlilliyi olan şəxslərə 8800 manat
II dərəcə əlilliyi olan şəxslərə 6600 manat
III dərəcə əlilliyi olan şəxslərə 4400 manat ödənilir.
16 yaşına çatmamış uşaqlara:
Şəhid ailələrində 21 manat, 
Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ailələrində 15 manat aylıq ödəniş verilir. 
Azərbaycanı Ermənistanla müqayisə etmək istəmirəm, çünki orda bu ödənişlər dəfələrlə çoxdur. Amma  qeydlərim və suallarım vardır, istərdim ki, onları sizlər vasitəsilə ictimailəşdirib, əlaqədar orqanların nəzərinə çatdıraq və  qərarlara təsir edək. 
1) Əvvala, şəhidlərə  birdəfəlik ödəniş əvvəlki səviyyədə saxlanıla bilməz, çünki, hər il ölkədə qiymətlər artır.  İkincisi bu ödəniş məbləğində differensiallaşdırma olmalıdır,  sığorta məbləği hərbi qulluqçuların rütbələrinə görə fərqləndirilməlidir. Onun ən aşağı məbləği ən azı 3 dəfə artrılmalı 33 min manata çatdırılmalıdır.  
2783 şəhidə 11 min manatlıq ödənişin cəmi məbləği 30 milyon 613 min manat edir. Əgər bunu 3 dəfə artırsaq 91 milyon 839 min manat edir. Xalqa müraciətdə İlham Əliyev qeyd etmişdi ki, şanlı ordumuzun əsgərləri düşməndən 1 milyard dollardan çox hərbi texnikanı qənimət olaraq götürübdür. Heç olmazsa əsgərlərimizin  qazandığı qənimət texnikanın  dəyərinin 10 faizi şəhidlərə, 20 faizi əlillərə  sığorta pulu olaraq ödənilsin. 
2) Bu qərara imza atanlar bilirlərmi 1-ci qrup əlil hansı vəziyyətdə olur, onlar əsasən əlil arabalarında  və ömürlük yataqda yaşayan, əmək qabliyyətini tam itirənlərdir.  8800 manat onların həyatının sığortasının 10 faizi də deyildir. 1-ci qrup əlillərə ödənilən məbləğ şəhidlərə ödənilən məbləğdən aşağı olmalı deyil, ona bərabər tutulmalıdır. Təklif edirəm ki, 1-ci qrup əlillərin sığorta ödənişi şəhidlərə ödəniləcək məbləğlə eyniləşdirilsin. 2-ci qrup əlillər üçün həmin ödənişin 80 faizi (hazırda 6600 manat, təklif olunur 26400 manat), 3-cü qrup əlillərə  isə 70  faizi (hazırda 4400 manat, təklif olunur 23100 manat) məbləğində sığorta məbləği müəyyənləşdirilsin. 
3) Şəhid ailəsinə 300 manat prezident təqaüdü, 1-ci qrup əlillərə 400 manat, 2-ci qrup əlillərə 360 manat, 3-cü qrup əlillərə 320 manat prezident təqaüdü və müavinət, müharibə iştirakçısına 80 manat müavinət biabırçılıqdır. Necə ola bilər ki, incəsənət xadimləri ilə şəhidlərə, əlillərə, mübaribə iştirakçılarına eyni, hətta da bəzən də az prezident təqaüdü verilsin? Bu məbləğlərə də yenidən baxılmalı və məbləğlər ən azı 2 dəfə artrılmalıdır. 
Yataqda və əlil arabasında yaşayan, hərəkət məhdudiyyəti olan 1-ci qrup əlilin ərzağı, dərmanları və qulluğu üçün ayda 250 manat onun xərclərinin heç 20 faizi deyildir. 
4) Şəhid ailəsində böyüyən uşaqlara 21 manat, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ailələrində böyüyən övladına 15 manat müavinət kəsənlər heç utanırlarmı?
15 manat və ya 21 manatla uşağın 1 aylıq xərcini necə ödəmək olar?
 Uşaqların bu il üçün təsdiq olunan normativ üzrə aylıq yaşayışının minimum dəyəri 170 manatdır.  Belə olan halda, uşaqlara 15 manat və 21 manat məbləğləri nəyin əsasında müəyyənləşdirib? 
5) Sual olunur, müharibə iştirakçısına 80 manat müavinət məbləği hansı meyarla təyin olunub? Ölkədə yaşayış minimumum bu il üçün aylıq dəyəri 190 manatdır. Gələn il üçün heç şübhəsiz ki, bu məbləğ 200 manatı ötəcək. Odur ki, təklif edirəm ki, müharibə iştirakçılarına müavinətin aylıq məbləği yaşayış minimumun dəyərinə çatdırılsın, ən azı 200 manat müəyyənləşdirilsin.
Nəhayət, şəhid ailələri, müharibə əilləri və işirakçıları üçün kommunal və nəqliyyat xidmətlərindən güzəştlər müəyyənləşdirilməli, onlara dövlət orqanlarına, bələdiyyələrə müraciətdə, əmlak, torpaq alışında  xüsusi imtiyazlar verilməlidir.
Dəyərli dostlar və əziz izləyicilər, bu məbləğlər müharibə iştirakçılarının, əlillərin və şəhid ailələrinin  maddi ehtiyacların bir hissəsini ödəsə də, mənəvi itkiləri əvəzləyə bilməz. Amma bu məsələdə dövlət qayğısı, onlara hər bir Azərbaycan vətəndaşının  diqqəti  çox önəmlidir. Odur ki, bu məsələnin tezliklə və ədalətli həlli bizdən də asılıdır. Maksimum paylaşın ki, səsimiz gur və təsirli olsun.
Allahdan başımızın taci olan  şəhidlərimizə rəhmət, fəxrimiz və qürurumuz olan əlillərə şəfa və cansağlığı arzulayıram.
P.S. Şərhlərdən görürəm ki, bəziləriniz bu söhbətlərin vaxtı olmadığından bəhs edirsiniz. Bununla əlaqədar olaraq bildirim ki, gələn ilin büdcəsi yaxın 23 gündə qəbul olunmalıdır, prezident bu istiqamətdə sərəncamlarını indi verir, sonra deyəcəklər ki, gecdir, vaxtında deyərdiniz, odur ki, bu suallar tam zamanında qaldırılıb".
Demokratik.Az
Oxşar xəbərlər