DEVALVASİYA GÖZLƏNİLİRMİ? - Ekspert istisna etmir

  • 16 sen 2020, 09:00
"Tədiyyə balansında 1 milyard dollara yaxın kəsirin yaranması neftin dünya bazarında qiymətinin ötən illə müqayisədə xeyli azalması ilə bağlıdır. 2019-cu və 2020-ci illərin ilk 6 ayının rəqəmlərini müqayisə etsək, gəlirlərimizin aşağı düşdüyünü görərik. Cari əməliyyatlar balansı 6 dəfə, xarici ticarətdə müsbət saldo isə iki dəfə azalıb. Başqa sahələrdə isə ciddi dəyişiklik baş verməyib".
Bunu "AzPolitika.info"-ya açıqlamasında iqtisadçı Toğrul Vəliyev Mərkəzin Bankın (MB) təqdim etdiyi rəqəmləri şərh edərkən deyib.
MB-ın bu gün açıqladığı rəqəmlərdə qeyd olunur ki, bu ilin I yarısında Azərbaycanın tədiyyə balansının ümumi kəsiri 957,5 milyon ABŞ dolları təşkil edib.
"Ümumi kəsir ölkənin cari əməliyyatlar balansındakı 598,2 milyon dollarlıq qalıq (illik müqayisədə 80,5% az), kapital hesabındakı 7,7 milyon dollarlıq kəsir (3,1 dəfə çox), maliyyə hesabındakı 948,7 milyon dollarlıq kəsir (1 il bundan əvvəl qalıq olub), balanslaşdırıcı maddələr üzrə 599,3 milyon dollarlıq kəsir (1 il bundan əvvəl qalıq olub) hesabına formalaşıb"- deyə məlumatda bildirilir.
Ekspert bildirir ki, yaranmış vəziyyətdə hökumət fərqi bağlamaq üçün ehtiyatlardan istifadə etməyə məcbur olacaq: "Bunun üçün müxtəlif variantlar var- xarici borclanmaya getmək, ehtiyatlardan istifadə və ya devalvasiya qararı vermək. Rəqəm fərqləri onu göstərir ki, biz ehtiyatlara müraciət etməli olacağıq. Doğrdur, fərq əvvəlkinə nisbətən azalıb, çünki neftin qiymətinin bir qədər artımı bizə dəstək olub. Avqust ayı ərzində qiymət ortalama 45 dollar idi, hazırda 41,5 dollara təklif olunur. Növbəti aylarda azalma gözlənilsə də qiymətin 40 dollardan az olacağı inandırıcı deyil".

T. Vəliyevin sözlərinə görə, devalvasiya Azərbaycanda hansısa bir proses deyil, bu, Mərkəzi Bankın bir alətidir.
"Bank hesablasa ki, ehtiyatların xərclənməsi daha sürətlə baş verəcək, nəinki onu bərpası, o zaman devalvasiya gedəcəklər. Bu, bir çox öhdəliklərlə bağlıdır və biz bu qərarın verilib-verilməyəcəyini bilmirik. 
İlin sonuna doğru devalvasiyaya getmək düzgün olardı. Çünki bizim idxalımız eyni səviyyədə qalır, eyni zamanda növbəti il ərzində Neft Fondunun gəlir və xərcləri arasında defsit çox böyük olacaq. Bu kəsiri əngəlləmək üçün devalvasiyaya gedilməsi mümkündür" - deyə iqtisadçı vurğulayıb.
Xatırladaq ki, Maliyə Nazirliyinin məlumatına görə, gələn il Dövlət Neft Fondunun gəlirləri təqribən altı milyard manat, xərcləri isə təqribən 12 milyard manat proqrnozlaşdırılır. Bu, gəlirlərlə xərclər arasında iki dəfə fərq deməkdir.
Oxşar xəbərlər