"Azərişıq" sədrinin səlahiyyətlərini cilovlayan Rauf Əhmədovu kimsə durduramaz?!

  • 27 iyul 2020, 21:10
“Azərişıq”da müəmmalı kadr yerdəyişmələri yenidən başlayıb. Əldə etdiyimiz yeni məlumatlarda bildirilir ki, kadr dəyişiklərini rəsmiyyət üzərində sədr Vüqar Əhmədov etsə də, əslində bu cür işlərin arxasında Satış Departamentin direktor müavini Rauf Əhmədov dayanır. Sonuncunun fəhmi-fərasəti sədrin müstəsna səlahiyyətlərini cilovlamağa davam edir...
"Demokratik.Az"-ın məlumatına görə, baş verən kadr dəyişikləri proses olaraq sözügedən Rauf Əhmədova həvalə edilib. Azərbaycanın rayonlarında və mərkəzdə bütün rəislərin dəyişdirilməsi, onların kimlikləri və bir sıra kadrların məhz Rauf Əhmədova yaxınlığı ilə seçilməsi maraqlı mənzərəni çılpaqlığı ilə ortaya qoyur, eləcə də Rauf Əhmədovun sədr üzərində fövqəladə gücünü aydınca tərənnüm edir.
Saytımızın ötən sayında da qeyd etdiyimiuz kimi, kadr yerdəyişməsinə nəzarət edən Rauf bəyin "Azərişıq" ASC –də işləyən işçilərlə istədiyi kimi rəftar etməsi də xeyli narazılıqlar yaradıb.
Cari ilin yanvarın əvvəlində prezident cənab İlham Əliyevin sərəncamı ilə "Azərişıq"a sədr təyin edilən Vüqar Əhmədovun eyni soyadlı tabeliyindəkinə bu qədər açıq meydan tanıması, səlahiyyətlərini sanki onunla bölüşdürməsi mənzərəsi isə başadüşülən deyil. Bu mənada, satış departamentinin direktor müavininin hansı işçidən xoşu gəlmirsə və ya dediyini etmirsə onlara alçaldıcı sözlər deməsi, işində cuzi də olsa bir nöqsan taparaq "hədəflərini" işdən qovması da narazı kollektivin diqqətini çəkən haldır.
Saytımıza bunlar barədə danışan özəl mənbənin bildirdiyinə görə, əslində Rauf Əhmədovun şəxsi xarakteristikası illər öncə Azərişıq ASC–nin rayon RETSİ –lərində çalışdığı müddətdən bəllidir. Belə ki, adam o zamanlar hər yola əl ataraq abonentləri aldadaraq pullarını mənimsəmiş, Rayon RETSİ –lərinə küllü miqdarda ziyan vurmuşdur. Sadəcə, onun fəaliyyətinin dərindən təftiş edilməməsi və hamiləri onu bu zirvəyə qədər daşımışdır. Onun törətdiyi ziyanlar işlədiyi Rayon RETSİ–lərində hələ də qalmış kimi görünür. İndi hamı bilir ki, Rauf Əhmədovun arxasında onu Azərişıq ASC–də himayə edən Sədr müavini Ramil Yusifov durur.
Mənbəmizin bildirdiyinə görə, əslində Ramil Yusifov və Sədr Vüqar Əhmədov hələ də inana bilmirlər ki, sözugedən insan illər öncə xuliqanlıq maddəsi ilə məsuliyyət yükü çəkib, cəmiyyətdə dələduz davranışları ilə əməlli-başlı ad qazanaraq özünə qeyri-müsbət keçmiş yazıb.
Məhbusluğu və mənfi xarakteristikası olmasına baxmayaraq, keçmişi belə qaranlıq və kriminal birinin Azərişıq ASC–də yüksək vəzifə tutması doğrudan da ikrah doğurur.
Ötən xəbər-yazımızda da qeyd etdiyimiz kimi, xuliqanlıq maddəsi ilə cinayət işi olan Rauf Əhmədovun "Azərişıq"-da necə belə asanlıqla rəhbər vəzifələrdən birinə irəli çəkilməsi haqlı suallar doğurur. Maraqlı olan bu suala hələdə cavab tapılmır. Amma, ehtimallar da var ki Azərişıq ASC–də əsl söz sahibliyi etməkdə olan R.Əhmədovun bəzi əməlləri "Azərişıq"ın qurucusu, sabiq sədr Baba Rzayevdən illərlə gizlədilib. Lakin, indiki durumda yeni sədrin sükan verdiyi şəxsin keçmişi və indiki əməlləri barədə nəyisə bilməməsinə inanmaq mümkün görünmür. Yox, əgər möhtərəm prezidentin etibarına sığınıb "Azərişıq" ASC-yə sədrlik edən Vüqar Əhmədov tabeliyindəki barədə hər şeyi bilmək istəyirsə, bunun daha asan bir yolu da var.
Belə ki, Azərişıq sədri araşdırsa ki, adıçəkilən niyə və necə ASC-nin Satışa Nəzarət idarəsinin işinə də müdaxilə edərək öz istədiyini etməyi bacarır, qaranlıqlar gün işığına çıxa bilər. Və dəfələrlə narazılıqlar çox olduğu halda, arxasında duran sədr müavini Ramil Yusifovun niyə onu müdafiə etdiyini bilsə yaxşı olar. Yoxsa, Rauf Əhmədovun maliyyə maxinasiyalı işlərini ört basdır etmək kimin nəyinə lazımdır ki?
Və sonda bunu da hörmətli sədr Vüqar Əhmədovun nəzər-diqqətinə çatdırmadan, bu sualları da vermədən mövzunu hələlik bitirmək olmaz.
- Hörmətli cənab sədr! Araşdırmayacaqsınız ki, Rauf Əhmədov Azərişıq ASC–nin büdcəsinə girməsə, özəl maxinasiyalar etməsə özünə ən son bahalı maşınları hansı pullarla ala bilərdi?
- Bir də, ölkə rəhbərliyinin anti-korrupsiya tədbirlərinə dəstək verirsinizsə, araşdırın görək müavininizin hesabına qol-qanad açmış bir adam Babək prospektində sayca ikinci villasını tikdirməyi necə və hansı maliyyə qaynaqları ilə bacarır, bəlkə maaşı hesabınadır bunların hamısı?
"Demokratik.Az" saytı olaraq sədrə hələlik daha bir ipucunu da veririk: Vüqar Əhmədov ölkənin bir sıra rayonlarında planlaşdırılmamış iclaslar da keçirərək işçiləri öz istədiyinə əhilləşdirir, nail olmadıqda işçiləri şərləyərək işdən azad edir. Bundandamı xəbərsizsiniz? Əgər, rəhbərlik etdiyiniz strateji bir qurumda baş verənlərdən, kimlərin at oynatdığından bunca xəbərsizsinizsə, söz - daha önəmli xəbərlərlə sizin diqqətinizə gələcəyik. Yetər ki, "Azərişıq" ağ günə çıxsın, Rauf Əhmədov isə öz sirrlərindən qurtulsun!..
Osman Nərimanoğlu
(mövzuya qayıdacağıq - bizi izləyin) 
Yazılanlara münasibət öyrənmək məqsədilə "Azərişıq"la telefon əlaqəsi yaratmaq cəhdlərimiz uğursuz alındı.
"Demokratik.Az" rəsmi qurumun və adıçəkilənlərin də mövqeyinə sayğısını ifadə edir...
Demokratik.Az
Oxşar xəbərlər