BCF: Dərin tənəzzül heç bir ölkədən yan keçməyəcək

  • 25 iyun 2020, 00:37
Beynəlxalq Valyuta Fondunda hesab edirlər ki, 2020-ci ildə dünyanın praktiki olaraq bütün ölkələrində adambaşına düşən gəlirin azalması müşahidə olunacaq.
Bu barədə Fondun baş iqtisadçısı Gita Qopinat qurumun “Dünya iqtisadiyyatının inkişaf perspektivləri” adlı iyul bülletenini təqdim edərkən məlumat verib: “Bizim proqnozlarımıza əsasən ölkələrin 95 faizdən çoxu əhalinin adambaşına düşən gəlir üzrə neqativ dinamikaya malik olacaq. Biz həm inkişaf etmiş iqtisadiyyata, həm formalaşmaqda olan bazarlara malik, həm də inkişaf etməkdə olan ölkələrdə sinxron şəkildə dərin iqtisadi tənəzzül gözləyirik”.
Fondun ekspertləri həmçinin 2021-ci ildə dünya iqtisadiyyatında gözlənilən bərpa prosesi barədə aprel ayına nisbətən xeyli bədbindirlər: “Bu, bir ölkədən belə yan keçməyən Böyük Depressiya(1929-1939) dövründən bəri ən ağır tənəzzüldür. Dünyada ilk dəfə olaraq bütün ölkələrdə 2020-ci ildə iqtisadi geriləmə qeydə alınacaq”.
Gita Qopinatın sözlərinə görə, koronavirus pandemiyası ilə bağlı qlobal maliyyə dəstəyinin  həcmi 10 trilyon dollardan yuxarıdır: “Pul-kredit siyasəti isə faiz dərəcələrinin azaldılması, likvidlik dəstəyi və aktivlərin alınması yolu ilə kəskin yumşaldılıb. Bəzi ölkələr bərpa mərhələsinə daxil olublar. Lakin böhranın tibbi həllinin olmaması şəraitində bərpa prosesinin nə qədər dayanıqlı olacağı ciddi sual altındadır. Beynəlxalq ictimaiyyət hələ  çətinliklərdən çıxmayıb. Bu şəraitdə geosiyasi və ticarət gərginlikləri dünyada ticarətin həcminin 12 faiz azaldığı bir dövrdə həssas qlobal münasibətlərə zərər vura bilər”.
Baş iqtisadçının fikrincə, indiki böhran həm də daha yüksək istehsal texnologiyalarına, dayanıqlı və  ədalətli iqtisadi inkişafa keçid üçün bir vəsilə ola bilər.
Fondda qeyd edirlər ki, koronavirusun yeni dalğasının yaranması halında 2021-ci ildə dünya iqtisadiyyatında artım 0,5 faiz azalacaq. Effektiv vaksinin hazırlanması qlobal iqtisadi artımı gücləndirə bilər.
Musavat.com
Oxşar xəbərlər