Dünya artıq böyük böhrana "kəllə vurur"

  • 12 may 2020, 10:40
Dünya ölkələrində koronavirusa görə karantin tədbirlərindən artıq 1 aydan da artıq müddət keçir. Bu müddət müəyyən nəticələr çıxartmaq, dünya iqtisadiyyatının sonrakı gedişini təhlil etmək üçün imkan yaradır. Ancaq ekspertlər hesab edirlər ki, vəziyyət heç də müəyyən və anlaşılan deyil. Post-pandemiya dövrü üçün müəyyən pis və yaxşı gözləntilər var, ancaq tərəzinin hansi tərəfinin ağır basacağı məlum deyil.
Bəzi fikirlərə görə, karantin müddəti bitdikdən sonra fond birjalarında indekslər yüksələcək, hətta bəzi yerlərdə böhran başlayandan bəri ilk dəfə olaraq öz maksimumuna çatacaq.
Ancaq bir çox böyük şirkətlər ciddi problemlərlə üzləşəcək. Onların ticarət zənciri qırılıb, hətta qiyməti aşağı düşən aktivlərini belə alan çətin ki, tapılsın. Dünyanın ən böyük maliyyə bazarı ABŞ-dadır. Zamanında ən böyük tələb məhz bu böyük bazarın iştirakçıları olan “Facebook”, “Apple”, “Amazon”, “Netflix” və “Google"un aktivlərinə olub. Məhz buna görə "Nasdaq" texnologiya şirkəti ilin əvvəlindən bəri müsbət xəttə çıxa bilib. Baxmayaraq ki, məsələn, sənaye şirkəti olan “Dow Jones” hələ də 10-15 faiz mənfidədir.
Digər sahələrlə bağlı da nikbin danışmağa əsas yoxdur. Aviaşirkətlərin səhmləri məlum səbəbdən minimum həddindədir. Banklar böyük təzyiq altındadır. Əksər şirkətlərin səhmlərinə heç bir maraq və tələbat yoxdur. Başqa sözlə, fond birjasının bərpası uzun müddət illuziya olaraq qalacaq. Ən azından. ABŞ üçün belədir.
Bank sektorunda vəziyyət qeyri-müəyyəndir. “Bank of America” kreditlər üzrə defoltunu artıq elan edib. “Moody’s” bildirir ki, artıq 311 şirkətin nəticəsi "zibil" səviyyəsinə düşüb. 2009-cu ildə bu rəqəm 291 olmuşdu. Gələcəkdə reytinqin daha da düşəcəyi gözlənilir. Bunun ardınca isə defolt gələcə, belə ssenari də tamamilə mümkündür. Hətta əfsanəvi investor Uorren Baffet də bildirib k, bu böhrandan ciddi itki olmadan çıxa bilməyəcək. Onun "Berskhire Hathaway" şirkətinin portfeli 50 faiz dəyər itirib. Baffet özü isə investorlar qarşısında çıxışı zamanı bildirib ki, hadisələrin sonrakı inkişafı barədə heç bir məlumata malik deyil. Əslində bunu indi heç kəs bilmir.

ABŞ-da mayın ilk həftəsində əldə edilən nəticələrə görə, əmək bazarında da durum bərbaddır. Bunu hətta indiyə qədər əmək bazarındakı ən pis nəticə adlandırırlar. 22 milyon insan işsiz qalıb. Rəsmi işsizlik səviyyəsi isə 16 faiz olaraq göstərilir. Ancaq bu rəqəmin 20 faizə yüksəlməsi də istisna deyil.
Çətin ki, bu insanlar qısa müddətdə özlərinə iş tapsınlar. Digər tərəfdən, ABŞ hakimiyyəti iqtisadiyyata böhranı dəf etməyə yetərli olacaq qədər vəsait yatırıb. Ancaq bu zaman başqa problem ortaya çıxacaq. Borcun həcmi və büdcə defisiti artacaq. Bu problemi necə həll olunacağını kimsə hələlik bilmir.
Neftin dünya bazarındakı son qiymət oynamalarını da bura əlavə etsək, başda Rusiya, Səudiyyə Ərəbistanı, İran olmaqla böyük neft hasilatçılarını gözləyən aqibətin heç də xoş olmayacağını söyləmək mümkündür. Mütəxəssislər bunu məhz belə dəyərləndirir. Qeyri-müəyyənliyin olduğunu deyirlər.
Karantindən çıxan Çin, Cənubi Koreya kimi ölkələrin təcrübəsi göstərir ki, insanların istehlak davranışı kəskin dəyişib. Onlar artıq restorana getmək, ticarət mərkəzlərini gəzmək istəmirlər. İnternet və elektron ticarəti bura əlavə etsək, dünyanın mənzərəsinin necə dəyişəcəyini təxmin etmək olar. /Cebhe.info/
Oxşar xəbərlər