Natiq Cəfərli: “2020 turizm üçün itirilmiş il olacaq”

  • 09 may 2020, 10:00
Koronavirusun dünya iqtisadiyyatının bir çox sahələrinə mənfi təsir göstərdi ki, bu təsirlər hələ də müşahidə olunur. Mütəxəssislər isə bu prosesin davamlı olacağını proqnozlaşdırırlar.
Beynəlxalq agentliklərin açıqlamalarına görə, epidemiya  avtomobil istehsalından tutmuş, turizmə qədər müxtəlif sahələrə təsir edib. Xüsusən də dünya iqtisadiyyatında ən böyük paya malik Çin iqtisadiyyatında təchizat sahəsindəki şirkətlər fəaliyyətini dayandırmaq məcburiyyətində qaldı. Hətta bunlardan “Airbus”, “Toyota”, “General Motors”, “Honda” və “Volkswagen” şirkətlərinin adını çəkmək etmək olar.
Pandemiyadan ən çox zərər çəkən sahələrin içində turizm də əsas yer tutur. Həmçinin lüks geyim sənayesi dünyada böyük böhranla üzləşdi. Hazırda insanların qeyri-ərzaq məhsullarına tələbi kəskin azalıb. Azərbaycanda isə koronavrusun mənfi təsirləri böyük sektoru və 20 fəaliyyət sahəsini əhatə etdi. Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov açıqladı. Onun sözlərinə görə, ictimai-iaşə, xidmət sektoru, turizmlə bağlı sahə, ümumilikdə 11 istiqamət pandemiyadan 100 faiz təsirlənib. Bu böhran həmin müəssisələrdə muzdlu olaraq fəaliyyət göstərən hər bir işçini əhatə edəcək. Bu səbəbdən hökumət işçilərin əməkhaqlarının tam və ya qismən ödənilməsi üçün sözügedən sahələrdə çalışan sahibkarlara maliyyə yardımı edib.
Bəs, görəsən, pandemiyadan zərər çəkən sahələrdə nə zaman normal vəziyyət bərpa oluna bilər? Böhranın nəticəsi olaraq hansısa iqtisadi sektor sıradan çıxa bilərmi?
“Yeni Müsavat”a açıqlamasında bu sualları cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli dedi ki, turizm sahəsi və onunla bağlı sahələr, demək olar, sıradan çıxıb: “Hətta karantin dövründən sonra da, pandemiya başa çatsa belə, bu il turizm üçün itirilmiş il olacaq. İnsanların davranış qaydaları dəyişəcək və səyahət ehtiyacları fərqli olacaq. İdeyalardan biri ondan ibarətdir ki, yay aylarında daxili turizmi inkişaf etdirmək olar. Ancaq bu o qədər də inandırıcı görünmür. Çünki daxildə turizm imkanları və insanların daxili turizmə münasibəti tamamilə fərqlidir. Ona görə də bu il həm dünyada , həm də Azərbaycanda turizm üçün itirilmiş il kimi yadda qalacaq.
Ancaq bu, turizmlə əlaqədar olan bütün sahələrə aid deyil. Bir neçə sahə var ki, birbaşa turizmdən qidalanır və onun yan sahələri sayılır. Logistika, sərnişin daşıma, ictimai-iaşə obyektləri , otelçilik kimi sahələrə zaman-zaman ziyan dəydiyini görəcəyik. Bundan başqa, xidmət sektoruna ciddi ziyan dəyib. Kafelərin, restoranların, çay evlərinin bağlı olması bu sahədə çalışanların da işsiz qalması ilə nəticələnib. Tikinti sektorundan sonra, işçi tutumuna görə, xidmət sektoru ikinci yerdə qərar tutur. Rəsmi işçilərin sayına görə, təmir-tikinti sektoru öndə görünür, ancaq qeyri-rəsmi çalışanları da saysaq, bəlkə də xidmət sektoru, kafe və restoranlar daha öndədir. Bu obyektlərin gəlirlərində azalmalar var. Bundan sonra da azalmaların olacağı gözləniləndir, ilin sonuna kimi onların gəlirlərində elə ciddi bir artım olmayacaq.
Həmçinin idxalla məşğul olan və ölkəyə qeyri-ərzaq məhsulları gətirən, onun satışından pul qazanan şirkətlərin, fiziki və hüquqi şəxslərin davranışlarında da problemlər olacaq. İnsanlar artıq qeyri-ərzaq məhsullarına üçüncü, dördüncü dərəcəli ehtiyaclar kimi baxırlar. Əllərindəki nağd vəsaitin qeyri-ərzaq məhsullarına, geyimə, zinət əşyalarına xərcləməyə çəkinirlər. o baxımdan qeyd olunan sahələrə də böhranın təsirsiz ötüşməyəcəyi dəqiqdir".
N.Cəfərlinin sözlərinə görə, bunların əksinə olaraq bir çox sahələr böhrandan yararlana bildi: “Onlayn xidmətlər sahəsində artımlar var. Azərbaycanda da bu artım görünür. Onlayn xidmət göstərən, sifarişlər qəbul edən, onlayn satış həyata keçirən şirkətlərin fəaliyyətində artım var. Bu sahələr pandemiya dövrünə tez uyğunlaşdılar. Onların keçmiş təcrübəsi və müştəriləri var idi deyə, tez uyğunlaşdılar. Azərbaycanda bu sahədəki vəziyyəti dəqiq statistika ilə açıqlamırlar, ancaq artım var. Rusiyada rəsmi açıqlama verildi ki, onlayn sifariş sahəsi  4 dəfədən çox artıb. Bu da böyük artımdır. Onlayn sifarişlər sahəsində çalışan şirkətlər bu dövrdə gəlirlərini artıra bildilər”.
“Yeni Müsavat”
Oxşar xəbərlər