Koronavirus Azərbaycana nə qədər zərər vurur – ekspert təhlili

  • 27 apr 2020, 21:24

“Belə bir hesablama aparmaq çox çətindir, çünki”...

Koronavirus pandemiyası Azərbaycan iqtisadiyyatına böyük məbləğdə ziyan vurur. Bu barədə jurnalistlərin suallarını cavablandıran iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, dəyən zərəri tam dəqiq hesablamaq çətindir: “Gündəlik itkilərin məbləği 120-150 milyon manatdır".
İqtisadçı-ekspert Rəşad Həsənov bildirir ki, indki şəraitdə Azərbaycanın real itkilərini hesablamaq çox çətindir: “Azərbaycan iqtisadiyyatına dəyən zərərin hesablanması indiki şərtlər daxilində kifayət qədər mürəkkəbdir. Çünki burada fundamental problemlər də var. Statistika yumşaq desək, mötəbər deyil, iqtisadiyyatın əhəmiyyətli bir hissəsi kölgədədir və sair. Bundan əlavə, iqtisadiyyatın indiki vəziyyətini qiymətləndirəcək vətəndaş cəmiyyəti təşkilatları da mövcud deyil. Digər tərəfdən, ölkədə faktiki olaraq qiymətləndirməni həyata keçirmək üçün ciddi bir institutsional baza da yoxdur”.
Rəşad Həsənov: “Ciddi daxili islahatlara gediləcəyinə ümid edirəm”
Ekspertin fikrincə,iqtisadiyyata dəyən zərər dedikdə, hansı aspektdən yanaşıldığı aydın bilinməlidir: “Məsələn, biz xırda bir hesablama apardıq – Ümumi Daxili Məhsula dəyən zərər baxımından. Turizm sektoru üçün yaranmış məhdudiyyətlərdən qaynaqlanan zərər ÜDM-də gündəlik olaraq 5,2 milyon manat ətrafındadır. Yaxud istehsal gücünün zəifləməsindən qaynaqlanan gündəlik zərər ÜDM-də 29,4 milyon manat ətrafında ola bilər. Bu, mövcud rəsmi məlumat bazaları əsasında hesablanıb, ona görə də müəyyən yayınmalar ola bilər. Başqa bir sahədə - daşınmaz əmlak bazarında dəyən gündəlik zərər ÜDM-də 3,5 milyon manat, istirahət, əyləncə, incəsənət tədbirlərinin təxirə salınmasından gündəlik 2 milyon manat zərər var. Təxmini yayınmalar da nəzərə alınmaqla, ÜDM-də gündəlik ümumi zərər 80-110 milyon manat ətrafında qiymətləndirilir.
Təbii ki, neft sektoru burada kifayət qədər əhəmiyyətlidir. Bu sektordan gündəlik olaraq iqtisadiyyata 27-28 milyon dollar dəyərində vəsait daxil olmalı idi. Cari qiymətlərlə bu vəsait 8 milyon dollara qədər azalıb. Yəni gündəlik 25-30 milyon manat az vəsait daxil olur buradan. Pandemiya ilə mübarizə tədbirləri çərçivəsində iqtisadiyyata, biznesə və əhaliyə dəyən zərərin azaldılması məqsədilə müxtəlif mənbələr hesabına təxminən 1 milyard 350 milyon manat vəsait ayrılıb. Tədbirlərin iki aylıq olduğunu nəzərə alsaq, gündəlik 22-23 milyon manat da buradan dəyən zərərin üzərinə əlavə edə bilərik. Vergi güzəştlərindən dövlət büdcəsinə daxilolmalarda baş verəcək azalmaları da nəzərə almaq lazımdır. Digər tərəfdən, burada pandemiyanın yaratdığı məhdudiyyətlərdən çıxma, bərpa müddəti də mühüm rol oynayacaq. İkincisi isə hökumətin bu istiqamətdə ortaya qoyduğu mövqe, pandemiya dövründə əhalinin alıcılıq gücünün itirilməməsi üçün atılan addımlardan da çox şeylər asılı olacaq. Burada həmçinin insanların davranışları da mühüm əhəmiyyətə malikdir. Beynəlxalq səviyyədə də bu məsələ müzakirə olunur ki, insanların pandemiyadan əvvəlki davranış vərdişlərinə qayıtması çətin olacaq və uzun zaman tələb edəcək”.
R.Həsənovun sözlərinə görə, əgər may ayının sonlarından etibarən Azərbaycan iqtisadiyyatı normal vəziyyətinə qayıda bilərsə, ölkədən asılı olmayan sahələr istisna olmaqla (aviadaşımalar, xarici turizm və sair), qalan sahələrdə bərpa üçün ən azı 1-1,5 il vaxt lazım gələcək. 
Oxşar xəbərlər