"SOCAR"-la "PALMALİ"-nin ortaqlığı niyə pozulub? ŞOK DETALLAR

  • 25 apr 2020, 11:22
SOCAR-la "Palmali" arasında ortaqlıq olubmu, tərəfin biri bunu nədən danır? MƏNSİMOVDAN QOPARILAN GƏMİLƏR adbaad sadalanır. İsveçrədə bir binada ofis tutan SOCAR və Palmalini bir-birindən ayıran ilginc detallar var...
Sübut və faktlarla ortaya qoyulsada ki, SOCAR-la Palmali şirkətlər qrupunun əməkdaşlığı olub, ARDNŞ prezidenti Rövnəq Abdullayev və eləcə də onun dayısı oğlu Anar Alizadə bunu israrla inkar edirlər. Bu şəxslər iddia edirlər ki, onlar Palmalidəki bəzi səlahiyyətlilərlə saxtaklarlıq edərək Mübariz Mənsimovun və şirkətin külli miqdardar əmlakını ələ keçirməyiblər. Bu üzdən biz artıq bu ikinci yazıdır ki, faktlarla sübut edirik ki, SOCAR-la Palmali arasında əməkdaşlıq olub və SOCAR rəhbərliyi Palmalinin bəzi səlahiyyətlilərilə ortaq çalışaraq dəyəri on milyonlarla dollar olan əmlak ələ keçiriblər. İlkin olaraq gəlin belə bir suala cavab axtaraq:
Palmali və SOCAR arasında birgə müəssisə mövcud olub ya yox?
Öncə qeyd edək ki, Mübariz Mənsimovun saxlanılmasından sonra – 18 mart 2020-ci ildə SOCAR tərəfindən yayınlanan press-relizdə, SOCAR və Palmali şirkətləri arasında daha əvvəl kommersiya münasibətlərinin mövcud olduğu, bununla belə, tərəflərin heç vaxt birgə müəssisə qurmadığı qeyd olunub.
http://socar.az/…/ne…/news-archives/news-archives/2020/03/18
SOCAR prezidenti Rövnəq Abdullayev isə Türkiyənin MGTV internet kanalına açıqlamasında “Palmali” qrupu SOCAR qrupuna qarşı olan maliyyə öhdəliklərini yerinə yetirməkdən imtina etdiyinə görə, SOCAR-ın 2018-ci ildə “Palmali” qrupuna qarşı Londonda və Dubayda arbitraj məhkəməsi prosedurlarına başladığını, “Palmali” qrupunun SOCAR-a və dolayısı ilə Azərbaycan dövlətinə olan yüz milyonlarla borcunu qaytarmadığını bildirib.
https://report.az/ha…/turkiyenin-mgtv-kanalinda-resmi-movqe/
Bundan əlavə, “SOCAR Türkiyə” şirkətlər qrupunun baş direktoru Zaur Qəhrəmanov Türkiyənin “Anadolu” Agentliyinə müsahibəsində Mübariz Mənsimovun SOCAR ilə heç bir əlaqəsinin və ortaqlığının olmadığını, ancaq Mənsimovun SOCAR-a borcunun olduğunu qeyd edib.
MƏNSİMOVUN QƏHRƏMANOVA SƏRT CAVABI
Mübariz Mənsimovun vəkilləri vasitəsilə yayınlandığı məktubda Zaur Qəhrəmanova cavabı sərt olub: “SOCAR-ın Türkiyə üzrə rəhbəri Zaur Qəhrəmanov mənim haqqımda bəzi açıqlamalar verib, oxudum. Onu yaxşı bir insan kimi tanıyırdım. Mənim haqqımda “SOCAR-la heç bir ortaqlığı yoxdu” cümləsini güzgünün önünə keçib öz üzünə baxaraq söyləməsini istəyirəm. Sən kimin necə ortaq olduğunu çox yaxşı bilirsən. Sən nə tez böyüdün də böyük qardaşlarınla bir masaya əyləşib söz danışan oldun? Sən mənim gözümün önündə böyüdün övlad. Hər kəs kimin nə olduğunu çox yaxşı bilir. SOCAR-la bir zamanlar olan ortaqlığımızı inkar edən özünü inkar edər.”
Bütün bu açıqlamalar onu təsdiq edir ki, SOCAR ilə Palmali arasında birgə müəssisə mövcud olub.
SOCAR VƏ PALMALİ İSVEÇRƏDƏ EYNİ BİNADA YERLƏİB
Xatırladaq ki, Mübariz Mənsimov həbsxanadan yazdığı məktubda İsveçrə vətəndaşlığını almaqdan imtina edib Türkiyə vətəndaşlığını qəbul etdiyini bildirmişdi.
Ona görə də Palmali ilə SOCAR arasında birgə müəssisə axtarışımızı əsasən İsveçrə ticarət reyestrində apardıq. İsveçrə ticarət reyestrindən əldə etdiyimiz məlumata görə, 02.09.2008 tarixində İsveçrədə Palmali International SA şirkəti təsis edilib. Palmali International SA şirkətinin baş ofisi SOCAR Trading SA şirkəti ilə eyni ünvanda (rue de Villereuse 22, 1207 Genève) yerləşib.
Palmali International SA şirkətində 2008-2011-ci illərdə Emin Dəmirov, 2011-2018-ci illərdə Elşad Hacıyev baş direktor vəzifəsini icra edib. Qeyd edək ki, hər iki şəxs, eyni zamanda SOCAR Trading SA şirkətinin meneceri kimi fəaliyyət göstərib. Zaur Qəhrəmanov da 2008-2013-cü illərdə həmin ünvanda SOCAR Trading SA şirkətinin iqtisadi məsələlər üzrə vitse-prezidenti vəzifəsini icra edib.
“Global Witness” təşkilatının hesabatına görə, 12.12.2007 tarixində təsis edilən SOCAR Trading SA şirkətində, o cümlədən SOCAR Trading SA şirkətini təsis edən Supra Holding Limited şirkətində SOCAR 50%, SOCAR prezidenti Rövnəq Abdullayevin dayısı oğlu, Union Grand Energy şirkətinin təsisçisi Anar Əliyev 25%, Lukoil şirkətinin keçmiş vitse-prezidenti Valeri Qolovuşkin isə 25% paya malik olub. Daha sonra Anar Əliyev Valeri Qolovuşkindən aldığı səhmlər hesabına SOCAR Trading SA şirkətində payını 40%-ə yüksəldib. 2012-ci ildə ARDNŞ Anar Əliyevə və Valeri Qolovuşkinə, müvafiq olaraq, 103 milyon dollar və 30 milyon dollar ödəyərək SOCAR Trading SA şirkətinin tək səhmdarı olub.
SOCAR-ın 2015-ci ildə fəaliyyətinə dair illik hesabatında (səhifə 47) qeyd olunan məlumata görə,
Palmali və SOCAR arasında xam neft və neft məhsullarının daşınması haqqında 20 Mart 2008-ci ildə imzalanan müqavilə əsas alınaraq, 5 oktyabr 2009-cu ildə Palmali International Holding Limited və SOCAR arasında LIBOR + 4.5 faizlə 120 milyon dollar dəyərində kredit müqaviləsi bağlanılıb. Kredit müqaviləsi çərçivəsində İsveçrədə qurulan Palmali International SA şirkəti tərəfindən buraxılan 514 səhmin 340-ı SOCAR-dan alınan kreditə təminat kimi göstərilib və SOCAR-ın nəzarətinə keçib. Palmali International SA şirkəti üçün 14 tankerin alınmasına sərf olunan bu kreditin 12 il ərzində geri qaytarılması nəzərdə tutulub. Qeyd olunan hesabata görə, 2015-ci ilin sonu etibarilə Palmali qrupunun SOCAR-a kredit öhdəliyi 122 milyon AZN (78 milyon dollar) təşkil edib. Beləliklə, 2009-2015-ci illərdə Palmali şirkətlər qrupu tərəfindən 42 milyon dollar kredit öhdəliyi yerinə yetirilib.
Ancaq 2017-ci ildə Mübariz Mənsimov 14 gəmini və Palmali International SA şirkətinin bütün
səhmlərini SOCAR Trading SA şirkətinə buraxaraq ortaqlıqdan ayrılıb. Bu gəmilərdən bəzilərinin adları: Heydar Aliyev, Zarifa Aliyeva, Guneshli, Azerbaijan, Baku, Absheron, Shah Deniz.
SOCARLA PALMALİ NİYƏ AYRILIB?
Qeyd edək ki, Mübariz Mənsimov əvvəllər də mətbuata SOCAR ilə ortaq şirkət qurduğuna dair açıqlamalar vermişdi. “Bizim SOCAR-la ortaq şirkətimiz var idi, burada pay nisbəti 35/65 idi. İki il öncə həmin şirkətdən ayrılma qərarı aldıq. İki tərəfli anlaşma əldə olundu, həmin şirkətdən ayrıldığıma görə 14 tankeri SOCAR-a buraxdım. Ayrılma qərarını özüm aldım”. Bu sözləri 2018-ci ildə “Qafqazinfo”-ya müsahibəsində Mübariz Mənsimov deyib.
Mübariz Mənsimov BBC-yə açıqlamasında ortaqlıqdan ayrılmasına səbəb olaraq bildirib ki, SOCAR rəhbərliyi ortaqlıq sənədini hər dəfə ailə üzvlərinin, tanışlarının adına dəyişdirib. Bundan narahat olan Palmali şirkətlər qrupu ortaqlıqdan imtina edib.
SOCAR isə BBC Azərbaycancanın sorğusuna cavab olaraq bildirib ki, sözügedən 14 gəmi SOCAR tərəfindən razılaşma əsasında satın alınıb. “SOCAR və Palmali Qrup arasında heç bir zaman birgə müəssisə (ortaq şirkət) mövcud olmayıb”, şirkət rəsmisi bildirib. Bundan əlavə şirkət rəsmisi qeyd edib ki, Palmali şirkətinin SOCAR-a külli miqdarda borcu var.
M.Mənsimov SOCAR-a hər hansı borcunun olmadığını deyib: “Mənim SOCAR-a nə borcum olacaq? SOCAR-ın bu 14 gəmini alanda verdiyi kredit var idi. Gəmilər kimdədir? Şirkət kimdədir? Nə borc? Tam tərsinə, mənim oradakı pullarım qaytarılmayıb. Palmali şirkəti Azərbaycan Dövlət Neft Şirkətiylə ortaqlıqlarından ziyan çəkib.”
MƏNSİMOV ABDULLAYEVƏ: BƏSDİRİN DÖVLƏTDƏN OĞURLADINIZ!
Xatırladaq ki, M.Mənsimov keçən il sosial media hesabından yayınladığı açıqlamada Rövnəq Abdullayevin dayıs oğlu Anar Əliyevi (2014-cü ildən sonra soyadını “Əlizadə” olaraq dəyişdirib) və SOCAR-ın Marketinq və İqtisadi Əməliyyat İdarəsinin rəisi Adnan Əhmədzadəni xalqın sərvətini mənimsəməkdə ittiham edərək SOCAR ilə ortaqlıqdan ayrılmasına belə aydınlıq gətirmişdi:
– “Bəsdir dövlətdən oğurlayıb, xalqın cibinə girdiniz! Bir vaxtlar ortaq olduğum, oğru olduğunuzu gördükdən sonra ortaqlıqdan çıxdığım “SOCAR Trading”dəki oyunlarınızdan yazsam, bu dünyada özünüzə yer tapa bilməzsiz. Vaxtilə qapımda gözləyən Anar Əliyev indi lovğanaraq deyir ki, “SOCAR Trading”i elə qurdum, belə qurdum. Mənim əlaqələrim olmasaydı, yerinizdən tərpənə bilməzdiniz. Dövlətin etimadından sui-istifadə edib, xalqımın sərvəti ilə özünüzə səltənət qurmusunuz. Elə həmin Adnan Əhmədzadə, bütün dünya sizin sərvətlərinizdən danışır. Maşın, şirkət, mülklərinizdən. Son 4 ildən bəri “Palmali”ni məhv etməyə çalışırsız. Alınmayacaq!” /mənbə: "TİMETV"/
Oxşar xəbərlər