Sahibkarlara hansı vergi güzəştləri ediləcək? – Detallar

  • 24 apr 2020, 01:44
“Pandemiya dövründə sahibkarlıq subyektlərinə dəstək tədbirləri ilə yanaşı, vergi güzəştləri və tətillərin verilməsi qərarlaşdırılıb. Vergi güzəştlərinin veriləcəyi sahələr isə sərnişindaşıma və ictimai iaşə fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektləri, bütün növ istirahət, əyləncə, konsert, teatr, kinoteatr, bütün növ tədris, hazırlıq kursları, psixoloji və uşaq inkişaf mərkəzləri, mehmanxana və mehmanxana tipli obyektlər və digərləridir”.
Bu barədə AzTV-nin “Hədəf” verilişinin qonağı olan Vergilər Nazirliyinin Vergi siyasəti Baş İdarəsinin rəisi Samirə Musayeva məlumat verib.
Bildirib ki, sözügedən güzəştlər 1 illikdir. “Nazirlər Kabineti (NK) yanında Operativ Qərargah operativ şəkildə vəziyyəti idarə edərkən hər hansı bir sahənin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edəcəyi halda, nəzərdə tutulan təşviqlərdən NK-nın qərarı ilə fəaliyyəti məhdudlaşdırılmış istənilən sahə istifadə edə biləcək”, – deyə vurğulayan S.Musayeva təşviq tədbirlərini açıqlayıb:
“2020-ci il üzrə əmlak və torpaq vergilərindən tam azad olma verilir. Mənfəət vergisi ilə bağlı 75 faizlik güzəşt nəzərdə tutulur. Bu güzəştlə yanaşı, sahibkarlıq subyektlərinə ötən ilin nəticələrinə görə hesablanmış mənfəət vergisinin ödənilmə müddətinin sentyabra kimi təxirə salınması (martın 31-nə kimi ödəniş edilməli idi) , bu il ərzində mənfəət vergisi ödəyicilərinin cari vergilərin ödənilməsi ilə bağlı öhdəliyinin aradan qaldırılması, həmin sahibkarlıq subyektlərinin vergilər, sosial sığorta üzrə bu günə nə borcu varsa, həmin borclar üzrə faizlərin hesablanmasının 1 yanvar 2021-ci ilə qədər dondurulması kimi mühüm təkliflər var”.

Vergi siyasəti Baş İdarəsinin rəisinin sözlərinə görə, mikrosahibkarlıq subyektləri bu təşviq paketində xüsusi kateqoriya kimi ayrılıb: “Onların vergi yükünün 50 faiz azaldılması, 1-ci və 2-ci rüb üzrə artıq hesablanmış, aşağı dərəcə ilə hesablanmalı olan sadələşdirilmiş vergi üzrə həm hesabatın verilməsi, həm vergilərin ödənilməsi müddətinin sentyabrın 1-dək təxirə salınması, pandemiyadan zərər çəkmiş bütün sahibkarlıq subyektlərinin, hətta yalnız pandemiyadan zərər çəkənlərin deyil, bütün sahibkarlıq subyektlərinin bu dövrdə dezinfeksiya, hər hansı profilaktik tədbirlərin görülməsi ilə bağlı çəkdiyi xərclərin məhdudiyyət qoyulmadan gəlirdən çıxılması nəzərdə tutulur”.
Samirə Musayeva qeyd edib ki, qanunda sosial xarakterli istiqamət isə xüsusilə zəruri olan tibbi və ərzaq məhsullarının ölkəyə idxalının əlavə dəyər vergisindən (ƏDV) azad olunmasını müəyyən edən normalardır.
“İctimai iaşə obyektlərində fəaliyyət göstərən sahibkarlıq subyektləri, ola bilsin ki, müəyyən məhsullar almışdılar, fəaliyyətləri dayandırıldı, məhsullar qalıb xarab oldu. Bu gün əgər vergi qanunvericiliyində bu növ məhsulların ƏDV ödənilməklə alındığı və əvəzləşdirilmə aparıldığı halda xarab olması vergiyə cəlb olunan əməliyyat idisə, sahibkarlıq subyektlərinin bu dövrdə xarab olan bütün məhsullara görə əvəzləşdirdiyi ƏDV qüvvədə qalır, heç bir əlavə hesablama aparılmır.
Yaxud daşıma sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin sadələşdirilmiş vergisi 50 faiz aşağı salınır, amma sual yaranırdı ki, bəs ilin əvvəlindən bir illik müddətinə fərqlənmə nişanlarının məbləğini ödəyən sahibkarlar necə olacaq?
Qanun layihəsində fəaliyyətin dayandırıldığı müddət müddət axınına daxil edilmir, əvvəlki dövrdə ödənilmiş vergi azaldılmış dərəcə ilə yenidən haqq-hesab edilir, növbəti dövrlərin vergi öhdəliyi ilə əvəzləşdirilir”.
Qurum rəsmisi bildirib ki, sahibkarlıq subyektlərinə sosial sığorta ilə bağlı güzəştlərin verilməsi nəzərdə tutulur: “1 yanvar 2021-ci il tarixə qədər qeyri-muzdlu sahədə çalışan sahibkarlıq subyektlərinin sosial sığorta yükü əhəmiyyətli dərəcədə aşağı salınır. Misal üçün, tikinti sahəsində, ticarət sektorunda sosial sığorta yükü minimum əməkhaqqının 50 faizindən 25 faizə salınır, digər sahələrdə minimum əmək haqqının 25 faizindən 15 faizə salınır”.
Oxşar xəbərlər