“Forbes”in milyarderləri: 15,2 milyarda sahib olan 5-ci varlı azərbaycanlıdır

  • 11 apr 2020, 13:17

Vüqar Bayramov: “Ümid edirik ki, növbəti illərdə həmin qiymətləndirmələrdə daha çox azərbaycanlıları görə biləcəyik”

Bu günlərdə “Forbes” jurnalı dünyanın ən zəngin insanlarının illik reytinqini dərc edib. Rusiyalılar arasında top-20-də futbolla əlaqəsi olan bir neçə biznesmen, o cümlədən azərbaycanlı, 1950-ci ilin 1 sentyabrında Bakıda anadan olmuş “LUKoil” şirkətinin başçısı, “Spartak” futbol klubunun şəriki Vahid Ələkbərov da yer alıb.
V.Ələkbərov reytinq siyahısında 15,2 milyard ABŞ dolları ilə beşinci yerdə qərarlaşıb. “Report” xəbər verir ki, “Spartak” futbol klubunun sahibi Leonid Fedun reytinqdə 6,4 milyard ABŞ dolları ilə 20-ci yerdə qərarlaşıb. 2020-ci ilin martında “Spartak” futbolçuların maaşlarını 40% azaldıb. “Monako”nun sahibi Dmitri Rıbolovlev siyahıda 6,6 milyard ABŞ dolları ilə 17-ci yer tutub. “Anji”nin keçmiş sahibi Süleyman Kərimov (10 milyard ABŞ dolları) siyahıda 13-cü yerdə qərarlaşıb. Siyahıda London “Çelsi”sinin rəhbəri Roman Abramoviçin də adı var. O, 11,3 milyard ABŞ dolları ilə 10-cu yerdə qərarlaşıb.
Qeyd edək ki, ötən il “Forbes” jurnalının Rusiyadakı versiyası ölkənin 200 ən varlı biznesmeninin illik reytinq siyahısını dərc etmişdi. Onların arasında 5 Azərbaycan əsilli milyarderin də adı var. İki ildir ki, reytinq siyahısına “Novateka”nın sahibi Leonid Mixelson başçılıq edir. Ümumilikdə ötən il ərzində 200 varlı rusiyalı daha da zənginləşib. Jurnalistlərin hesablamalarına görə, reytinq iştirakçılarının sərvəti 100 milyard dollar artaraq 460 milyard dollar təşkil edib. Rusiyanın dollar milyarderlərinin sayı isə 77-dən 96-a yüksəlib.
Rusiyanın ilk onluğunda yerləşən Vahid Ələkbərovun sərvəti keçən ildən 5.6 milyard dollar artıb. O, “LUKoil” neft şirkətini 1991-ci ildə təsis edib və hazırda şirkətin prezidentidir. V. Ələkbərov təkcə 2016-cı ildə yatırımlarından 600 milyon dollar qazanıb - “Forbes” yazıb. Həmin materialda bildirilirdi ki, Araz Ağalarov sərvətini 500 milyon dollar artıraraq 1.7 milyard dollara çatdırıb. Ticarət tədbirlərinin təşkili ilə məşğul olan Crocus şirkətinin təsisatçısı Araz Ağalarov, daha sonra ABŞ prezidenti Donald Trampla sıx biznes əlaqələri qurub. 2013-cü ildə, o, o zaman Trampa məxsus Miss Universe gözəllik müsabiqəsinin Rusiyaya gəlməsini maliyyələşdirib, “Forbes” əlavə edib.
Əmlak inkişafı ilə məşğul olan və Moskvada bir neçə ticarət mərkəzinə sahib olan Qod Nişanovun sərvəti 100 milyon dollar azalaraq 3.1 milyard dollara çatıb. Qod Nişanovla birgə bizneslərindən gəlirləri bərabər paylaşan Zarax İliyevin sərvəti 100 milyon dollar azalaraq 3.1 milyard dollara çatıb.
Həmin materialda bildirilir ki, Fərhad Əhmədov karyerasına Londonda Rusiyadan gətirdiyi xəzləri sataraq başlayıb. Daha sonra enerji sənayesində “Nortgaz” şirkətinin sədri olub. 2012-ci ildə “Nortgaz” səhmlərini sataraq, o, Azərbaycanda nar şirəsi zavodu açmaq üçün 55 milyon dollar yatırıb. 2014-cü ildə rusiyalı milyarder Roman Abramoviçdən Luna yaxtasını alan Fərhad İsmayilovun sərvəti keçən ildən 100 milyon dollar azaralaraq 1,3 milyard dollara çatıb.
Azərbaycan əsilli milyarderlərin dünyaca məşhur olması qeyri-ixtiyari fəxarət hissi yaradır. Onların bəziləri Azərbaycana yatırım qoyduqlarına, yaxud çətin gündə Vətənə dəstək verdiklərinə görə də alqışa layiqdirlər. Elə bu günlərdə koronavirusa qarşı mübarizə məqsədilə yaradılan Fonda dəstək verənlər arasında da onların bəzilərini gördük.
Yeri gəlmişkən, media daha bir azərbaycanlının xeyirxah əməllərindən yazıb. Bildirilir ki, Sankt-Peterburqda yaşayan azərbaycanlı iş adamı Vaqif Məmişov dünyanı ağuşuna alan koronavirus pandemiyasından qorunmaq məqsədilə evdə qalan azərbaycanlı və rus şagirdlərə təhsillərini onlayn vasitəsilə davam etdirmək üçün kompüter, planşet alaraq bağışlayıb.
Deputat, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Musavat.com-a açıqlamasında bildirdi ki, dünyanın zəngin adamlarının içərisində azərbaycanlı milyarderlərin olması təbii olaraq sevindirici haldır: “Həmin azərbaycanlıların hansı ölkədə yaşamasından asılı olmayaraq, onlar etnik olaraq azərbaycanlıdırlar və nəticə etibarilə onların dünyanın zənginlər siyahısına daxil olması təbii ki, təqdirəlayiqdir. Sözügedən azərbaycanlıların və “LUKoyl”-un prezidentinin məhz bu siyahıya daxil olması heç də təəccüblü deyil. Vahid Ələkbərov Rusiyanın zəngin adamlarından və biznesmenlərindən biridir. O biznesmen olaraq kifayət qədər həm digər sektorlarda gəlir və uğur əldə edə bilib”.
V.Bayramovun fikrincə, sözsüz ki, bizim azərbaycanlı zənginlərin xüsusilə həssas məqamlarda Azərbaycana maliyyə və sosial baxımdan dəstək göstərmələri təqdirəlayiq olardı: “Hər bir sahibkarın belə bir dəstək nümayiş etdirməsi məqsədəuyğundur, təqdirəlayiqdir. Amma təbii ki, belə bir dəstək və yardımla bağlı hər bir sahibkar özü qərar verir. Çünki praktik olaraq onlar özəl sektorda çalışan adamlardır və bu istiqamətdə qərarları təbii ki, özləri verir. Amma bütün hallarda dünyada zəngin azərbaycanlıların sayının artması müsbət haldır və ümid edək ki, azərbaycanlı zəngin adamların sayının artması həm də Azərbaycana maliyyə və digər dəstək baxımından da əlverişli olacaq. Hələlik Rusiyadan kənarda yaşayan azərbaycanlıların sayı o qədər də çox deyil. Daha çox Rusiyada zəngin azərbaycanlılar yaşayır. Ümid edək ki, növbəti illərdə həmin qiymətləndirmələrdə daha çox azərbacanlıları görməyə nail olacağıq”.
E.Paşasoy,
Musavat.com
Oxşar xəbərlər