"İşsiz axtaran nazir tərxi-libas olub ölkəni gəzər, saytda məzələnməz!" - QABAQKƏSDİ KONSEPSİYASI" nöqtəsini qoydu

  • 09 apr 2020, 10:41
Xalqa dövlət büdcəsindən uzanıb çatmayan 190 manatlıq yardım uğrunda mücadilə və Sahil Babayevin timsalında "QABAQKƏSDİ KONSEPSİYASI" davam etdirilir. Bəlkə də nöqtəyə varıb.
Azərbaycanda koronavirusla əlaqədar tətbiq edilən ciddi karantin rejiminin nəticələri və qaçılmaz iqtisadi tənəzzüllə bağlı hökumətin elan etdiyi yardım proqramından vətəndaşlarımızın ədalətli şəkildə yararlana biləcəyi ehtimalları suya düşürülüb və haqlı mübahisələr doğurur. 
Nazirlər Kabinetinin təsdiqlədiyi birdəfəlik (2 ay hər ay 190 manat olmaq şərti ilə) ödəmənin verilməsi şərtləri gözlənilməz anda, o qədər qəliz və çərçivəlidir ki, sözün artıq bitdiyi yerdir. 
İki gündür ki, açıqlamaları ilə gündəmdən düşməyən nazir Sahil Babayev bu "yardım"ı paylamamaq üçün xeyli əziyyətlərə qatlaşır. Nazir canfəşanlıqla ölkədəki "işsizlər ordusu"nu axtardığını bildirir, lakin müxtəlif bəhanələrlə qeydiyyatda olanlardan başqa kimlərisə şanslılar cərgəsinə qoşmaq istəmir. Və bu da bir yana, aşağıdakı mücərrəd konsepsiyası ilə əhalinin böyük kəsimini 190 manatlıq maliyyə dəstəyindən istifadə hüququnu məhdudlaşdırır:
1. ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə;
2. əmək pensiyaçılarına;
3. aylıq müavinət alanlara;
4. aylıq təqaüd alanlara;
5. özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak
verilmiş şəxslərə;
6. işsizlikdən sığorta ödənişi alanlara;
7. peşə hazırlığına görə təqaüd alanlara;
8. 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə;
9. əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan)
və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara;
10. əri və ya arvadı ÜSY yaxud əmək pensiyası alan şəxslərə...
BİRDƏFƏLİK YARDIMIN ÖDƏNİLMƏYƏCƏYİ artıq netləşdirilib. Bundan əlavə, nazirlik icad edib ki, birdəfəlik ödəmə yalnız ailə üzvlərindən (ər və ya arvad) birinə ödənilir.
Görünən odur ki, bu cür təsnifatlarla birokratik əngəllər yaradan elit idarəedənlər əhaliyə pul verilməsin deyə gözbağlayıcılıq edir, aztəminatlı ailələri minimum dolanışıqdan belə uzaqlaşdırırlar.
Bir neçə qısa detalı yada salaq və narazılıq bildirək.
Ölkədə yaşayış minimumu 190 manatdır. Və hökumətimiz də işsizlərə məhz 190 manat konpensasiyanı verməyi nəzərdə tutur. Lakin, heç bir başbilən bir ailədə olan digər ailə üzvlərinin ehtiyyac meyarlarının ödənilməsində maraqlı və borclu kimi görünmür. Tam əksinə, Sahil Babayevkimiləri düşünür ki, birdəfəlik ödəmə yalnız ailə üzvlərindən (ər və ya arvad) birinə ödənilərsə yetərlidir. Möcüzəlidir.
İllərdir kommunal xərclərin ödənişinə belə yetməyən minimum əməkhaqqı ilə ailə başçılarını çarəsiz edənlərdən indi nə gözləyəsən? 
Nazirlər Kabinetindən kurasiya edilən "tormozlayıcı konsepsiya"da müqavilə ilə işləyən, torpaq sahəsi olanları da yaddan çıxarmırlar, yalnız mövsümi və günəmuzd işləyib qazanc əldə edənləri qəsdlə pulsuz qoyurlar.
Yalnız sahibkarlara dəyən zərərə görə vəsait ödəniləcəyini sevinə-sevinə bəyan edən Sahil Babayev hər bir sahibkar üçün zərərin necə hesablanması texnologiyasını və zərər proqnozunu gizlədir.
Əhalinin faktiki işsizlik əmsalını istəyinə uyğun yazan nazirlik məşğulluq idarələrində qeydiyyatda olanların müəyyən bir hissəsini də - "özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə" çevirərək yardımdan uzaqlaşdırır. Halbuki, evində cəhrə əyirən, bərbərlik edən, dərzilik və sair özünüməşğulluq yaradan şəxslərin də indiki məqamda ev şəraitində qazanc əldə etmədiklərini nazir özü də yaxşı bilir.
Yuxarıdakı məhdudlaşdırıcı və ayrıseçkilik formatında hazırlanmış gülünc planın digər detallarına varmaq istəmirəm. Və sadəcə bu siyahıya diqqət edən vətəndaşlara səslənirəm ki, belə şərtlər altında sizə 190 manatlıq yardım düşərmi, boş verin!
Söhbət "işsizlik" qeydiyyatına alınmadan və ədalətlilik prinsiplərindən getdiyi halda, Sahil Babayevin və baş nazir Əli Əsədovun birbaşa özündən soruşmaq lazımdır: "Məgər, Azərbaycanda mövcud qanuna əsasən, işsiz deyilən şəxs – işi və qazancı olmayan, işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxs deyildirmi?"
Elədirsə, 190 manatı almayaq deyə, əngəlləyici maddələrlə mövcud qanuna qarşı niyə çıxılmalıdır? Məsələn, həyat yoldaşının VÖEN-i varsa, peşə hazırlığına və ya nəyəsə görə təqaüd almısansa, bir-iki sot torpağın varsa artıq vətəndaş işsiz deyilsə, bir müddət sonra onların işsizə çevrilməsinin qarşısını kim necə alacaq? Hərçənd, elə bu kateqoriyaya uyanlar indidən işsiz adlandırıla bilərlər. Ümumiyyətlə, bu təlimatda boşluqlar və uyğunsuzluqlar var. 
Ötən gün qeyd etmişdim, yenə bildirirəm ki, Sahil əfəndinin quraşdırıb kilidlədiyi "www.e-sosial.az" və "e-gov.az" portalı da spekulyasiya xarakterli alətə oxşayır. Orada qeydiyyat şərtləri də qəlizləşdirilməklə xeyli əlçatan deyil. Hər bir vətəndaşın kimliyini müəyyən edib işsizlik statistikasını qoruyub saxlayan nazirlik bu portalda hər bir vətəndaşın adına telefon nömrəsinin məcburiliyini irəli sürürsə, kimliyinin vaxtı keçmişləri də ümumiyyətlə sistemə yaxın buraxmırsa acı reallıq çılpaqlığıyla ortadadır. 
Sahil Babayev əslində tərxi-libas olub ölkəmizin ucqar kəndlərinə, vətəndaşları işsizlik ucbatından Rusiyaya və digər xarici ölkələrə qaçıb gedən bir ölkənin rayonlarına baş çəkib vəziyyəti yerində araşdırsaydı, daha vicdanlı qərara imza atardı. Daha o portalının varlığını belə anlamayan, adına telefon nömrəsi olmayan minlərlə vətəndaşın olduğunu dərk etməyə çalışardı. Belə hallar üçün kəmfürsət olmazdı. Yuxarıdakı şərtlər bir işsizin belə qarnını doyduracaq halda deyil... 
Əslində, koronavirus təhlükəli deyil, in-şə-allah tezliklə ötüb gedəcək. Millət bu durumu da atladar, bir təhər dolanar. Amma bu ədalətsiz yanaşma xalqa qarşı növbəti birokratik olay kimi yadda qaldı... 
Osman Nərimanoğlu
Demokratik.Az  
Oxşar xəbərlər