Vahid Ələkbərov: “Neftin qiyməti hamını qane edir”

  • 03 dek 2019, 21:47

Dünya bazarlarında neftin bir bareli üçün 63-64 ABŞ dolları olan qiymət həm istehsalçıları, həm də istehlakçıları qane edir.

"APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu "Lukoil” şirkətinin rəhbəri Vahid Ələkbərov deyib.

Onun sözlərinə görə, hazırda neft bazarı sabitdir və 63-64 dollar səviyyəsində olan qiymət hamını qane edir. Bunun fonunda, həm də qış mövsümü ərəfəsində, xüsusilə Rusiyada OPEC+ razılaşması çərçivəsində neft hasilatının bir qədər də azaldılmasına ehtiyac yoxdur.

Buna baxmayaraq, V. Ələkbərov onu da qeyd edib ki, OPEC+ çərçivəsində neft hasilatının azaldılmasına dair əldə olunan razılaşma həm istehsalçılara, həm də neft istehlakçılarına böyük fayda gətirib. Bu razılaşma neft bazarını sabitləşdirməyə imkan yaradıb.

Qeyd edək ki, alyans ölkələri, sazişin taleyinin müzakirə ediləcəyi dekabr görüşlərinə, dekabrın 5-də OPEC + Nazirlər Monitorinq Komitəsinin iclasından başlayacaq, daha sonra OPEC Konfransı ümumi iclası ilə davam edəcəklər və dekabrın 6-da bütün OPEC+ üzv ölkələr bir araya gələcəklər.

Xatırladaq ki, OPEC, Rusiya və OPEC+ ölkələri bazarda vəziyyəti tənzimləmə məqsədi ilə 1 yanvar tarixindən 6 ay müddətinə gündəlik hasilatın 1,2 mln. barel (800 min barel OPEC ölkələri, 400 min barel qeyri-OPEC olkələri üzrə) azaldılması barədə razılaşıb. Razılaşmanın vaxtı iyunun 30-da bitib. Nəticədə bu gun Vyanada ”OPEC plus” nazirlərinin 6-cı görüşündə əvvəlcə OPEC və qeyri-OPEC ölkələri arasında uzunmüddətli əməkdaşlığa dair Xartiya qəbul olunub. Daha sonra isə neft hasilatının azaldılmasına dair razılaşmanın müddətinin daha 9 ay uzadılması ilə bağlı razılıq əldə edilib. "Əməkdaşlıq Xartiyası"na, eləcə də OPEC və qeyri-OPEC ölkələrinin 2020-ci ilin birinci rübünün sonunadək qüvvədə olacaq qərarına Azərbaycan da qoşulub.

Oxşar xəbərlər