Bölgələrdə quraqlıq kənd təsərrüfatı sektorunu təhdid edir...

  • 31 okt 2019, 08:21

Nicat Nəsirli: "Fermerlərə məsləhət görürük ki, xüsusən aran rayonlarında taxıl əkinlərini bir qədər gecikdirsinlər”

Payız fəslini yaşadığımız bu günlərdək nə Bakıda,  nə bölgələrdə yağıntının olmaması, havanın quraqlıq keçməsi insanları, xüsusən aqrar sektorda çalışanları narahat edir. Çünki torpaqda yetərli rütubətin olmaması suvarma sistemi olmayan  torpaqlarda əkinçiliyin taleyini sual altına qoyur. Bəs görəsən, quraqlığın səbəbi nədir və ən çox kənd təsərrüfatının hansı sahələrinə ziyan vurur:

Mövzu ilə bağlı "Yeni Müsavat”a danışan kənd təsərrüfatı sektoru üzrə ekspert Nicat Nəsirli bildirdi ki, hazırki hava şəraiti pambıqçılıq üçün əlverişlidir: "Bizdə mövsüm elədir ki, yağıntılar noyabr ayının ikinci ongünlüyündə başlayır. Düzdür, mövsümə görə biz anomal istilik müşahidə edirik. Adətən bu mövsümdə, oktyabr ayının sonu və noyabr ayının əvvəli artıq sərinlik və yanğıntılar başlayırdı. Bu hava durumu kənd təsərrüfatının indiki mərhələsində müəyyən risklər yaradır. Ancaq ilk olaraq onu qeyd edim ki, pambıqçılıq üçün əlverişli vəziyyətdir. Bu il 100 min hektardan çox pambıq əkilib və onun çox hissəsi tez yetişən sortlardır. Bu sortlarda yığım mərhələsi başa çatıb. İki həftədən sonra isə gec yetişən pambıq sahələrində yığım başlayacaq. Bu baxımdan hava şəraiti əlverişlidir”.

N.Nəslirinin sözlərinə görə, əsasən əkinçilik baxımından və daha dəqiq desək, taxıl məhsullarının əkini baxımından əlverişsiz havadır: "Temperatur çox yüksəkdir, hətta bir çox rayonlarda səpin aparılan yerlərdə taxılda optimal vaxt üçün lazım olmayan vegetativ inkişaf baş verir, yaşıl kütlə çox sürətlə inkişaf edir. Ona görə də biz fermerlərə məsləhət görürük ki, xüsusən aran rayonlarında taxıl əkinlərini bir qədər gecikdirsinlər, noyabr ayının birinci və ya  ikinci ongünlüyündə aparmalıdırlar ki, bitkinin vegetativ  inkişafı mövsümə uyğun olsun. Əsas risk əkinçilik sahəsində yaranıb. Pambıqçılıq sahəsi üçün əlverişli mühitdir. Meyvəçilikdə də artıq mövsüm başa çatıb. Bütün məhsullar bağlardan yığılıb, bəzi məhsullar nar, xurma kimi meyvələrin yığımı gedir. Bu mövsüm onlar üçün ciddi bir risk yaratmır. Çünki ağaclarda artıq vegetasiya prosesi başa çatıb. Meyvə yetişmə dövrü bitib”.

Ümumilikdə iqlim şəraitini dəyərləndirən ekspert vurğuladı ki,  ildən-ilə quraqlığın miqyası artır: "Xüsusən də aran rayonlarında risklər yaranır. Biz bu riski gələnilki məhsulda hiss edəcəyik. Artıq indiki dövrdə müəyyən normada atmosfer çöküntüsü düşməli, torpaqda nəmlik yaranmalı idi. O resurs və ehtiyat hələ toplanmayıb. O baxımdan əsas risklər suvarma təminatı ilə bağlıdır. Meliorativ tədbirlər son dərəcə önəmlidir. Artıq təbiətdən imdad gözləmə dövrü deyil. Mütləq texnologiyalara sürətli keçid etməli, suya qənaət edən texnoloji avadanlıqlar təmin olunmalıdır. Yeni su resursları tapılmalı, onların düzgün idarəolunma sisteminə keçilməlidir. Hazırki hava taxıl əkini üçün risklidir. Çünki dən torpağa düşən kimi istinin təsiri ilə inkişafa başlayır, bunun ardınca kəskin şaxtalar gəldikdə bitkinin məhsuldarlığı o şaxtaların təsirindən 50 faiz aşağı düşəcək. Əkinçilik üçün risklidir, pambıqçılıq üçün əlverilşli havadır. Meyvəçilik üçün isə heç bir təsiri yoxdur”. 

Ekoloq Telman Zeynalov isə quraqlığın iqlim dəyişikliyinin nəticəsi olduğunu vurğuladı: "Bütün günahı karbon qazının üstünə atırlar. Azərbaycan da artıq buna qoşulub və bütün zavodlar bağlanıb, insanlar işsiz qalır. Karbon qazı heç zaman istilik effekti yaratmır. Karbon qazı olmasa, yer kürəsində canlılar yaşaya bilməz. İqlim dəyişikliyinin səbəbi meşələrin qırılmasıdır, yanmasıdır. Meqapolislərin böyüməsi, əhalinin sayının artması, geni dəyişdirilmiş məhsulların çürüməsi, ətraf mühiti çirkləndirməsi və sair məsələlərdir. Ancaq indi Bakıda hava isti deyil, 17 dərəcə temperatur var. Hazırkı dövr üçün normaldır. Moskvada qar yağır və həmin soyuq cənuba doğru gəlir. Məncə, biz istiləşmə yox, soyuqlaşma dövrünə, buzlaşma dövrünə gedirik. Bu hadisə hər 100 min ildən bir baş verir. Ya istiləşmə, ya da soyuma prosesi yaşanır. İqlim dəyişikliyinin səbəbi meqapolislərin böyüməsidir. Əgər müstəqilliyin ilk illərində Bakıda əhalinin sayı 1 milyon 200 min nəfər idisə, indi 4 milyondan artıqdır. Ona görə də şəhərlərdə temperatur artır. Bütün müstəqil dövlətlərdə eynidir. Şəhərlər inkişaf edir, rayonlar inkişafdan qalır”.

Oxşar xəbərlər